- Tribuna
- 8 Fevral 13:30
- 6 791
Ermənistandakı debatlar Azərbaycanda gülünc görünür - Natiq Cəfərli yazır

Ermənistan mətbuatını oxuyuram, maraqlı söhbətlər var.
Ölkədə əməlli-başlı ABŞ-ın Respublikaçılar Partiyası ilə Demokratlar Partiyası arasında dava gedir, sadəcə, ABŞ-ın bundan xəbəri yoxdur. Bu “müharibəyə” ABŞ-dan hər iki tərəf, sadəcə, gəlməyib.
Nikol Paşinyanın ABŞ-ın vitse-prezidenti Ceyms Venslə görüşü haqqında Ermənistan müxalifəti yazır ki, ciddi uğursuzluqdur, Trampla görüş baş tutmayıb.
Paşinyana yaxın mətbuat isə bunu ciddi uğur sayır.
Bundan başqa, müxalifət deyir ki, ar olsun Trampa, 2020-ci ildə Azərbaycanın qələbəsinə mane olmadı, hətta, dəstək də göstərdi – ona görə də, Tramp komandasından kömək gözləmək əbəsdir.
Əks qrup isə deyir ki, rədd olsun Bayden rejimi, o özü şəxsən və komadası 2023-cü ildə Azərbaycanın anti-terror əməliyyatına mane olmadı.
Beləcə "atışmalar"davam edir və bu, kənardan çox gülünc görünür.
Hər iki tərəfin fikirlərindən çıxan nəticə budur ki, Azərbaycana Respublikaçılar da sərf edir, Demokratlar da!
Azərbaycan Baydenin son ilində ABŞ-la münasibətləri minimuma endirdi. Yeni dövrdə isə, əksinə, Respublikaçılarla strateji sənəd imzalamaqla bağlı təkliflər səsləndirir. Amma Ermənistan tələsdi, düz hesablamadı, gedər ayaq Baydenlə ciddi təsisri olmayan sənəd imzaladı, bununla da özü-özünə problem yaratdı.
Bundan başqa, ABŞ-dan, AB-dən gələn qrantlar da xeyli azalacaq deyə, Ermənistanda siyasi mübarizə daha maraqlı hal alacaq. "Müqəddəs yer" boş qalmır- Kremlin Ermənistanda həm açıq, ayaqda olan, həm də “yatmış”, istənilən anda hərəkətə keçə biləcək “hücrələri” var.
Əgər Ermənistan mediasında Ukraynada olan mənzərəyə yaxın maliyyələşmə varsa, yəni, Ukraynada medianın 90%-nin qrantlarla ayaqda qaldığı kimi, Ermənistanda da eyni mənzərədirsə, qonşumuzdakı media və sivil toplum özünə yeni maliyyə mənbəələri axtarışına çıxacaqlar. Bu an Rusiyanın erməni oliqarxlarının pulu işə düşə bilər. Ermənistanın, guya Rusiyadan uzaqlaşması iddiaları zatən mif idi, indi bu mif də dağıla bilər ki, bu da bizə xeyirli deyil.
Gələn il Ermənistanda hakimiyyət dəyişiklikləri baş verə bilər.
Məncə, ona qədər Ermənistanla məhz elə ABŞ-ın, Trampın moderatorluğu ilə böyük Sülh Sənədi imzalamaq lazımdır. Bu təklif rəsmi Bakıdan gəlməlidir – biz təklif edək və görək İrəvan bundan imtina edə biləcəkmi?!.
Natiq CƏFƏRLİ,
Real Partiyasının sədri