Zəfərə gedən yolun başlanğıcı

Bir millətin sahib olduğu ən önəmli şey vətənidir. Yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, qürur mənbəyidir Vətən. Vətən sərhəddən başlayır. Müharibələr vətən üçün baş verir, qələbələr vətən üçün qazanılır. Vətən sevgisi ata mirası kimi nəsildən nəsilə ötürülür, vətən sevdası beləcə müqəddəsləşir. Uğrunda canını fəda edə bilən insanların olması torpağı vətən edir. Tariximiz boyu yadellilərə qarşı döyüşən böyük sərkərdələrin yolu ilə addımlayan qəhrəman Azərbaycan xalqı üçün vətənpərvərlik həyat tərzinə çevrilib. Vətənpərvərliyimiz minillərin sınağından keçərək bizim həyat tərzimiz, yaşam standartımız olub.

Müasir Azərbaycanın hərb tarixində aprel döyüşləri kimi tarixə düşən 4 günlük müharibə 2016-cı ilin aprel 1-dən 2-nə keçən gecə təcavüzkar Ermənistan Silahlı qüvvələrinin təxribatının şanlı ordumuz tərəfindən qanı, canı və döyüş qabiliyyəti hesabına əldə olunan zəfər günlərimizdən biridir. Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.Ermənilər uzun illərdir ki , orada müdafiə-istehkam qurğuları qurub mövqelərini bərkitmişdilər. Həmin ərazilərdə düşmən 1994-cü ildən bu günə qədər səngərlər qazıb oturmuşdu. İllərdir ki, müdafiə sistemi qurmaları barədə təbliğat aparırdılar. Bizim əsgərlərimiz Lələtəpəni almaqla onların ön xətdə duran bölmələrinin ikinci eşelon bölüyünün müdafiə sistemini darmadağın etdilər. Piyada əsgərlərimiz qısa müddət ərzində həmin yüksəklikləri ələ keçirdilər. Aprel döyüşləri 44 günlük tarixi Zəfərimizə gedən yolun başlanğıcı oldu.Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı.

Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə, Vətən qarşısındakı xidmətlərinə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” yüksək fəxri ada layiq görülüb, orden və medallarla təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin xalqımız üçün önəmini açıq şəkildə ifadə edir: “Aprel döyüşləri bir daha göstərdi ki, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Azərbaycan xalqı qəhrəman xalqdır”

Samirə Hüseynova,

AzNews.az