"Retro" travması, "Qorodskoy kruq" və rəqəmsallaşma dövründə Azərbaycan dilinin inkişafı - Yadigar Cəfərli yazır

Düzü, Ayaz Salayevdən uşaq vaxtı mənim də elə xoşum gəlmirdi. Bunun çox ciddi səbəbi vardı: hər həftənin şənbə gününü həsrətlə gözləyirdim ki, “Retro” kinozalını versinlər. Yeddi gün, yeddi gecə beləcə gəlib keçirdi, axır ki, efirdə “Retro”nun "şapka"sı fırlanırdı, amma elə verilişi efirə vercək, Ayaz müəllim tezcə ekranda görünüb başlayırdı nümayiş etdiriləcək kino haqqında maarifləndirici söhbətlərə.

Bir dəqiqə olurdu, beş dəqiqə, beş dəqiqə olurdu on beş dəqiqə, Allah saxlamış sözünü kütahlayıb, sağollaşmaq bilmirdi. Bir də onda görürdüm, gecəyarı beqəfil yuxudan oyanıb gözümü dikmişəm qaranlıq ekrana, gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan, veriliş də, kino da çoxdan bitib. İndi gəl, daha yeddi günü gözlə.

Ona görə Ayaz Salayevin təhsil dili ilə bağlı məlum fikirlərinə qarşı bütün ciddi və qeyri-ciddi tənqidlərə mən də əzmkar və mətin şəkildə qoşulub dəstək nümayiş etdirmək istərdim. Sadəcə, bilmirəm, yaddaşımdakı “Retro” travması bunun üçün tutarlı və ədalətli əsas ola bilərmi?! Belə baxanda, o vaxt Moskvadan kino təhsilini yenicə tamamlayıb gəlmiş həmin gənc ziyalının mənim kimi Vətən balalarına müasir kino incənəsətini, nə bilim Federiko Fellinini, Tarkovskini tanıtmaqdan özgə suçu nə idi ki?!

Həm də “Azərbaycan sektoru, yoxsa rus sektoru?”, “Dilimizin adı Azərbaycan dilidir, yoxsa Türk dilidir?” ənənəvi mövzusunda qalmaqal bu dəfə elə bərk qopub ki, əslində gözünü açıb kimin kimə nəyi isbat etmək istədiyini, kimin kimi hansı növzuda haqsız çıxarmaq qəsdinə durduğunu asanlıqla ayırd edə bilmirsən.
Ona görə Ayaz müəllimə də, onu tənqid edənlərə də, tanınmış kino xadimimizə qəhmər çıxanlara da uzun ömür, cansağlığı arzulayıb, müzakirələrdə diqqətimi cəlb edən iki-üç əsas məqam haqqında bir kaç kəlmə diqqətinizə ərz etmək istiyorum.

Nadanlıq, yaxud savadlılıq qətiyyən dillə bağlı deyil, düşüncə ilə əlaqəlidir. İstənilən dildə nadan kimi də düşünmək olar, dana (vurğu birinci a-nın üzərində) kimi də. Dil bilgisi isə insana praqmatik məqsədlər üçün lazımdır. Yəni, o dildə rahat kommunikasiya qurmaq, kitab oxumaq, filmlərə baxmaq, yazıb-pozmaq, həmin dildəki resurslardan istifadə edib savadını artırmaq. Yəni dil savad deyil, savadı qazanmaq və onu realizə etmək üçün vasitədir. Adamın məqsədləri nə qədər genişdirsə, məhəlli sərhədləri keçirsə, təbii ki, onun beynəlxalq dillərdən hansısa birini, yaxud bir neçəsini ana dili kimi bilməsi mütləqdir. İnsan da dili bu səviyyədə, müəyyən istisnaları kənara qoysaq, əsasən, o dildə təhsil alaraq mənimsəyə bilir. Bu, daha çox fərdi məsələdir, başqalarına ziyanı yoxdur ki, xeyri var.

Ziyanlı məqam hansısa zümrənin müəyyən bir dili özünü başqalarından ayırmaq vasitəsi kimi seçməsidir. Bunun ölkələrin, xalqların, cəmiyyətlərin tarixində çox nümunələri var. İstəsək də, istəməsək də, bizdə rus dili ilə bağlı vəziyyət xeyli müddət belə olub. Özü də bizə elə gəlməsin ki, bu, sovet dövründən qalma problemdir. Əgər Mirzə Ələkbər Sabir də “Ürəfa marşı”nda belə intelligentləri tənqid edirdisə, Cümhuriyyət nazirlərindən birinin qızı olmuş Banin “Qafqaz günləri”ndə evlərində, əsasən, başqa dillərdə danışıldığını xatırlayırdısa, indi özünüz hesabınızı götürün ki, məsələnin kökü havaxtlara gedib çıxır.

