Sahib Alıyev: "Böyük qayıdış"ın qarşısıalınmaz bir proses olduğu hər kəsə aydındır"

“Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfrans gözlənildiyi kimi İrəvandakıları təşvişə salıb. Orada hakimiyyətə yaxın kütləvi informasiya vasitələri və teleqram kanalları bu konfransının önəmini azaltmağa çalışsalar da, digərləri prosesin nəyə doğru getdiyini tam da olmasa anladıqlarını göstərirlər.

AzNews.az xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev feysbuk səhifəsində qeyd edib.

O əlavə edib ki, əslində birincilər də bunun yaxşı fərqindədirlər, elə məhz ona görə də 51 ölkədən gəlmiş 100-dən çox əcnəbi millət vəkilinin, icitmai xadim və ekspertin qatıldığı beynəlxalq tədbirin əhəmiyyətini azaltmaq siyasəti yeridirlər.

"Bu da dəvəquşunun başını quma soxmağına bənzəyir. Amma cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətində də qeyd olunduğu kimi Ermənistan cəmiyyətində xalqımıza qarşı elə dərin nifrət hissi kök salıb ki, orada heç bir siyasi qüvvə Qərbi Azərbaycan kökənlilərin öz yurd yerlərinə dönmələrini istəmir.

Qoy istəməsinlər, ancaq Ermənistandakıların nə düşünmələrindən asılı olmayaraq "Böyük qayıdış"ın qarşısıalınmaz bir proses olduğu, ona başlanıldığı, bunun sadəcə soydaşlarımızın Qarabağ və Şərqi Zəngəzura dönmələri ilə bitməyəcəyi hər kəsə aydındır", - deputat qeyd edib.

S. Alıyev sonda vurğulayıb ki, konfransın yekun sənədində əksini tapan tələblərdən də göründüyü kimi, Qərbi Azərbaycanda soydaşlarımıza dəyən maddi və mənəvi zərərə görə kompensasiya ödənilsə belə, bu onların "ata-baba torpaqlarına qayıdış hüququnun əvəzi kimi və ya onu inkar etmək üçün istifadə edilə bilməz"!

AzNews.az