Verilən təlimata uyğun hərəkət edirlər

Bayden adminstrasiyaının Ermənistanla de-fakto strateji tərəfdaşlığı de-yureləşdirməsi və İrəvanda Avropa Birliyinə üzvlüyə "hazırlıq" tədbirləri bir-birinə bağlı məsələlərdir. Nikol Paşinyana bu haqda təlimat ötən il 5 apreldə Brüsseldə keçirilən üçtərəfli görüşdə verilib. Yəni nə Avropa Birliyinə üzvlüklə bağlı Ermənistan hökumətinin qərarı, nə də ABŞ ilə bu strateji tərəfdaşlıq anlaşması haylarlıq məsələdir. Onlar sadəcə verilən təlimata uyğun hərəkət edirlər.

Və açığı, Baden administrasiyası belə bir anlaşmayla guya Trampla komandasını fakt qarşısında qoymağa çalışdığı haqda deyilənləri mən bölüşmürəm. Ermənistanla bu anlaşma da, hakimiyyətdə son günlərini yaşayan Bayden-Blinken cütlüyünün Ukraynaya yanaşmada atdıqları son addımlar da, fikrimcə, Trampı çətin vəziyyətə salmağa yox, onun manevr imkanlarını artırmağa, gələcək sövdələşmələrdə əlini güclü etməyə hesablanıb.

ABŞ-də administrasiyalarının dəyişməsi zamanı belə razılaşdırılmış addımlar az atılmayıb. Amma bu, heç də Trampın da bizim regiona yanaşmada Baydencəsinə davranacağı demək deyil. ABŞ-dəki hay faktoru, yaxud da Ermənistandakı sorosçuların qərbpərəstlik dozalarını artırıb-azaltmaları yox, qlobal və regional müstəvidə proseslərin hansı yöndə gedəcəyi, bizim ABŞ-nin yeni rəhbərliyi ilə aparacağımız danışıqlar burada öz sözünü deyəcək.

Özləri də bunu bildikləri üçün Ermənistanda Azərbaycanın Minsk qrupunu buraxmaq təklifinin "nəzərdən keçirildiyini" deyirlər. Halbuki, bu təklif Paşinyan "Qarabağ Azərbaycandır" deyən gün nəzərdən keçirilməli və bu yöndə konkret addımlar atılmalı idi. Blinkenlər, makronlar izn vermədilər. İndi də haylar bu "nəzərdən keçirmək" formulunu Tramp adminstrasiyaının bizim regionla bağlı mövqeyi konkretləşənədək vaxt uzatmaq üçün ortaya atıblar. Əgər görsələr ki, yeni administrasiya da əvvəlki kimi formaca haymərkəzli, məzmunca hayalətli siyasət yeridir, onda Azərbaycanın Minsk qrupuyla bağlı tələbinin yerinə yetirilməməsi üçün çeşidli bəhanələr uydurulacaq, yenə sözdə sülhdən dəm vurulacaq, əməldə isə revanşizm üçün fürsət axtarılmağa çalışılacaq.

Fəqət bütün hallarda Ermənistana belə bir fürsət verilməyəcək. Əgər irəvandakılar düşünürlərsə ki, ABŞ ilə strateji tərəfdaşlıq onları bütün təhlükələrdən hifz edəcək, onda özlərindən əvvəl eyni anlaşmanı imzalayan bəzi dövlətlərin üzləşdikləri reallıqları yada salsınlar. Onlar elə də uzaqda yerləşmirlər.

Sahib ALIYEV,

Milli Məclisin üzvü