Son illərdəki müşahidələrimsə bu tendensiyanın aram-aram itib getməkdə olduğunu göstərir. Rus dilini müəyyən bir çevrənin dili kimi qoruyub saxlamaq daha çox çətindir. İstənilən sosilinqvistik ayrıcalığın möhkəm sosial-iqtisadi, mədəni əsası olmalıdır. Bu gün ölkənin əmək bazarına rus dilini heç bilməyən, ingilis dilini isə Şekspir qədər olmasa da, praqmatik məqsədlər üçün lazımi səviyyədə mənimsəmiş yüzminlərlə istedadlı gənc daxil olub. Xüsusilə rəqəmsallaşma kimi spesifik səriştə tələb edən istiqamətlərdə onların sırası getdikcə genişlənməkdədir. Belə gənclər rus dili biliyi olmadan da uğurlu karyera qururlar. Əgər indiki zamanda insanın yeganə yaxşı bildiyi zad ancaq rus dilidirsə, o belə istedadlı gənclərin peşəkar mühitində rəqabətə davam gətirib, üstəlik, öz “qorodskoy” çevrəsini yarada bilməz.

Söhbətin bu hissəsini ehmalca bağlayıb keçək Türk dilinin – yəni Türkiyə türkcəsinin dilimizə təsirləri məsələsinə. Belə təsirlər varmı?! Təbii ki var. Bu təsirlər ziyanlıdırmı?! Bir qismi yox, bir qismi hə.

Bu gün Türk dili böyük bir coğrafiyaya ciddi şəkildə təsir göstərən nəhəng mədəniyyətin, texnologiyaların, əyləncə sənayesinin dilidir. O boyda kinematoqrafiya ənənələri olan Rusiyada da, demək olar ki, bütün türk seriallarını dərhal rus dilinə çevirib yayımlayırlar və rus ellərində bu seriallara, rus seriallarından da kütləvi maraqla baxılır. Türkiyə təhsili, televiziyaları, xüsusilə türk serialları bizim də həyatımıza dərindən nüfuz etməkdədir. Bir zamanlar Rusiyadan gələn inkişaf axınları müstəqillik dövründə əsasən Türkiyədən daxil olur və bu çox yaxşıdır. İntəhası, rus dili ilə müqayisədə Türk dili bizə daha doğma, bu dildə təqdim edilən məzmun, forma, davranış daha canayaxın olduğundan bu axında bəzən ziyanlı təsirlər də ağına-bozuna baxmadan həm dilimizə, həm həyat və məişətimizə adlayır. Məsələn, rus dilindən gündəlik ünsiyyət dilimizə “uje”, “sovsem”, “vobşem” və s. bu kimi xeyli varvarizmlər keçib. Adamlar dialoqlarında onlardan tez-tez istifadə edirlər. Amma bu kəlmələrin heç birini ədəbi dildə görməzsən. Çünki ədəbi dil onları yad cism kimi yaxına buraxmayıb. Dilimizdə uzun illər ərzində oturuşmuş qarşılıqları varkən Türkiyə türkcəsindən ədəbi dilimizə gətirilən söz və ifadələrsə nə qədər istəsən... Məsələn, uzun illər istifadə etdiyimiz “təqdim etmək” ifadəsi varkən “sunmaq”, “tənqid” sözü hər kəsə tanışkən “eləştiri”, “təyin etmək” əvəzinə “bəlirləmək” və s. yazmağa, deməyə nə hacət?!

Dilin davamlı zənginləşməsi üçün onun qapıları həmişə Türk dilinə də, digər dillərə də açıq olmalıdır. Xüsusilə artıq innovasiyaların dilinə çevrilmiş Türk dili bəzi yeni sözlərin, terminlərin uğurlu qarşılığını tapmaqdan ötrü bizim üçün zəngin xəzinədir. Sadəcə burada da məsələyə seçkin yanaşmaq lazımdır. Elə sözlər ədəbi dilə buraxılmalıdır ki, onlar mətndə, nitqdə yad cisim kimi görünməsin. Baxın, elə indicə “seçkin” sözünü yazdım, bu söz də son illər Türk dilinin təsiri ilə populyarlaşıb, görün bütün səviyyələrdə istifadə etmək üçün necə gözəl sözdür.

Eyni zamanda, xüsusi vurğulayım ki, son illər İngilis dilinin də dilimizə ziyanlı təsirləri genişlənir. Xüsusilə biznes mühitində ingilisdilli jarqonlardan, arqolardan lüzumsuz yerə bol-bol istifadə edilir. Məsələn, “pilot layihə” əvəzinə “paylot projekt”, “iclas”, “toplantı”, “yığıncaq” əvəzinə “mitinq” və s. Hətta biznes mərkəzlərindəki ofislərə xas ünsiyyət dilini nəzərdə tutaraq “Plaza dili” adlanan bir anlayış da yaranmaqdadır.
Sonda isə gələk dilimizin adı məsələsinə.

