Uğurlu siyasətin davamı - Mübariz Qurbanlının məqaləsi

Cənab İlham Əliyevin xalqımızın etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilməsinin birinci ili tamam olur. 2024-cü il fevral ayının 7-də keçirilən növbədənkənar prezident seçkilərində seçicilərin 92,12 faizi Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə etimad göstərməklə Azərbaycanı qalib və tarixinin ən qüdrətli dövlətinə çevirən uğurlu siyasətin davamına səs verdi.

Əvvəlcə onu qeyd edim ki, seçkilərin növbədənkənar keçirilməsi beynəlxalq seçki praktikasında qəbul edilmiş hüquqi normadır. Müəyyən səbəblərdən hər bir seçkinin keçirilmə tarixi təqvimdə qabağa çəkilə bilər. Olduqca qürurvericidir ki, respublikamızda son prezident seçkiləri məhz respublikamızı və xalqımızı şərəfləndirən hadisələr səbəbindən növbədənkənar keçirildi. Prezident İlham Əliyev keçən il yanvar ayının 10-da yerli televiziya kanallarına müsahibəsində bu məsələni ətraflı şərh etdi. Dövlətimizin başçısının qeyd etdiyi kimi prezident seçkilərinin növbədənkənar keçirilməsinin birinci səbəbi suverenliyimizin tam bərpasıdır. Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi suverenliyimizin tam bərpa olunması epoxal hadisə kimi Azərbaycanın yeni dövrə qədəm qoymasını şərtləndirdi. Növbədənkənar prezident seçkiləri isə yeni dövrün siyasi başlanğıcı oldu.

Yeni dövrün siyasi başlanğıcı olması baxımından 7 fevral seçkiləri Azərbaycanın müstəqilliyi dövründə buna qədər keçirilmiş bütün seçkilərdən fərqləndi. Bu seçkinin başqa bir əlamətdar tərəfi müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində təşkil olunması, Qarabağ və Şərqi Zəngəzurda da səsvermənin keçirilməsidir. Ona görə bu siyasi hadisə tarixdə həm də Zəfər seçkisi kimi yadda qaldı. Ailə üzvləri ilə birlikdə Xankəndidə səs verən Müzəffər Lider İlham Əliyevin qutuya atdığı bülleten isə, özünün dediyi kimi erməni separatçılarının tabutuna vurulan son mismar idi. Bu mənada növbədənkənar prezident seçkilərinin əlamətdar siyasi məziyyətlərindən biri də torpaqlarımızda erməni separatçılığına son qoyulması ilə bağlı dünyaya çatdırdığı mesaj oldu.

Zəfər seçkisi təsdiqləmişdir ki, Azərbaycan xalqı yeni dövrdə də qarşıda duran məqsədləri məhz İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmaq əzmindədir. Təsadüfi deyil ki, cənab İlham Əliyevin yeni müddətə prezidentlik səlahiyyətlərinin ilk ili çoxsaylı uğurlarla əlamətdardır. Lakin bu barədə söz açmazdan əvvəl qeyd etmək yerinə düşər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan inkişaf strategiyasını siyasətinin ana xəttinə çevirən, yüksək dövlətçilik və idarəçilik təfəkkürünə malik lider kimi cənab İlham Əliyev hər bir prezidentlik dövrü Azərbaycanın tarixinə inkişaf salnaməsi kimi həkk olunub. Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyinin bütün illərində ölkəmizin tərəqqisini təmin edib, ona dünyada böyük nüfuz qazandırıb. Cənab Prezidentin apardığı məqsədyönlü siyasət xalqımıza müstəqillik tarixinin ən uğurlu illərini yaşatmaqla, Azərbaycanı bütün sahələrdə regionun aparıcı dövlətinə çevirib. Bu siyasətin nəticəsi olaraq torpaqlarımızın işğaldan azad edilməsi hər bir azərbaycanlının qürur mənbəyidir.

Ona görə də Azərbaycanı inkişaf yoluna çıxaran, tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqımıza yüksək rifah gətirən siyasi kursun yeni mərhələdə də davam etdirilməsi, Ulu Öndər Heydər Əliyev ideyalarına olan ümummilli etimad növbədənkənar prezident seçkilərində də xalqımzın seçimini müəyyən edən əsas amillər kimi özünü göstərdi. Azərbaycan vətəndaşları məhz bu reallıqlardan çıxış edərək, cənab İlham Əliyevi yenidən Prezident seçdi. Xalqımız Cənab İlham Əliyevə bir daha etimad göstərməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini göstərdi. Bu müdrik seçim Heydər Əliyev siyasi kursunun Azərbaycanın alternativsiz inkişaf yolu olduğunu növbəti dəfə nümayiş etdirdi.

