- Yazarlar
- 7 Aprel 19:16
- 3 774
Azərbaycan etibarlı tərəfdaşa çevrilib

Tam müstəqil xarici siyasət yeritməklə, öz milli maraqlarının yüksək səviyyədə təmin olunması istiqamətində böyük nailiyyətlərə imza atmaqda davam edən Respublikamız müstəqil xarici siyasət yeritməklə, unikal enerji diplomatiyasının konseptual əsaslarının böyük müdrikliklə hazırlayır və dəqiqliklə həyata keçirir. Bütün bunlar ölkənin milli maraqlarının qorunmasında və yüksək iqtisadi inkişaf tempi əldə etməsində həlledici rol oynamaqdadır. Enerji faktoru bu gün dünyada cərəyan edən proseslərin xarakterini müəyyənləşdirməklə yanaşı eyni zamanda ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsinə çevrilir. Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti, Azərbaycanın enerji təchizatçısından etibarlı tərəfdaşa çevrilməsinə səbəb olub.
Bu səbəbdən aprelin 4-də Bakıda növbəti mötəbər tədbir "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü toplatısı keçirilib. Toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələr iştirak ediblər.Toplantı açılış sessiyasından sonra işini nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı, inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarla davam etdirib. Toplantının keçirilməsində məqsəd enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılması, həmin məsələlərin həllində və birgə səylərin əlaqələndirilməsi mühüm rol oynayır.
Bu baxımdan Cənub Qaz Dəhlizi Azərbaycanın enerji strategiyasının ən vacib komponentidir. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasından verdiyi mesajlar, şübhəsiz, enerji böhranı ilə üz-üzə qalan Qərb dünyasının enerji siyasəti üçün “yol xəritəsi” rolunu oynayacaq. Ölkə başçısı cənab İlham Əliyev iclas zamanı çıxışında qeyd edib ki, Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün maliyyələşmə lazım olacaq. Burada vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır.
Çıxışında Prezident İlham Əliyev bildirib ki, Bakıda keçirilmiş son görüşdən, yəni 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrilib: “Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır”. Cənub Qaz Dəhlizinin 3500 kilometrlik inteqrasiya olunmuş boru kəməri sistemi – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hazırda tam gücü ilə fəaliyyət göstərir və layihənin genişləndirilməsi diqqət mərkəzindədir. “Azəri-Çıraq-Günəşli” (AÇG), “Şahdəniz” və “Abşeron” bu gün bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Azərbaycanın yeni neft-qaz yataqları ilə bağlı planları da tədbirin gündəmində yer aldı. AÇG Dərin Qaz Strukturu və “Abşeron” yatağının ikinci fazası ilə hasilat daha da artacaq. Bu, həm ölkənin ixrac potensialını yüksəldəcək, həm də Avropa bazarında enerji ehtiyaclarının ödənilməsində mühüm rol oynayacaq.
Azərbaycan dünyada yalnız qaz ixracatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji mənbələrinə sərmayə yatıran ölkə kimi də mövqeyini möhkəmləndirməkdədir. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycanın Avropaya yaşıl enerji ötürəcək dənizaltı kabel layihəsinin texniki əsaslandırmasının son mərhələdə olduğu qeyd edilib. Dövlətimizin başçısı vurğulayıb ki, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq.
Samirə HÜSEYNOVA,
AzNews.az