- Qərb
- 12 Fevral 21:52
- 1 151
Putin NATO-ya hücum etsə, cavabımız "dağıdıcı" olacaq - NATO-nun Baş katibi
NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya prezidenti Vladimir Rutin hər hansı müttəfiqlərinə hücum edərsə, cavab “dağıdıcı” olacaq.
Rutte sabah keçiriləcək və ABŞ-nin yeni müdafiə naziri Pit Heqsetin ilk dəfə qatılacağı Müdafiə Nazirləri Toplantısından öncə mətbuata açıqlama verib.
Avropanın müxtəlif kəşfiyyat agentliklərinin hesabatları fonunda NATO-nun Rusiyanın mümkün hücumuna hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Rutte, Alyansın cavab vermək üçün “yaxşı mövqedə” olduğunu təsdiqləyib.
Rutte, "Putin NATO-ya hücum etsə, cavab dağıdıcı olacaq. O, uduzacaq. Ona görə də buna cəhd etməməlidir", - deyə bildirib.
Sabah keçiriləcək iclasda müdafiə xərclərinin artırılmasının gündəmdə olacağını bildirən Rutte, bəzi Avropa ölkələrinin "daha çox" xərcləməsi lazım olduğunu qeyd edib.
Rutte uzunmüddətli perspektivdə NATO-nun çəkindirmə və müdafiə qabiliyyətini gücləndirmək üçün müdafiə xərclərinin və istehsalın sürətlə artırılmasına ehtiyac olduğunu və müttəfiqlərin müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 3 faizindən çox artıracağını gözlədiyini bildirib.
Yeni hədəfin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin hələ də davam etdiyini bildirən Rutte, hədəflə bağlı razılaşma əldə edildikdən sonra bunun üzv dövlətlər tərəfindən “vaxt itirmədən” yerinə yetirilməli olduğunu vurğulayıb.
Rutte deyib: “Biz bunu ABŞ prezidenti Donald Trampın istədiyi üçün deyil, 1 milyard insanın təhlükəsizliyini qorumaq üçün özümüzü müdafiə etməliyik".
Mövsüm
Aznews.az