- Tribuna
- 11:13
- 1 020
Ermənistana və havadarlarına sərt xəbərdarlıq
Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində növbəti dəfə Ermənistanı və havadarlarını xəbərdar edib. “Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik”, - deyə dövlət başçısı bildirib.
Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlətimizin başçısı qeyd edib ki, müstəqil Ermənistan dövləti əslində faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezident bildirib: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.
Bəli, mahiyyət etibarilə Ermənistanın və onu himayə edən tərəflərin əsl simasını ifşa edən Azərbaycan Prezidentinin mesajları sülh danışıqları ilə bağlı bütün məsələləri tam əhatə edir. İkinci Qarabağ müharibəsinin və antiterror tədbirlərinin nəticələrinin Ermənistan tərəfindən ciddi qəbul edilməsinin labüdlüyünü vurğulayan dövlətimizin başçısı mövcud şəraitdə İrəvanın öz himayədarlarına arxalanaraq vaxt qazanmaq cəhdlərinin heç bir nəticəsinin olmayacağını da bir daha xatırlatdı.
Prezident İlham Əliyev, həmçinin Qazaxın dörd kəndinin qaytarılması məsələsinə dair ətraflı şərh verərək bildirdi ki, bu məsələnin həlli danışıqlar prosesinin müsbət nəticəsindən daha çox Azərbaycanın qətiyyətli mövqeyinin bariz nümunəsidir. Çünki ermənilər Qazaxın dörd kəndini könüllü şəkildə deyil, dövlətimizin başçısının ifadə etdiyi kimi, könüllü-məcburi şəkildə qaytarmağa məcbur olublar.
Çox təəsüf ki, bölgədə sülh və inkişaf əvəzinə xaos və müharibə törətməkdə maraqlı olan bir sıra dövlətlər rəsmi İrəvanı silahlandırmaq yolunu seçiblər. Bu məsələdə əsas rol Fransaya mənsubdur. Hələ Vətən müharibəsindən sonra Fransa Azərbaycanın haqlı və ədalətli mövqeyini nəinki müdafiə etmədi, 30 ilə yaxın vasitəçilik missiyasına nəzərən özünün bitərəfliyini də qorumadı. Paris birmənalı şəkildə işğala, separatizmə dəstək verdi. Amma artıq "qatar getmişdi" – Azərbaycanın beynəlxalq hüquqa söykənərək qəbul etdiyi qəti qərarlar torpaqlarımızın azadlığına yol açmışdı. Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, regionda sülhün formalaşmasına mane olan İrəvan Paris tərəfindən dəstəklənirdi. Lokal antiterror tədbirlərindən sonra isə yeni müharibələri stimullaşdıran bu "əməkdaşlıq" daha da inkişaf etdirilir – hətta Paris işğalçı Ermənistanı silahlandırmaqdan çəkinmir.
Bəli, Fransa dərk edir ki, antiterror tədbirlərinin uğurla nəticələnməsi, xunta rejiminin çökdürülməsi Parisin regiona təsir imkanlarını tam şəkildə əlindən alıb. Vaxtilə separatçı rejimlə “hərtərəfli əlaqələr” saxlayan, onların həm maddi şəkildə maliyyələşdirilməsində, həm də silahlandırılmasında aktiv rol alan Paris artıq oyundan kənar vəziyyətə düşüb. Bu səbəbdən də Ermənistanı yenidən müharibəyə təhrik etməklə Paris Cənubi Qafqazın əməkdaşlıq məkanına çevrilməsinə mane olmaq istəyir.
Ən dəhşətlisi odur ki, ikinci dünya müharibəsi zamanı faşizm əleyhinə birgə mübarizə aparan tərəflər bu gün Cənubi Qafqazda yuva salmış Ermənistandakı faşist ideologiyasını himayə edirlər. Bu faktın özü isə beynəlxalq münasibətlər sistemindəki ikili siyasətin bariz nümunəsidir. Lakin bütün qızışdırıcı və qanlı təxribat cəhdlərinə baxmayaraq, Azərbaycan həm sülh siyasətinə sadiqdir, həm də 44 günlük müharibədə erməni faşizminin başını əzən əzəmətli “Dəmir yumruq” yenə öz sözünü deməyə hazırdır. Çünki güclü və inkişaf edən Azərbaycanla güc dili ilə danışmaq artıq mümkünsüzdür.
Həbib Misirov,
YAP Kəlbəcər rayon təşkilatının sədri