- Tribuna
- 23 Noyabr 16:42
- 19 886
Səbinə Salmanova: Hazırda ən böyük məqsədlərdən biri Qərbi Azərbaycana qayıdışdır
Hazırda ən böyük məqsədlərdən biri Qərbi Azərbaycana qayıdışdır.
Bunu Milli Məclisdə yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova “Sumqayıtın inkişafında qərbi azərbaycanlıların rolu” mövzusunda keçirilən tədbirdə deyib.
"XX əsrin əvvəllərindən başlayaraq müxtəlif dövrlərdə soydaşlarımız Qərbi Azərbaycandan məcburi şəkildə deportasiya edilib, etnik təmizləmə siyasəti nəticəsində öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Deportasiya insanlıq əleyhinə cinayətdir. Ermənistan qərbi azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayət törədib", - o qeyd edib.
Deputat xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq tribunalarda bu tarixi ədalətsizliyə diqqət çəkib və qərbi azərbaycanlıların hüquqlarının bərpasını tələb edib:
"Dövlət başçısının bu məsələdəki qətiyyətli mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Prezidentin söylədiyi kimi, biz Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq. Ermənistan başa düşməlidir ki, Azərbaycanın ona qarşı hər hansı bir ərazi iddiası yoxdur. Biz, sadəcə, onlardan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışının təhlükəsiz və ləyaqətli şəkildə təmin olunmasını tələb edirik. Ermənistan hökuməti həmçinin dədə-baba torpaqlarına qayıdacaq azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa etməli, onların evlərini, icma torpaqlarını da qaytarmalıdır".
S.Salmanova vurğulayıb ki, qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıdışı tarixi zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq:
"Beynəlxalq hüquqa görə, hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bizim hər birimiz necə 30 il qarabağlı idik, indi də uşaqdan-böyüyə hər birimiz qərbi azərbaycanlıyıq. Biz xalq olaraq necə həmin zaman bir olduq, rəhbərimizin ətrafında sıx birləşərək onun dəmir yumruğuna güc qatdıq və tarixi torpaqlarımıza qovuşduq, bu gün də eyni iradəni ortaya qoymalıyıq".
"Hazırda ən böyük amalımızdan biri Qərbi Azərbaycana qayıdışdır. Hər birimiz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində tarixi torpağımız olan Qərbi Azərbaycana da qayıdacağımız günün uzaq olmadığından tam əminik", - Təşəbbüs Qrupunun üzvü söyləyib.