Seçkilərdən sonra Milli Məclisdə keçirilən andiçmə mərasimində «İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm. Çünki son illərin tarixi onu göstərir ki, qarşıya qoyduğumuz bütün vəzifələr icra edildi. Əlbəttə ki, bütöv Azərbaycan bu dövrə qədəm qoymuş, bütövləşmiş birlik nümayiş etdirmiş, o cümlədən bu seçkilərdə böyük birlik nümayiş etdirmiş xalq böyük uğurlara imza atacaq. Mənim buna şübhəm yoxdur» deyən Prezident İlham Əliyev qarşıdakı dövr üçün yeni milli prioritetləri açıqladı. Beləliklə, Azərbaycanın daha da güclənməsi, Heydər Əliyev ideyalarının, azərbaycançılıq məfkurəsinin diqqət mərkəzində saxlanılması, iqtisadiyyatın inkişafı, ordumuzun döyüş qabiliyyətinin daha da artırılması, sərhədlərimizin etibarlı müdafiəsinin təmin edilməsi, gənc nəslin vətənpərvər və milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, milli həmrəyliyin möhkəmləndirilməsi, vətəndaşların sosial rifahının yüksəldilməsi, texnoloji tərəqqi, «yaşıl enerji»yə keçid, türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi yeni dövr üçün Azərbaycanın əsas hədəfləridir.

Növbədənkənar prezident seçkilərindən ötən bir ilin mənzərəsi göstərir ki, Azərbaycan dövləti özünün yeni hədəflərinə doğru inamla addımlayır, bütün maraq və mənafelərini qətiyyətlə təmin edir. Bu bir il müddətində respublikamızın və xalqımızın həyatında olduqca mühüm və eyni zamanda tarixi əhəmiyyət kəsb edən hadisələr baş verib. Hansı ki, bu hadisələrin bir qismi bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpasının davamı da sayıla bilər. Məsələn, Qazax rayonunun işğal altında olan 4 kəndinin azad edilməsi, habelə Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan ərazilərini tərk etməsi cənab İlham Əliyevin Prezident kimi yeni səlahiyyət müddətinin birinci ilinin ən mühüm hadisələridir. Bu hadisələr bir daha təsdiq edir ki, Prezident İlham Əliyev respublikamızın milli maraq və mənafelərini qətiyyətlə təmin edən liderdir. Məlum olduğu kimi Rusiya sülhməramlılarının Azərbaycan ərazilərində qalma müddəti 5 il idi və düşmən dəyirmanına su tökən bəziləri belə bir ictimai rəy formalaşdırmağa çalışırdılar ki, rus hərbçiləri Qarabağı tərk etməyəcəklər. Lakin cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Rusiya sülhməramlıları vaxtından il yarım tez ölkəmizi tərk etdilər.

Bu dövrdə Bakıda keçirilən COP29 tədbiri, Azərbaycanın ötən ilin dekabr ayında D-8 təşkilatına üzv qəbul edilməsi ölkəmizin tarixinə növbəti tarixi hadisələr, möhtəşəm siyasi uğurlar kimi yazıldı. Azərbaycan bu dövrdə regionun aparıcı dövləti kimi mövqelərini və beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə möhkəmləndirdi.

Prezident İlham Əliyevin fəaliyyətinin ötən 1 ili iqtisadi sferada da nailiyyətlərlə əlamətdardır. Bu dövrdə ümumi daxili məhsulun 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsulun 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə 7 faizdən çox artımın olması, strateji valyuta ehtiyatlarımızın 72 milyard dolları ötməsi göstərir ki, iqtisadi sferada da uğurlarımız davamlıdır.

Əlbəttə, Prezident İlham Əliyevin fəaliyyətinin əlamətdar hadisələrindən bəhs edərkən idmançılarımızın Parisdə keçirilən Yay Olimpiya Oyunlarındakı uğuru çıxışlarını da qeyd etməliyik. Olimpiya Oyunlarında 7 medal qazanan Azərbaycan idmançıları xalqımıza sevinc yaşatdılar və komanda hesabında 200-dən çox milli komanda arasında 30-cu yeri, müsəlman dövlətləri arasında isə 3-cü yeri tutdular. Bu mühüm nailiyyət bir daha təsdiq etdi ki, respublikamızda effektiv idman siyasəti həyata keçirilir.

Bütövlükdə Prezident İlham Əliyevin ötən bir ildəki fəaliyyəti qarşıya qoyulan bütün milli vəzifələrin icra edilməsi baxımından nailiyyətlərlə zəngindir. Yuxarıda qeyd olunan məsələlərlə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun bərpası, ordumuzun döyüş imkanlarının daha da yüksəldilməsi, iqtisadi və sosial inkişafın sürətləndirilməsi Prezident İlham Əliyevin ötən bir illik fəaliyyətinin mühüm göstəriciləridir. Bir il qısa dövr olsa da, uğurlarımız bol, əhatəli və məzmunludur. Bütün bunlar isə xalqın öz seçimində heç vaxt yanılmadığını və Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın yeni tarixi mərhələdə də möhtəşəm uğurlara imza atacağından xəbər verir.

Mübariz Qurbanlı

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı