- Yazarlar
- 7 Yanvar 14:57
- 1 397
Toxunmayın Fərdimə!
Bəzi Azərbaycanlılar başlayıblar Ferdi Tayfurun sərvətini müzakirə etməyə.
Ferdi Tayfurla bağlı elementar məlumatları olsaydı, belə boş şeylər danışmazdılar.
Ferdi Tayfur Türkiyə tarixində kasetləri ən çox satan müğənni idi və hələ də onun rekorlarını keçən olmayıb.
Gülhanədəki konsertinə 200 min nəfər qatılmışdı və bu da Türkiyə tarixində heç kimin keçə bilmədiyi rekorddur.
Eyni zamanda sinema (kino) aktyoru kimi də Türkiyə tarixinin rekordmenidir - sadəcə "Derbeder" adlı filmi hələ Türkiyənin əhalisi 40 milyon olduğu dövrdə kinoteatrlarda düz 12 milyon insan tərəfindən izlənmişdi. Həmin 12 milyon seyrçidən çox yox 3 dolları Fərdiyə çatanda bu edir 36 milyon.
Adamın 400-dən çox yazdığı mahnılar, onlarla film ssenariləri, çəkildiyi reklamlar, aldığı saysız ödüllər və sairə.
Yəni, Ferdi Tayfurun milyonlarla yox, milyardlarla dollar pulunun olması belə təbiidir və mən 36 illik Ferdi Tayfur heyranı olaraq onun yerinə and içərəm ki, qazandığı sərvətin içində 1 quruş belə haram para yoxdur.
Adam daha sonra inşaat şirkəti quraraq, pulunu daha da dəyərləndirib.
Onun sərvətini hesablayanlar 25 yaşına qədər Adananın 50 dərəcə istisində tarlalarda ona-buna hamballıq etdiyini, daha sonra traktor sürdüyünü, yetimliklə böyüdüyünü, 25 yaşına qədər bir dəfə də olsun qarındolusu yemək yemədiyini demirlər heç.
Ümumiyyətlə, alın təri ilə irəli gedən, hətta zəngin olan insanları müzakirə etmək mənə görə əxlaqi davranış deyil.
Kemal Sunalın bir filmi vardı : "Dokunmayın Şabanıma".
İndi, toxunmayın Fərdimə!
Mən 36 il əvvəl onun mahnılarını sevərək dinləyəndə, bəlkə də Azərbaycanda heç kim tanımırdı Ferdi Tayfuru.
İndi hamı başımıza Ferdiçi kəsilib.
Zaur BAYRAMLI,
Vaşinqton