Ərdoğan: Türkiyədə davam edən zorakılıq dalğasına görə məsuliyyəti CHP və Özgür Özəl daşıyır

Cümhuriyyət Xalq Partiyasının (CHP) liderinin çağırışından sonra baş verən hadisələri diqqətlə izləyirik.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra deyib.

Dövlət başçısının sözlərinə görə, onların çağırışlarından sonra Türkiyədə davam edən zorakılıq dalğasına görə məsuliyyəti müxalif Cümhuriyyət Xalq Partiyası və onun sədri Özgür Özəl daşıyır.

“Təəssüf ki, müxalifət partiyalarının liderləri şüursuzluğun bariz nümunəsini nümayiş etdirdilər. Korrupsiya, soyğunçuluq və rüşvətxorluq ittihamlarına cavab vermək əvəzinə, beş gün ərzində qanunsuz bəyanatlar veriblər. Polis əməkdaşlarının yaralanmasına, şüşələri sındırılan mağaza sahiblərinə, dövlət əmlakına milyardlarla lirə dəyərində ziyan dəyməsinə görə bütün məsuliyyəti xalqı küçələrə çıxaran partiya sədri və tərəfdarları daşıyır. Bütün bunlara parlamentdə baxılacaq və bununla bağlı hüquqi hesabatlar məhkəməyə təqdim olunacaq”, - Ərdoğan qeyd edib.

Prezident deyib ki, bu günlər ərzində 123 polis əməkdaşı yaralanıb.

Ərdoğan baş verənlərin iqtisadiyyatda süni dalğalanmalara səbəb olduğunu da vurğulayıb.