Yeni dünya dünənində Azərbaycan-Çin əlaqələri

Bu gün ölkəmiz bütün önəmli regional və qlobal güclərlə kontruktiv əlaqələr formalaşdırır. Bu əlaqələr içərisində Çin xüsusi yer tutur. Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün çox önəmli tərəfdaşlar olduğunu ikitərəfli istiqamətdə atılan bütün addımlarla sübut edir. Coğrafi baxımdan biri-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq ölkəmiz dünyanın ikinci böyük iqtisadiyyatına, qlobal münasibətlərdə böyük çəkiyə və nüfuza malik bu dövlətlə demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Bunun bariz nümunəsidir ki, Astanada keçirilən ŞƏT-in növbəti zirvə toplantısı Azərbaycan Çin münasibətləri baxımından xüsusi əlamətdar oldu. Belə ki, sammit çərçivəsində Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşü Azərbaycan-Çin əməkdaşlığının genişlənməsi, dərinləşməsi və intensivləşməsi ilə yadda qaldı. Azərbaycan və Çin dövlət başçılarının arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri də bu dinamikliyə xüsusi töhvə qatdı. Dövlət başçılarının görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə Bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi şübhəsizdir.

Qarşılıqlı münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır ki, separatçılıqdan uzun illər əziyyət çəkən Azərbaycan “Vahid Çin” prinsipini qətiyyətlə dəstəklədiyini və Tayvanı Çinin ayrılmaz hissəsi kimi qəbul etdiyini bəyan etməsi, Çinin də hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi fonunda həmahəng oldu. Sənəddə vurğulanıb ki, tərəflər arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır, Azərbaycanla Çin xarici amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir. Bir müddət öncə də, eyni hadisələrin Səmərqənddə şahidi olmuşduq. 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib, 15 sentyabr 2022-ci ildə isə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.

Ölkələrimiz arasında əlaqələr çoxvektorludur. Çin Azərbaycanın ilk idxal mənbəyidir və Azərbaycanın beş əsas ticarət tərəfdaşından biridir. 2018-ci ildə Azərbaycanla Çinin xarici ticarət dövriyyəsi 1,3 milyard dollar idisə, 2023-cü ildə 3,1 milyard dolları ötüb. Bu da müvafiq surətdə 2018-ci illə müqayisədə 1,8 milyard dollar və ya 2,4 dəfə, 2022-ci ilin müvafiq göstəricisindən isə 1 milyard dollar və ya 44 faiz çoxdur. Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Bu illər ərzində Çindən Azərbaycana 930,8 mln. dollar, Azərbaycandan Çinə 263,3 mln. dollar həcmində investisiya qoyulub. Azərbaycanın işğaldan azad edilən ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin icrasına başlayıb. Ölkədə elektrik mühərrikli avtobusların istehsalı sahəsində Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə əməkdaşlığa başlanılıb. 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək COP29 tədbiri çərçivəsində BYD şirkətinin 160 ədəd elektrik mühərrikli avtobusunun və 100 ədəd elektrik enerji doldurucusunun ölkəmizə gətirilməsi ilə bağlı sifariş verilib.

Azərbaycan Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurub. “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırılıb. Çinin irəli sürdüyü “Kəmər və Yol təşəbbüsünü” ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub və Çinlə nəqliyyat–logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Bu kontekstdə "Orta Dəhliz” layihəsi Mərkəzi Asiya və Azərbaycandan keçməklə çox perspektivi olan bir layihəyə çevrilir. Ona görə də Azərbaycanla Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etməsi ilə yanaşı, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsi də Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə daxil olmasına əlavə güc verir.

Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol Bakı-Tbilisi-Qars dəmir yolu həmin dəhlizin mühüm tərkib hissəsidir. Bu yolla Avropa Anadolu və Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya, Uzaq Şərq və Cənubi Asiya ilə birləşməsi ilə yanaşı, Çindən göndərilən yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir.

Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə görüşünün nəticəsi olaraq, ölkələr arasında əməkdaşlıq bütün sahələrdə daha da dərinləşəcək, qarşılıqlı təmaslar və dialoq daha da intensivləşəcək, ikitərəfli münasibətlər yeni məzmun və keyfiyyət qazanacaq. Bütün bunıar isə bugün dünyanın ən çox ehtiyacı olan sülh, sabitlik, sosial-iqtisadi tərəqqiyə xidmət edəcək.

Züriyə Qarayeva
Aznews.az portalının siyasi şərhçisi