• Yazarlar
  • 6 Sentyabr 2023 23:01
  •  13 048

Türkiyə və Rusiyanı nə yaxınlaşdırır?

Putinin sazişdən çıxmasından sonra Ərdoğan dəfələrlə Afrika, Yaxın Şərq və Asiyanın bəzi bölgələrində ərzaq böhranının qarşısını almağa kömək edən qaydaları yeniləməyi vəd edib. Məlumdur ki, inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu buğda, arpa, günəbaxan yağı və digər məhsulların əsas tədarükçüləri Ukrayna və Rusiyadır. Düşünürəm ki, ABŞ-ın demokrat prezidenti Baydenin yıxmağa söz verdiyi, ancaq 3 ildir devirə bilmədiyi iki dövlət başçısının – Putin və Ərdoğanın Soçidəki görüşü Rusiya-Türkiyə əməkdaşlığının uğurla davam etdirildiyinin növbəti göstəricisi olmaqla yanaşı, həm də qarşıdakı mərhələnin hədəflərini aydınlaşdırmağa imkan verir.
Ənənəvi rəqiblər olan Türkiyə və Rusiya, özlərinin ticarət səviyyələri yüksəldikcə, "Türk axını" qaz kəməri və Türkiyənin ilk atom elektrik stansiyası olacaq Ağquyu kimi ortaq layihələrə girişdikcə daha da yaxınlaşıb. Ankaranın Moskva ilə münasibətləri tez-tez Qərb müttəfiqlərini narahat edirdi. 2019-cu ildə Rusiya istehsalı olan hava hücumundan müdafiə raketləri olan S300 sistemlərinin alınması Vaşinqtonun Türkiyəni ABŞ-ın rəhbərlik etdiyi F-35 gizli qırıcı proqramından çıxarmasına səbəb oldu.
Türkiyə NATO üzvü olsa da, alyansın Ukrayna müharibəsi üzərindən apardığı Rusiyanı təcrid siyasətində iştirak etmir və yaxın gələcəkdə də iştirak etməyəcək, əksinə iki ölkə arasında yeganə səmimi vasitəçi missiyasını üzərinə götürməyə iddialıdır. Bu isə o deməkdir ki, Türkiyə və daxil olduğu Türk Dövlətləri Təşkilatı (TDT) vasitəsilə Qərbin Rusiyaya qarşı “ikinci cəbhə” açmaq cəhdlərinə imkan verilməyəcək, hətta Moskva əleyhinə sanksiyaların bu coğrafiya üzərindən genişlənməsinin önü kəsiləcək.
Danışıqlardan sonra Rusiyanın Ukraynanın Qara dəniz ixracatının bərpası üçün Qərbin atmalı olduğu addımların siyahısını verməsi razılaşdırılıb. Ərdoğan Putinin mövqeyinə rəğbətini ifadə edib. Ərdoğan daha öncə Putinin Qərb ölkələrindən Qara dəniz razılaşması ilə bağlı bəzi gözləntilərinin olduğunu da dilə gətirmişdi. O, bu ölkələrin bu mövzuda hərəkətə keçməsinin çox vacib olduğunu da bildirib. Mən hesab edirəm ki, böyük ehtimalla yaxın günlərdə Xankəndinin rəsmi Bakının iradəsinə tabe etdirilməsi, Ermənistanın 2020-ci ilin 10 noyabrında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində Paşinyan hökumətinə real təzyiq silahları işə salınacaq. Nəticə olaraq Paşinyan fransız bacılarına deyil, regional əməkdaşlığa arxalanmağın zamanının yetişdiyini dərk edəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi