Tramp Zelenskiyə düşünmək üçün “siqnal” göndərib

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Vladimir Zelenskiyə atəşkəs və Rusiya tərəfindən əldə edilmiş bütün ərazilərdən imtina barədə düşünməyə başlamaq üçün “mesaj göndərib”.

APA xəbər verir ki, bu barədə El Pais yazır.

Məlumata görə, bu mesaj Avropa paytaxtlarının müharibəni bitirmək üçün başqa variantları müzakirə edərkən səslənib. Müzakirədə eyni zamanda xüsusilə, sülhməramlı qüvvələrin yeridilməsi, Qərb silahlarının təchizatının artırılması, Ukrayna üçün ABŞ və Avropanın müdafiə qalxanının yaradılmasından da söhbət açılıb.

"Müharibə danışıqlar masası arxasında, bəlkə də gözləniləndən tez başa çatacaq. Avropa buna hazırlaşmalı və danışıqlar masasında yer tələb etməlidir", - yüksək səviyyəli avropalı mənbə bildirib.

Kiyevi və Avropa paytaxtlarını narahat edən əsas risklərdən biri işğal olunmuş əraziləri dondurulmuş münaqişə statusunda qoyan mümkün razılaşmanın əldə olunmasıdır.

Aİ-nin yüksək vəzifəli mənbəsi vurğulayıb ki, “təhlükəsizlik təminatları təkcə Ukraynanın bu sazişi qəbul etməsi üçün deyil, həm də müstəqil dövlət kimi yaşamasını təmin etmək üçün lazımdır”.