• Qərb
  • 5 İyul 18:06
  •  2 590

Putin və Orban Moskvada görüşüb

Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban Rusiyanın paytaxtı Moskvada görüşüblər.

Kreml Sarayından verilən açıqlamaya görə, görüşün mətbuata açıq hissəsində danışan Putin, Orban ilə Moskvada görüşməkdən məmnunluğunu ifadə edərək, “Buraya təkcə uzunmüddətli tərəfdaş olaraq deyil, həm də Avropa İttifaqı (Aİ) Şurasının hazırkı sədri kimi gəlmisiniz”,-deyə qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyində çıxış edərək ölkəsinin Ukrayna ilə bağlı sülh planını təqdim etdiyini xatırladan Putin, “Yəqin ki, mənim çıxışımdan xəbərdarsınız. Biz orada mümkün sülh yolu ilə həllə yanaşmamızı ortaya qoyduq. Siz Ukraynanın nüanslarından danışmağa gəldiniz. Ümid edirəm ki, siz öz və Aİ-nin mövqeyi barədə bizə məlumat verəcəksiniz",- əlavə edib.

Macarıstanın baş naziri Orban öz növbəsində son illərdə Putinlə dəfələrlə görüşdüklərini ifadə edərək, “Ancaq bugünkü görüşümüz digərlərindən daha özəldir” deyib.

Ukrayna böhranına toxunan Orban, "Hər iki tərəflə bu mövzuda danışa biləcək ölkələrin sayı getdikcə azalır. Tezliklə Macarıstan Avropada hər iki tərəflə danışa bilən yeganə ölkə olacaq. Mən sizinlə bəzi mühüm məsələləri müzakirə etmək və Avropa üçün bəzi vacib məsələlərlə bağlı mövqeyinizi eşitmək istərdim”,- deyə Orban bildirib.

Mövsüm

Aznews.az