- Qərb
- 29 Aprel 20:50
- 863
Belçikada 1 günlük tətil: Bütün sahələrə təsir edib

Belçikada hökumətin büdcədə planlaşdırdığı ixtisardan sonra yüksək reaksiyalar olub.
Hökumətin qərarından sonra Belçikadakı xristian və sosialist fəhlə birlikləri müraciətlə çıxış ediblər.
Həmkarlar ittifaqları tərəfindən çağırılan bir çox dövlət və özəl sektor işçisi federal hökumətin işsizlik və pensiyalar kimi sosial xərclərin kəsilməsi də daxil olmaqla planlaşdırdığı "kəmər sıxma" tədbirlərinə etiraz etmək üçün bir günlük tətilə çıxıb.
Genişmiqyaslı tətil səbəbindən ölkə daxilində müxtəlif xidmətlər əhəmiyyətli dərəcədə dayandırılıb.
Xüsusilə hava limanlarında təhlükəsizlik işçilərinin və baqajların daşınması işçilərinin tətili ölkədə hava nəqliyyatına mənfi təsir göstərib.
Belçikanın Brüssel və Şarlerua hava limanlarında bütün uçuşlar tətildə iştirak edən işçilər səbəbindən ləğv edilib.
Ölkənin iki ən böyük hava limanına yalnız gələn reyslər enə bilib.
Dəmiryol işçiləri tətilə qoşulduqları üçün Belçikada qatarların əksəriyyəti ləğv edilib. Ölkə daxilində alternativ marşrutlar üzrə məhdud sayda qatar xidməti fəaliyyət göstərib.
Belçikanın Flamand və Vallon bölgələrində ictimai nəqliyyat şirkətlərinin işçiləri də tətilə qoşulub.
Paytaxt Brüsseldə ictimai nəqliyyat işçilərinin tətili səbəbindən demək olar ki, bütün metro, avtobus və tramvay xidmətləri ləğv edilib.
Antverpen limanı işçilərin tətildə iştirak etməsi səbəbindən fəaliyyətini dayandırıb.
Ölkədə müxtəlif bələdiyyə və ictimai xidmətlərin fəaliyyəti dayandırılsa da, poçt xidmətləri də fəaliyyət göstərə bilməyib.
Brüsseldə Şimal Vağzalının qarşısına toplaşan minlərlə insan hökumətə etiraz edib. Şüarlar səsləndirən nümayişçilər bir neçə kilometr uzaqlıqdakı Mont des Arts Meydanına qədər yürüş ediblər.
Həmkarlar ittifaqları ölkənin yeni hökumətinin sosial xərclərin azaldılması və qənaət siyasətini sərt şəkildə tənqid edir.
Mövsüm
Aznews.az