20 Yanvar hadisəsi dövlət səviyyəsində insanlığa qarşı törədilmiş cinayətdir - Prof.Vasif Qafarov yazır

1990-cı ilin 20 Yanvar faciəsindən 35 il keçir. 20 yanvar tarixi Azərbaycan xalqının tarixi yaddaşında həm qanlı faciə, həm də müstəqillik yolunda xalqımızın əzmkarlıq və yenilməzlik simvolu kimi qalıb. 1990-cı ilin 20 Yanvar hadisəsi 1987-ci ilin sonlarından başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı Azərbaycan xalqının etiraz və dirənişini boğmaq cəhdi idi. SSRİ rəhbərliyi Azərbaycan xalqının haqlı tələblərini yerinə yetirmək yerinə, ona qarşı dəhşətli cinayət törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini Filip Babkovun rəhbərliyi ilə əsasən ermənilərdən ibarət 66 min nəfərdən ibarət qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi və Azərbaycan xalqına qarşı milli qırğın törədildi. Dinc nümayiş keçirən əliyalın vətəndaşlarının üzərinə tank, BTR və digər ağır texnikalardan və müxtəlif tipli silahlardan istifadə edilməklə hücuma keçmək və insanları kütləvi şəkildə amansızcasına qətlə yetirmək dövlət səviyyəsində insanlığa qarşı törədilmiş cinayət idi.

Azərbaycanda Sovet qoşunlarının müxtəlif birləşmələri olduğu halda əsas etibarilə Stavropol, Rostov və Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantlarından ibarət qoşun hissələrinin Azərbaycana yeridilməsində əsas məqsəd ermənilərdə azərbaycanlılara qarşı formalaşdırılmış nifrət hissindən Azərbaycan xalqına qarşı istifadə etmək və bu yolla Azərbaycan xalqını daha ağır formada cəzalandırmaq, onun dirəniş əzmini qırmaq və milli mübarizəsinə divan tutmaq idi. Bunun nəticəsi idi ki, Bakıda əliyalın nümayişçilərə qarşı xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər törədildi. Bütün bunlar əvvəlcədən hazırlanmış xüsusi plan əsasında həyata keçirildi.

Yanvarın 20-də saat 00:00-dan etibarən fövqəladə vəziyyətin tətbiq edilməsinə baxmayaraq, bu barədə əhaliyə məlumat verilmədi. Fövqəladə vəziyyətin tətbiq edilməsindən 3 saat əvvəl, yanvarın 19-da saat 21:00-dan etibarən qoşun hissələri şəhərə yeridildi. Dinc nümayişçilər üzərinə tank və digər ağır texnikaları sürüb əhalinin gülləbaran edilməsindən sonra yanvarın 20-si səhər saat 05:30-da fövqəladə vəziyyətin elan edilməsi haqqında rəsmi məlumat verildi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək 82 nəfər amansızcasına qətlə yetirildi, 20 nəfər ölümcül yaralandı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürüldü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirildi. 20 Yanvar qırğınları zamanı ümumilikdə respublikada 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dəyəri milyonlarla olan dövlət əmlakı və şəxsi əmlak məhv edildi.

1990-cı ilin 19-20 yanvarında Sovet imperiyası öz əliyalın vətəndaşlarının üzərinə tanklarla və digər ağır texnikalarla hücuma keçib milli qırğın törətməklə hərbi qələbə qazansa da, bu hadisə ilə əslində məğlub oldu, Azərbaycanda özünün bütün siyasi, sosial və hüquqi dayaqlarını itirdi. Azərbaycan xalqının əzmini və iradəsini qırmaq mümkün olmadı. Ölkədə fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, 20 Yanvar şəhidlərinin bütün Azərbaycan xalqının səfərbər olunması ilə həyata keçirilən dəfn mərasimi əhalinin kütləvi şəkildə partiya biletlərini yerə atıb yandıraraq onun sıralarını tərk etməsi ilə müşayiət olundu. Bu, Azərbaycan xalqının Sovet imperiyası üzərində qazandığı mənəvi qələbə idi. Məhz 20 Yanvar hadisəsindən sonra Azərbaycanın azadlığı və müstəqilliyi ideyası xalqımızın ümummilli amalına çevrildi və bu amal uğrunda mübarizə 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə nəticələndi.

XX əsrdə Azərbaycan xalqı iki dəfə müstəqillik uğrunda mübarizədə səfərbər oldu və hər ikisində özünün müstəqilliyinə qovuşdu: 1918-ci il mayın 28-də yüz illik rus müstəmləkə əsarətindən sonra Azərbaycan müstəqillik əldə etdi və 1991-ci il oktyabrın 18-də 71 illik sovet əsarətindən sonra özünün müstəqilliyini bərpa etdi. Lakin hər iki dəfə Azərbaycan xalqının milli azadlıq hərəkatına divan tutmaq, onun müstəqillik əzmini və iradəsini qırmaq və onun müstəqilliyinə imkan verməmək üçün Azərbaycan xalqına qarşı soyqırımı və milli qırğın törədildi: 1918-ci ildə daşnak-bolşevik alyansı tərəfindən törədilən Mart soyqırımı və 1990-cı ildə Sovet imperiyası tərəfindən törədilən 20 Yanvar qırğını. Lakin hər iki hadisə Azərbaycan xalqının milli azadlıq mübarizəsində dönüş mərhələsi, dönüş nöqtəsi oldu və bu mübarizə müstəqil Azərbaycan dövlətinin yaranması ilə nəticələndi. 1990-cı ilin 20 Yanvar şəhidləri 1918-ci ilin Mart soyqırımı qurbanlarının dəfn olunduğu Çəmbərəkənd qəbiristanlığında – indiki Şəhidlər Xiyabanında dəfn olundu. Eyni məkanda uyuyan həm Mart soyqırımı, həm də 20 Yanvar qırğınının şəhidləri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna və and yerinə çevrildi.

20 Yanvar hadisələrindən keçən sonrakı zaman xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzünü də açdı. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu, bu faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində öz həllini tapdı. Heydər Əliyev böyük cəsarət gösrtərərək 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, bu hadisənin tərədilməsində Sovet İttifaqı rəhbərliyinin və onun tapşırıqlarını yerinə yetirən respublika rəhbərlərinin günahkar olduğunu və məsuliyyət daşıdığını bəyan etdi. Heydər Əliyev faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. 1994-cü il martın 29-da Heydər Əliyevin təşəbbüsü ilə 20 yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində siyasi-hüquqi qiymət verildi, faciənin günahkarları konkret olaraq qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi.

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Hal-hazırda bu məbləğ 600 manat təşkil edir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Ötən dövrdə 20 yanvar şəhidlərinin ailələrinə, 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 143 mənzil, 100-dək avtomobil təqdim edilib. Bu, 20 Yanvar şəhidlərinə ali diqqət və ehtiramı əks etdirən Azərbaycanın dövlət siyasətinin bir göstəricisidir.

Hər il yanvarın 20-də Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. Azərbaycan dövləti və xalqı azadlığımızın və müstəqilliyimizin simvoluna çevrilən 20 Yanvar şəhidlərinin şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir və xatirəsini hər zaman əziz tutur. 1990-cı ilin qanlı 20 Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə kimi deyil, eyni zamanda ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın şərəfli bir səhifəsi, milli azadlıq hərəkatımızın zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.

Vasif Qafarov, Milli Məclisin deputatı, tarix elmləri doktoru