Nə Ukrayna, nə də Rusiya udacaq

Baxıram, burada Prezident Trampın Rusiya-Ukrayna savaşıyla bağlı səsləndirdiyi fikirləri Moskvanın qələbəsi kimi təqdim etməyə çalışanlar, yaxud da vəziyyətin doğrudan da belə olduğunu düşünənlər var. Onlar bu durumun yaranmasında ABŞ və Ukraynanın dövlət başçılarını ittiham edirlər. Birincini ona görə ki, guya eyni dünyagörüşün daşıyıcıları olmaları səbəbindən o, Putinə güzəştə getməyə üstünlük verir. Bəziləri hətta konspiroloji "dərinliklər"ə baş vuraraq cənab Trampın Rusiyanın agenti olduğuna da eyham vururlar.
Cənab Zelenskiyə isə zamanında düzgün siyasət yeritməməsi irad tutulur. Ancaq bir şey unudulur ki, Zelenski hakimiyyətə gəlməmişdən öncə artıq Ukraynının işğalı başlanmışdı və qərbdəkilər Moskvanı bunu davam etdirməyə həm həvəsləndirir, həm də sövq edirdilər.

NATO-ya üzvülüyünə qarşı çıxdıqlarını gizlətmədikləri Ukraynanın o zamankı Prezidenti Poroşenkoya 2014-cü ildə Minsk protokolunu imzalatdıran Almaniya və Fransa guya anlamırdılar ki, bu, Moskvanın növbəti təcavüzünə yaşıl işıq yandırmaq deməkdir? ABŞ-nin keçmiş Prezidenti Baydenin 2022-ci il işğalı öncəsi səsləndirdiyi bəyanat yadınızdadır? O deyirdi ki, Rusiya Ukraynanın yenidən torpaqlarını ələ keçirməyə hazırlaşır. Əgər çox torpaq ələ keçirsə, ABŞ-nin reaksiyası bir cür, az torpaq ələ keçirsə, başqa cür olacaq. Demirdi ey, bu yolverilməzdir! Rusiyaya işğala baş vurarsa, sövdələşmək üçün şans olduğunu çatdırırdı.
Bir də Zelenski məgər siyasətçi idi ki, o, zamanında düzgün siyasət yeritməməkdə ittiham olunur? Axı siyasətçiliyi ancaq filmdə oynamış birinin qələbəsi ilə nəticələnən 2019-cu il seçkisi də, 2022-ci ildə Prezident Zelenskinin ABŞ Konqresi qarışıq qərb ölkələrinin parlamentlərində ayaqüstdə qarşılanıb alqışlanması da bəlli bir məqsədə xidmət edən sırf şou idi. İndi haradadırlar o çəpik çalanlar, niyə mısıb durublar?

Məhz həmən 2022-ci ldə ABŞ Prezidenti demirdi ki, Ukrayna nə qədər ehtiyac duyursa, ona bir o qədər də yardım göstəriləcək? Aradan bir il keçəndənən sonra Baydenin "Ukrayna nə qədər ehtiyac duyursa, ona bir o qədər də yardım göstəriləcək" vədi artıq "nə qədər imkan varsa, bir o qədər dəstəklənəcək”lə əvəzlənmişdi. Dönüb arxaya nəzər salsaq, görəcəyik ki, bu fikir ABŞ ilə Rusiya təmsilçiləri arasında Ukraynanın gələcəyi ilə bağlı ukraynalılarsız danışıqlar gedəndə səsləndirilməyə başladıldı. ABŞ-nin xarici siyasətinin bəlirlənməsində mühüm rol oynayan görkəmli srtateq, siyasətşünas, dövlət başçısına və Pentaqona milli təhlükəsizlik məsələləri üzrə məsələhət vermiş mütəxəssislərdən ibarət dördlüyün(Riçard Haas, Çarlz Kupçan, Tomas Qrem və Meri Bet Lonq) Rusiaynın xarici işlər naziri Sergey Lavrovla 2023-cü ilin aprelində keçirdikləri görüş haqda "Foreign Affairs"də dərc edilən məqaləni aranızda oxuyan yəqin ki, var. Məhz həmən məqalədə ABŞ-nin Xarici Siyasət Şurasının Prezident Trampın indi səsləndirdiyi "döyüş səhnəsindən, danışıqlar masasına keçid planı"ndan bəhs edilir.

Yəni deməyim odur ki, ABŞ-nin Rusiya-Ukrayna savaşıyla bağlı indi yeritdiyi siyasət Trampın şəxsi mövqeyi deyil, üzərində hələ hakimiyyətə gəlməmişdən iş gedən bir plandır. O, sadəcə həmən plana özünə xas şəkildə bir az epatajlıq və şou elementləri əlavə edib, vəssalam.

Bu savaşda kimin udub-uduzmasına gəldikdə, axı Vaşinqtondakılar da açıq deyirlər ki, o, nə Rusya olacaq, nə də Ukrayna. Və tam da düz deyirlər. Yadımdadır, mən hələ təzə başlayarkən yazmışdım ki, necə nəticələnməsindən asılı olmayaraq bu savaşda nə Ukrayna, nə də Rusiya udacaq. Rusiyanı bu savaşa sövq edən və həvəsləndirənlərin, Ukraynanı plasdarma çevirənlərin məqsədləri burada kiminsə udub-uduzması yox, iki slavyan xalqı arasında düşmənçilik yaranması, nə qədər mümkündürsə, o qədər uzun davam etməsi idi ki, onun birinci hissəsi tam reallaşdırılıb. İndi isə ikinci mərəhələyə, yəni düşmənçiliyin uzunmüddətliliyinin təmininə hazırlıq görülür.

Rusiya və Ukrayna bundan qaça bilərdilərmi? Əlbəttə, qaça bilərdilər. Bəs niyə qaça bilmədilər? Bax, bu sualın cavabı Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinin CGTN kanalına verdiyi intervüdəki əslində elə həm də öz rəsminin cızıldığı əsl lider haqqındakı açıqlamasındadır. O açıqlamaya bir də baxın, görün SSRİ dağılandan Rusiya və Ukraynanın başında duranlardan hansı o əsl lider satandartlarına cavab verib. Onların arasında belə biri olubmu?

Sahib ALIYEV,

Milli Məclisin deputatı