Cinayət işi Baydenin seçilməsinə təsir göstərəcəkmi?

Ötən günlərdə ABŞ prezidentinin oğlu Hunter Bayden qanunsuz silah əldə etmə ilə bağlı federal işdə hər üç ittiham üzrə təqsirli bilindi. Münsiflər Joe Biden-in 54 yaşlı oğlunu federal lisenziyalı silah satıcısına yalan danışmaqda, ərizə formasında onun narkotik istifadəçisi olmadığını və 11 gün ərzində qanunsuz olaraq silah saxlamaqda təqsirli bilib. Hakim Maryellen Noreika Hunter Baydenin günahı sübuta yetirilərsə, onu 25 ilə qədər həbs cəzasına məhkum etmək səlahiyyətinə malikdir. Lakin cinayətin ilk dəfə törədilməsi kimi amillər cəzanın azaldılmasına imkan yaradır. Hakimin ona qarşı irəli sürülən bütün ittihamları rədd edən Hunter Baydenə həbs cəzası verib-verməyəcəyi hələ də bəlli deyil. Noreika hökmün 4 ay ərzində müəyyən olunacağına işarə edib.

ABŞ tarixində ilk dəfə olaraq vəzifədə olan prezidentin oğlu ona qarşı ittihamlarla hakim qarşısına çıxıb. ABŞ Konqresindəki respublikaçılar da Hunter Baydeni atasının siyasi mövqeyindən istifadə edərək xarici işgüzar əlaqələrdən qazanc əldə etdiyinə görə tənqid edirlər. Respublikaçıların üstünlük təşkil etdiyi Nümayəndələr Palatasının müvafiq komitələri də ABŞ prezidentinə qarşı çoxşaxəli impiçment təhqiqatında bu iddianı araşdırır. Respublikaçılar iddia edir ki, keçmiş prezident Donald Trampla bağlı iddialar siyasi səbəblərlə araşdırılır, Hunter Bayden isə atası sayəsində qorunur. Məhkəməyə müdaxilə kimi qəbul edilməmək üçün məhkəmə prosesində oğlunun işi ilə bağlı danışmağa üstünlük verməyən Co Bayden də susqunluğunu pozub. O, məsələ ilə bağlı verdiyi yazılı açıqlamada oğlunun uzun müddətdir narkomaniya ilə mübarizə apardığını və dözümlülüyünə görə onunla qürur duyduğunu bildirib və dəstəyini davam etdirəcəyini vurğulayıb.

Ənənəvi olaraq ABŞ-da Demokratlar silah alışında daha sərt təhlükəsizlik nəzarəti tələb etsələr də, Respublikaçılar Konstitusiyanın 2-ci Düzəlişinə istinad edərək silah əldə etmək azadlığına üstünlük verirlər. Qərardan sonra ekspertlər bir-birinin ardınca şərhlər veriblər. Bəzi siyasi müşahidəçilər bu vəziyyətin 5 noyabrda keçiriləcək prezident seçkilərində Co Baydenə mənfi təsir göstərə biləcəyini qiymətləndirirlər. ABŞ-ın aparıcı qəzetləri də qərarla bağlı müxtəlif şərhlər dərc ediblər. Stephen Collinsonun CNN-də yazdığı təhlildə Trampın ədalətsiz olaraq məhkəmə tərəfindən hədəf alındığına dair iddialarının bu qərarla qüvvədən düşəcəyi irəli sürülüb. Bildirilib ki, Co Baydenin oğlunu əfv etməyəcəyini bildirməsi, məhkəmə sisteminin qərəzsizliyini vurğulaması, sələfi Trampın məhkəmələrə təsir etməyə çalışması ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir. Trampın daha çox demokratlara səs verən Manhettendə mühakimə olunmasına münsiflər heyətinin tərəfsiz olmayacağı səbəbilə qarşı çıxdığı, lakin oxşar siyasi mövqeyə malik Delaver ştatında Baydenin oğluna hökm oxunduğu da vurğulanıb. Lakin bütün bunlara baxmayaraq, təhlildə Trampın məhkəmə sistemini hədəfə alaraq səs qazanmağa çalışacağı da qeyd olunub. ABŞ Nümayəndələr Palatasının Respublikaçı üzvü Marjorie Taylor Greene-nin X yazısı nümunə kimi göstərilib:
"Hunter Bayden Dərin Dövlətin qurban quzusuna çevrildi. Beləliklə, onlar Ədalətin "bərabər" bölüşdürüldüyünü göstərsələr də, Baydenlərin digər cinayətlərinə göz yumulmağa davam edəcək."

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi