Sertifikatlaşdırma

Təhsil sistemində hər islahat yeni bir başlanğıcdır. Amma bu başlanğıcın uğurlu olub-olmaması onun necə tətbiq olunmasından, ən əsası isə o islahatın mərkəzində duran insan – müəllimin necə qarşılamasından asılıdır. Son illərdə Azərbaycanda həyata keçirilən sertifikatlaşdırma prosesi də belə bir başlanğıcdır.

Bir müəllim kimi bu prosesi sadəcə bir qiymətləndirmə imtahanı kimi görmürəm. Əksinə, bu, həm özümə, həm də peşəmə tutduğum güzgüdür. Bilirəm ki, bu proses zaman alır, çətinliklər gətirir, bəzən narahatlıqlar doğurur. Amma eyni zamanda bu, təhsildə keyfiyyətin artması, müəllimlərin inkişafı üçün atılan real addımdır.

2024-cü ildə sertifikatlaşdırmadan keçən 23 497 müəllimin 9018-nin maaşına 35%, 14 479-nun maaşına isə 10% əlavələrin edilməsi bu prosesin konkret nəticələr verdiyini göstərir. Sadəcə ədalətli və şəffaf bir sistemin varlığı belə müəllimin içində yeni bir motivasiya oyanmasına səbəb ola bilir. 2022-2024-cü illərdə bu prosesə 65 minə yaxın müəllimin cəlb olunması da islahatın miqyasını və əhatəliliyini göstərir.

2025 və 2026-cı illərdə biologiya, fizika, kimya, coğrafiya, informatika, tarix, musiqi, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə müəllimlərini əhatə edəcək növbəti mərhələlər göstərir ki, bu sadəcə bir mərhələ yox, davamlı və sistemli bir yanaşmadır. Və burada əsas məqsəd – müəllimi yoxlamaq yox, onu inkişaf etdirmək, dəstəkləmək və cəmiyyət qarşısında nüfuzunu artırmaqdır.

Bu sahədə dünya ölkələrinin təcrübəsinə baxdıqda görürük ki, uğurlu təhsil sistemi olan ölkələrdə müəllimlərin davamlı inkişafı mütləq şəkildə dəstəklənir və izlənir. Hər zaman nümunə çəkdiyimiz Finlandiyada müəllimlər universitet səviyyəsində geniş pedaqoji hazırlıq alır və məzun olduqdan sonra da peşəkar inkişaf proqramlarında iştirak edirlər. Onlarda sertifikatlaşdırma imtahanı olmasa da, müəllim olmaq özü çətin bir mərhələdir və müəllimlər ömürboyu öyrənmə mədəniyyətinə sahib olurlar.

Sinqapurda müəllimlərə hər il fərdi inkişaf planı hazırlanır. Dövlət müəllimin hansı sahədə inkişaf etməli olduğunu müəyyən edir və uyğun təlimləri təklif edir. Orada “Müəllim Akademiyaları” adlı mərkəzlər fəaliyyət göstərir və burada müəllimlər həm öyrənir, həm də başqalarına mentorluq edirlər.

Estoniyada müəllimlər peşəkar inkişaf üçün müəyyən kreditlər toplamalıdırlar. Hər bir müəllimin illik inkişaf planı olur və bu plan məktəb rəhbərliyi ilə birlikdə hazırlanır. Hökumət təlim və inkişaf fəaliyyətlərini birbaşa maliyyələşdirir.

Kanadada isə müəllimlərin lisenziyasının müddəti var və bu müddət ərzində müəllimlər müəyyən sayda peşəkar inkişaf tədbirlərində iştirak etməlidirlər ki, lisenziyalarını yeniləyə bilsinlər.

Bu ölkələrin təcrübəsində ortaq bir cəhət var: müəllim təhsil sisteminin əsas fiqurudur və onun inkişafı dövlət siyasətinin mərkəzində dayanır. Bütün sistem müəllimin yanında dayanır, onu nəzarətdə saxlamır – dəstəkləyir.
Bəs bizdə başqa nə edə bilərik?

Sertifikatlaşdırma ilə paralel şəkildə bir sıra alternativ və ya tamamlayıcı təşəbbüslər də həyata keçirilə bilər:
Məktəbdaxili inkişaf qrupları yaradılmalıdır. Müəllimlər öz məktəblərində və rayonlarda müzakirə və paylaşım mühitində bir araya gəlməlidir. Həftəlik və ya aylıq "təcrübə paylaşımı günləri", "açıq dərs həftələri" təşkil oluna bilər. Əslində bu bizim üçün yad təcrübə deyil, amma mən formal xarakterli yox, həqiqətdə edilməli olan "peer observation"-dan (yoldaş müşahidəsi) danışıram.

Tədqiqat yönümlü müəllim inkişafı təşviq olunmalıdır. Müəllimlərə öz dərslərini müşahidə etmək, nəticələrini təhlil etmək və kiçik tədqiqatlar aparmaq üçün imkanlar verilməlidir.

Müəllim portfolioları sistemləşdirilməlidir. Müəllimlərin ilboyu gördüyü işləri, dərsdə tətbiq etdiyi metodları, əldə etdiyi uğurları əks etdirən portfoliolar onların peşəkar inkişafının təbii hissəsinə çevrilməlidir. Bizdə bəzən müəllimlər bunu sosial şəbəkələrdə paylaşırlar, amma bu nə dərəcədə uğurlu olur? Bax bu sual altındadır...

Və ən mühüm olanlardan biri də psixoloji dəstək və motivasiya proqramları tətbiq edilməlidir. Müəllimlərin emosional vəziyyəti onların tədrisinə birbaşa təsir göstərir. Sertifikatlaşdırma kimi proseslər zamanı psixoloji dəstək sistemləri də mütləq nəzərə alınmalıdır.

Müəllim Akademiyası və ya “Peşəkar Müəllim Mərkəzləri” yaradılaraq, burada həm təlim, həm mentorluq, həm də elmi-pedaqoji fəaliyyət bir araya gətirilə bilər.

Nəticə olaraq bəli, sertifikatlaşdırma bir yoxlama prosesidir. Amma əgər düzgün yanaşsaq, bu eyni zamanda müəllim üçün yeni bir başlanğıcdır. Müəllim öz bacarığını tanıyır, zəif tərəflərini görür, dəstək alır, inkişaf edir. Bu yolda müəllim yalnız buraxılmamalıdır. Onunla birlikdə addımlamalıyıq – həm təhsil rəhbərləri, həm valideynlər, həm də cəmiyyət.

Çünki biz hamımız eyni məqsəd uğrunda çalışırıq: uşaqların daha yaxşı təhsil alması. Bu məqsədə isə yalnız güclü, inamlı və dəyərləndirilən müəllimlə çatmaq mümkündür.

Günay ƏKBƏROVA,

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi