• Qərb
  • 23 Aprel 21:43
  •  865

Aİ Apple və Meta-nı cərimələyib

Avropa İttifaqı (Aİ) Komissiyası İttifaqın rəqəmsal qaydalarına əməl etmədiyinə görə Apple-ı 500 milyon avro, Meta-nı isə 200 milyon avro cərimələyib.

Aİ Komissiyası Apple və Meta şirkətlərinin Rəqəmsal Bazarlar Aktı ilə bağlı öhdəliklərini pozduqlarını və buna görə də cərimələndiyini açıqlayıb.

Xatırladaq ki, Aİ qaydalarına əsasən, tətbiqlərini Apple-ın App Store mağazası vasitəsilə yayan tərtibatçılar öz müştərilərini pulsuz məlumatlandırmalı və alternativ təkliflərə yönləndirməlidirlər və Apple buna icazə verməyərək öz öhdəliyinə əməl etməmişdir.

Açıqlamada, Apple-ın tətbiq etdiyi müxtəlif məhdudiyyətlərə görə proqram tərtibatçılarının App Store-dan başqa alternativ paylama kanallarından faydalana bilməyəcəyinə diqqət çəkilib.

Açıqlamada Aİ-nin Apple-a marşrutla bağlı texniki və kommersiya məhdudiyyətlərinin aradan qaldırılması üçün əmr göndərdiyi və Apple-ın qaydaları pozduğuna görə 500 milyon avro cərimələndiyi bildirilib.

Açıqlamada Meta-nın “ödəniş və ya razılıq” modeli ilə bağlı uyğunsuzluq qərarının verildiyi də bildirilir.

Böyük platformaların Aİ-nin rəqəmsal qaydalarına əsasən qapıçı kimi təsnif edildiyi və istifadəçilərin şəxsi məlumatlarının xidmətlər arasında birləşdirilməsi üçün onlardan razılıq almalarının tələb olunduğu xatırladılıb və razılıq verməyən istifadəçilərə ekvivalent, daha az fərdiləşdirilmiş alternativ xidmətin təklif edilməli olduğu vurğulanıb.

Açıqlamada Meta-nın 2023-cü ildə "ödəniş və ya razılıq" modelini təqdim etdiyi xatırladılıb və bu modeldə Aİ istifadəçilərindən Facebook və Instagram-dan reklamsız istifadə üçün aylıq abunə haqqı və ya məlumat birləşməsinə razılıq tələb olunub.

Açıqlamada Aİ Komissiyasının Metanın modelini qaydalara zidd tapdığı və şirkətin 200 milyon avro cərimələndiyi vurğulanıb.

Açıqlamada deyilir ki, “Apple” və “Meta” Komissiyanın qərarlarına əməl etməlidir, əks halda onlar müntəzəm cərimələrə məruz qala bilərlər.

Mövsüm

Aznews.az