Bu məsələdən söhbət düşəndə həmişə “Azərbaycan dili” və “Türk dili”, “Azərbaycanlı” və “Türk” ifadələri qarşılaşdırılır. Amma bu ifadələrin hər birinə fərqli yöndən baxmaqda fayda var. Türk sözü Azərbaycan əhalisinin əksəriyyətini təşkil edən etnosun adıdır. Bu, milli kimliyimizdir. “Azərbaycanlı” sözü isə superetnos adı kimi hüquqi kimliyimizdir. Azərbaycan türkləri də, ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri də hamımız bu adda bütünləşmişik. Azərbaycan dili etnik mənsubiyyətindən asılı olmayaraq azərbaycanlı superetnosunun bütün təmsilçilərinin danışdığı dövlət dilimizdir.

“Azərbaycan dili” ifadəsinin rəsmi səviyyədə işlənməsi 1937-ci ildə qəbul edilmiş Konstitusiyadan başlansa da, düşünməyək ki, bu ifadəni kimsə bir günün içində tapıb ad kimi dilimizə verib. Bəzi tədqiqatlara görə “Azərbaycan dili” istilahının tarixi 700 il əvvəllərə gedir (“Ədəbiyyat qəzeti”, 17 iyul, 1992). XIX əsrin ortalarından başlayaraq bir çox müəlliflərin (P.M.Budaqov - 1857, M.Ə.Vəzirov - 1861, N.Nərimanov – 1899, M.Ə.Qurani - 1901, M.Ağaseyid-1911) hazırladıqları dil kitablarında da məhz “Azərbaycan dili”, “azərbaycanca” ifadələrindən istifadə edilir.

Məşhur dekabristlərdən A.A.Bestujev Marlinskini, bilirsiniz ki, 1825-ci ildə tutub Dərbənd tərəflərə sürgün eləmişdilər. Yerli camaat onu İsgəndər bəy kimi tanıyır, xətrini çox əziz tuturdu. Bizim Mirzə Fətəli Axundovla da yaxın dost idilər. A.A.Bestujev Marlinski oralarda yaşayanda Azəbaycan dilini öyrənmişdi. O, özünün məşhur “Molla Nur” adlı əsərinin qeydlərində “Азербайджанское наречие” ifadəsini işlədir. Məlum olur ki, xalqımız hələ o zamandan ana dilimizi “Azərbaycan dili” adlandırırmış. Ona görə də klassiklərimizin əsərlərində rastımıza çıxan “Türk”, “Türkün ana dili”, “Çadrasız, boyasız türk qızlarından” və s. bu kimi ifadələrə istinad edəndə dil məsələləri ilə sistemli şəkildə məşğul olmuş digər müəlliflərin əsərlərindəki “Azərbaycan dili” istilahını da diqqətdən kənarda qoymayaq.

Eyni zamanda, nəzərə almalıyıq ki, dövlət dili dövlətçiliklə bağlı ictimai hadisədir. Müəyyən başqa bir dövlətin dilini öz dövlət dili elan edən ölkələr nəzərə alınmazsa, hər bir dövlətin rəsmi dili onun adı ilə adlanır və tanınır. Məsələn türk dilləri ailəsinin ən qədim və inkişaf etmiş dillərindən olan müasir Türk dili Osmanlı dövlətinin mövcud olduğu bütün dövrlərdə həmin dövlətin adına uyğun olaraq Osmanlı dili adlanırdı. Yalnız Türkiyə Cümhuriyyəti yarandıqdan sonra 1924-cü ildən başlayaraq Türkiyə dövlətinin adı ilə Türk dili kimi rəsmiləşdi. Avropa dövlətlərində də proses aşağı-yuxarı belə gedib. Nə vaxtsa alman dialektləri sayılan Norveç, İsveç dilləri də öz adlarını həmin dövlətlər yarandıqdan sonra alıb. Eləcə də Çin, Ukraya və başqa dillər.
Bu baxımdan, “Azərbaycan dili” ifadəsi də bu il qəbulundan 30 il keçən Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit edilmiş dövlət dilimizin adı kimi uğurlu tarixi seçimdir.

Fikrimcə, indiki çağda əsas müzakirələr və əməli işlər dilin adının müzakirəsi səmtində yox, rəqəmsallaşma dövründə Azərbaycan dilinin inkişafı üçün geniş layihələrin reallaşdırılması, vətəndaş cəmiyyətinin bu sahədə fəal iştirakı müstəvisində getməlidir.

Yadigar CƏFƏRLİ