"Amerikanın səsi" batdı

“Amerikanın səsi” radiostansiyası 1300-dən çox əməkdaşını inzibati məzuniyyətə göndərib.

Bu barədə qurumun direktoru Maykl Abramovits açıqlama yayıb.

Onun sözlərinə görə, “Amerikanın səsi” 83 ildə ilk dəfə yayımını dayandırıb:

“Mən bu gün səhər öyrəndim ki, “Amerikanın Səsi”nin faktiki olaraq bütün heyəti - 1300-dən çox jurnalist, prodüser və köməkçi heyət inzibati məzuniyyətə buraxılıb”.

Qeyd edək ki, “Amerikanın Səsi” ilk dəfə 1942-ci ildə yayıma başlayıb. Onun təxminən 260 milyon dollar illik büdcəsi var idi.

Xatırladaq ki, ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Amerikanın “Azadlıq radiosu” və “Amerikanın səsi” radiostansiyalarını bağlamalı olduğunu demişdi. ABŞ Prezidenti Donald Tramp isə martın 14-də 7 federal qurumun ləğvi barədə fərman imzalayıb. Həmin qurumlar arasında “Azadlıq radiosu” və “Amerikanın səsi”ni idarə edən Qlobal Media Agentliyi də yer alır.

Bundan başqa, “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyası ABŞ hökumətindən maliyyələşdirmənin dayandırılmasına dair sənədin alınmasını təsdiqləyib.

AzNews.az