- Tribuna
- 7 Noyabr 12:55
- 17 358
Deputat: 8 noyabr Zəfəri məzlumiyyət və işğladan qurtulmaq istəyən bütün xalqlar üçün örnəkdir
Vətən müharibəsi Azərbaycana dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin noyabrın 7-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əgər birinci Qarabağ savaşı SSRİ-nin dağılmasının siqnalı olmuşdusa, Vətən müharibəsi qlobal layları tərpədərək, Azərbaycana taleyini başqalarının yox, ilk dəfə bizim dövlətə dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi:
“İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuz və çəkimiz artıb. Ona görə də yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik”.
“44 günlük müharibə xalqımızın Qurtuluş savaşı olduğu üçün Prezident İlham Əliyev təkcə Ermənistanı deyil, eləcə də çoxəsrlik tariximizin köçkünlük, qaçqınlıq, soyqırımı və matəm keçmişini də məğlub etdi. 8 noyabr Zəfəri yeni qalib yüz ilimizin başlanğıcı, Qələbə təqviminin birinci ilidir.
Xankəndi səlnaməsi onun nəticəsi və davamıdır. İlham Əliyevin liderliyi ilə qazanılan Qələbə bizi dünyada nümunəyə, simvola, yeni millətə çevirdi. Ən qısa vaxtda, ən az itki və ən yüksək nəticə əldə olunan bir savaş məzlumiyyət və işğladan qurtulmaq istəyən bütün xalqlar üçün örnəkdir”, - Z.Oruc əlavə edib.
O bildirib ki, düşmənin əli ilə beyinlərə qəsdən yeridilən, “bu xalqdan əsgər çıxmaz” dəyənlərin qarşısına sinəsində 70 min orden və medal daşıyan qüvvələr qoyduq:
“İlham Əliyevin Ali Baş Komandanlığı konstitusion normadan çox, müharibədə qazanılan tituldur. Bütün əvvəlki formasiya və quruluşlarda azadlıq, qalibiyyət istəyən liderlərin idealları çin olub. İndi qalib dövlət ən böyük ideologiyamızdır. Qələbəmizi qan yaddaşına çevirib gələcək nəsillərə ötürərək iyirmi ikinci əsrin bütöv Azərbaycanını millətimizə miras qoymalıyıq”.