- Yazarlar
- 29 Dekabr 2024 18:27
- 3 387
Şücaət və peşəkarlığın təntənəsi
2024-cü ilin dekabr ayının 25-i Azərbaycan aviasiya tarixinə həm qəhrəmanlıq, həm də böyük itkilər günü kimi yazıldı. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı reysini həyata keçirərkən gözlənilməz bir hadisə ilə üzləşdi. Təyyarə Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirdi. Bu kritik anlarda ekipaj üzvləri öz peşəkarlığını, cəsarətini və insan həyatını xilas etməkdə fədakarlıqlarını bir daha sübut etdilər.
Həmin anlarda hər saniyə böyük əhəmiyyət daşıyırdı. Pilotlar və ekipaj üzvləri qarşılaşdıqları çətinliklərə baxmayaraq, təyyarəni Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirərək qəza enişi etməyə müvəffəq oldular. Bu, sadəcə texniki bilik və bacarıqların deyil, həm də soyuqqanlılığın, şücaətin və fədakarlığın parlaq nümunəsi idi. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, qəhrəman pilotlar və bələdçilər bir çox sərnişinin həyatını xilas edə bildilər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən verilən sərəncam bu qəhrəmanların göstərdiyi yüksək peşəkarlığı və şücaəti layiqincə qiymətləndirdi. Qəza zamanı həyatlarını təhlükəyə atan və sərnişinlərin xilas edilməsi üçün hər şey edən İqor Kşnyakin, Aleksandr Kalyaninov və Hökumə Əliyeva ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldülər. Həmçinin, Zülfiqar Əsədov və Aydan Rəhimli 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif olundular.
Bu təltiflər yalnız fərdi qəhrəmanlıqları deyil, həm də Azərbaycan aviasiyasının yüksək səviyyədə hazırlığını və insan həyatına verilən dəyəri simvollaşdırır. Ekipaj üzvlərinin göstərdiyi şücaət, təkcə aviasiya tarixinə deyil, həm də milli irsimizə əbədi olaraq həkk olunacaq.
Bu hadisə bizə bir daha xatırladır ki, qəhrəmanlıq yalnız meydan döyüşlərində və ya müharibələrdə göstərilmir. Hər bir peşədə, hər bir sahədə insan həyatını xilas etmək üçün göstərilən cəsarət və peşəkarlıq əsl qəhrəmanlıqdır. “Azərbaycan Hava Yolları” ekipajının hər bir üzvü, öz həyatlarını təhlükəyə ataraq, bu dəyərin ən yüksək nümunəsini göstərdilər.
Onların şücaəti və fədakarlığı həm bu günümüz, həm də gələcək nəsillər üçün əsl vətənpərvərlik dərsidir. Onların adı, Azərbaycan xalqının qəlbində əbədi olaraq qalacaq.
İlhamə HƏSƏNOVA,
Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü