• Qərb
  • 9 Fevral 20:45
  •  3 902

ABŞ-ın "Soyuq müharibə" radioları bağlanır: Elon Mask düyməyə basdı

Prezident Donald Trampın administrasiyasında Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri vəzifəsini icra edən milyarder İlon Mask ABŞ-nin “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu deyib.

AzNews.az xəbər verir ki, bu haqda “X” hesabında yazan Mask bu radiostansiyalara heç kim qulaq asmadığını və onların fəaliyyətinə ildə təxminən 1 milyard dollar xərcləndiyini deyib.

"Bəli, onları bağlayın. Boğucu bürokratiya xaric olmaqla Avropa indi azaddır. Artıq heç kim onlara qulaq asmır",

-deyə o bildirib.

Onun fikrincə, bu radiostansiyaları öz-özünə danışan, dəli radikal solçular idarə edir. Eyni zamanda, hər iki radiostansiyaya ABŞ vergi ödəyiciləri tərəfindən toplanan təxminən 1 milyard dollar xərclənir.

Qeyd edək ki, “Azadlıq radiosu” və “Amerikanın səsi” bir sıra digər media orqanları kimi ABŞ hökuməti tərəfindən maliyyələşdirilir və ABŞ Qlobal Media Agentliyi tərəfindən idarə olunur.

Elon Muskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinin (DOGE) məqsədi federal hökumətin müxtəlif agentliklərində israfçılıq və səmərəsizliyi araşdırmaq və aradan qaldırmaqdır.

Musk və komandası artıq USAID kimi qurumlarda yoxlamalar aparıblar.

Muskın rəhbərlik etdiyi komanda, əsasən gənc texnologiya mütəxəssislərindən ibarətdir və federal agentliklərdə islahatlar aparmaq üçün çalışır.

AzNews.az