Dəhlizli, yaxud dəhlizsiz...

Azərbaycan Prezidenti cənab İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Zəngəzur dəhlizindən danışarkən bizə qarşı edilən bir sıra ədalətsizlikləri xatırlatdı ki, bu da səbəbsiz deyil. Həmən ədalətsizlikləri edənlərin son zamanlardakı davranışlarından da görürük ki, deyəsən əvvəlki xislətləri yenə qalmaqdadır.

Tarixin istehzasına baxın ki, Qərbi Zəngəzuru qanunsuz şəkildə Azərbaycandan alıb Ermənistana verənlər, hayları bizim regiona köçürüb onlara burada forpost funksiyası daşısa da, dövlət yaradanlar indi ağıllarına gətirmədikləri bir reallıqla üzləşiblər. Ermənistanın üçtərəfli bəyanatda Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinin səbəblərindən biri elə məhz orada gediş-gəlişə Rusiyanın nəzarət etməsini istəməməsi ilə bağlıdır. Halbuki bunun həmən sənəddə əksini tapması bir yana, əgər Rusiya olmasaydı, Azərbaycandan Azərbaycana gediş-gəliş üçün hər hansı dəhlizə ehtiyac qalmayacaqdı.

Amma dəhlizli, yaxud dəhlizsiz fərq etmir- ölkəmizin bir hissəsindən digər hissəsinə gediş-gəliş maneəsiz olmalıdır ki, bugünkü müşavirədə cənab Prezident yenidən onu vurğuladı.

Qarşı tərəfdə doğrudan da tranzit ölkəyə çevrilmək, haqqında ağızdolusu danışdıqları "Sülh qovşağı" layihəsində nəzərdə tutulanların heç olmasa bir hissəsini reallaşdırmaq istəyirlərsə, onda cənab İlham Əliyevin bununla bağlı dediklərinin üzərində düşünməli, Azərbaycan izn verməsə onun sadəcə kağız parçası olaraq qalacağını dərk etməlidirlər. Edəcəklərmi, azacıq da olsa, xislətlərindən, buferlik funksiyasından əl çəkərək, subyektlik sərgiləsələr, yəni öz milli maraqlarını üstün tutsalar bəli. Fransanın, "Zəngəzur dəhlizi sizin maraqlarınıza uyğun deyil" deyən digərlərinin diqtəsi ilə hərəkət etsələr çətin.

Fikrimcə, cənab Prezident Azərbaycanın "Zəngəzur dəhlizi sizin maraqlarınıza uyğun deyil" deyənlərlə birgə reallaşdırdığı yeni layihənin Etmənistanı “baypas” etdiyini, yəni dalanda saxladığını həm də hayların bir də düşünüb-daşınmaları üçün diqqətə çatdırırdı.

Əgər onlar bütün bu xəbərdarlıqlardan və ayıldıcı açıqlamalardan düzgün nəticə çıxarsalar, Zəngəzur dəhlizi açılacaq, çıxarmasalar açdırılacaq.

Sahib ALIYEV