- Yazarlar
- 19 Sentyabr 2023 09:35
- 8 465
Ərdoğandan dördtərəfli görüş təklifi
Prezident Ərdoğan BMT Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün 16-20 sentyabr tarixlərində ABŞ-da səfərdədir. BMT-nin bütün üzv ölkələrinin təmsil olunduğu Baş Assambleyanın müzakirələrində 150-dən çox ölkə iştirak edir. Səfərdən əvvəl mətbuat konfransı keçirən Ərdoğan, Türkiyə üçün hazırlanan 2022-ci il hesabatını qəbul edən Avropa Parlamenti ilə bağlı da açıqlamalar verib. Avropa İttifaqının Türkiyədən qopmağa çalışdığını ifadə edən prezident Ərdoğan, "Aİ-nin Türkiyədən qopmaq üçün addımlar atdığı bu dövrdə qiymətləndirmələrimizi edəcəyik" deyib. Digər tərəfdən, Ərdoğan Qarabağ üçün dördtərəfli görüş təklif etdiklərini də açıqlayaraq “Putin, Əliyev, mən və Paşinyanla görüş təklif etmişik” deyib. Ərdoğan həmçinin, “dünyanın 5-dən böyük olması tezisimizin daha çox qəbul edilməsi bizi sevindirir” açıqlamasını da ifadə edib.
Ərdoğanın dördtərəfli görüş (Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan) təklifində məqsədini digər açıqlamalarının məzmunundan anlamaq olur. Çıxışında Avropa İttifaqı əleyhinə işlətdiyi tezislər bu görüş formatının regiondankənar oyunçuların bölgədəki proseslərdən kənarlaşdırmaq məqsədi daşıdığını göstərir. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsindən sonra bölgədə yeni oyunçuların və oyunçu olmağa cəhd edənlərin sayı artıb. Avropa İttifaqı prosesdə ciddi şəkildə rol alıb. ABŞ yetişən vəziyyətdən paydaş olma siyasətini işə salıb. Fransa isə özünəxas ritorikasını tətbiq etdirmək üçün dəridən qabıqdan çıxır, aktiv oyunçu görünüşü yaradır. Bu durumda Brüsselin Ankaraya yönəlik siyasətini də nəzərə alsaq, Türkiyə-Rusiya yaxınlaşmasının əsas fonda olduğunu deyə bilərik. Bunların üzərinə ABŞ rəsmilərinin Azərbaycan əleyhinə fikirlər səsləndirməsi Ankaranı görüşmələrə yeni format gətirmək ehtiyacı ilə qarşı-qarşıya qoyub. Formatın deyil işləkliyi, hətta dilə gətirilməsi belə işə yarayıb. Vaşinqtondan U dönüşü bunun göstəricisidir.
Formatın işləmə perspektivlərinə gəldikdə isə, Moskva bu təklifə iki əlli razıdır. İrəvan üçün isə eyni fikri səsləndirə bilməyəcəyik. Ancaq heç mümkün olmadığını da demək olmaz. Vaşinqtonun u dönüşünün analogiyasını Paşinyan timsalında tez-tez yaşamışıq. Üstəlik, Tehranın da İrəvana üz döndərdiyi vaxtda Paşinyan regionda Türkiyədən və Azərbaycandan başqa çıxış qapısının olmadığını anlamağa başlayacaq. Bakının Ağdam-Xankəndi yolu ilə bağlı yaratdığı reallıq da Nikolu düşündürməmiş deyil. Odur ki, dördlü formatın yaxın gələcəkdə işə düşməsinin şahidi ola bilərik.
Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi