- Tribuna
- 5 Mart 22:47
- 2 839
Özləri üçün “qlamur kruq” formalaşdırır, çətin anlarda “yoxa çıxırlar”...

Az öncə Kənan Qasımov adlı şəxsin 2011-ci ildə “Amerikanın səsi” radiosuna verdiyi müsahibəni oxudum, həmin şəxs müsahibəsində polis, məhkəmə və təhsil sistemi haqda ən sərt sözləri işlədir, müsahibənin başlığı isə belədir: "Azərbaycanlıların əksəriyyəti işlərinin daha rahat getməsi üçün rüşvət verir".
Bu müsahibənin verildiyi tarix mənim və dostlarımın dövlətimizi, Prezidentimizi elə Kənan Qasımovun tənqid etdiyi “Amerikanın səsi”, “Azadlıq radiosu” və digər bu kimi media qurumlarında müxalifətçilərlə debatda müdafiə etdiyi dövrə təsadüf edir.
Həmin dövrdə xarici qrantverən təşkilatlardan yemlənmək dəbdə idi, xaricdən gələn maliyyələrlə dövlətimiz haqda olmazın sözlər yazılırdı. Ancaq nə məsələdirsə, “Amerikanın səsi” kimi bir tribunada bu sözləri deyən adam bir neçə il sonra Dövlət Turizm Agentliyində departament rəisi təyin edilir, dövlətin imkanlarından geninə-boluna istifadə edir.
Məsələnin paradoks halı isə odur ki, dövlətə qarşı belə ittiham səsləndirən şəxslər vəzifə sahibi olandan sonra dövləti canından çox sevən gəncləri dışlayaraq onların qarşısını kəsdi, çoxları küsdü, çoxları özünə qapandı, çoxları “uğur formulu əvvəl müxalifətçi olmaqdan keçir” prinsipi ilə barışdı.
Bəlkə də bu səbəbdəndir ki, hər zaman Dövlətçiliyimizi müdafiə edən şəxslər Kənan Qasımov kimilərin sürətlə yüksəlişini ürəkağrısı ilə izləyir.
Belə şəxslər təkcə turizm sektorunda deyil, hər sahədə var. Özləri üçün “qlamur kruq” formalaşdırıb, çətin anlarda “yoxa çıxıb”, “pub”larda da dövləti müdafiə edənlərə “trol”, “yaltaq” deyənlər hələ də iş başındadır.
Siyasi mövqe dəyişməyi demokratik cəmiyyətə xas addım kimi qəbul edə bilərik, ancaq bir şərtlə ki, ən çətin anlarda ortaya mövqe qoyan, Dövləti canından çox sevən, onun Prezidentinə sadiq şəxsləri kölgədə qoymayasan…
Hacıbəy HEYDƏRLİ,
Mətbuat Şurasının üzvü