İlham Əliyevin Çin səfəri

Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri ölkəmizin Çinlə əlaqələrinin inkişafında mühüm bir hadisə kimi tarixə düşür. Bu səfər iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində atılmış əhəmiyyətli bir addım olmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və yerinin təsdiqidir.

Prezident İlham Əliyevin Çinə səfərinin dövlət səfəri statusunda keçirilməsi dünyanın ən böyük iqtisadi və siyasi güclərindən biri olan Çinin Azərbaycanla əlaqələrə verdiyi önəmin göstəricisidir. Bu səfər Azərbaycanın beynəlxalq arenada etibarlı və strateji tərəfdaş kimi qəbul edildiyini bir daha təsdiqləyir. Həmçinin, bu, Azərbaycanın müstəqil siyasət yürütmək və böyük dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq bacarığının təzahürüdür.

ƏIbəttə, unutmaq lazım deyil ki, hər belə səfər Azərbaycan Prezidentinin beynəlxalq səviyyədə artan nüfuzunun bir göstəricisidir. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionun lider dövləti kimi beynəlxalq siyasətdə mühüm rol oynayır. Bu səfər həm də Azərbaycanın qlobal arenada mövqeyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Azərbaycanla Çin arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələri dövlət səfəri zamanı hərtərəfli strateji əməkdaşlıq səviyyəsinə yüksəldildi. Hər iki ölkə bir-birini prioritet tərəfdaş kimi qəbul edir və bu əməkdaşlıq müasir dövrdə daha da əhəmiyyət qazanır. Bu münasibətlərin güclənməsi, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində yeni imkanlar yaradır.

Azərbaycan və Çin bir-birinin milli maraqlarını, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Xüsusilə, Çin Azərbaycanın ərazi bütövlüyünü və sülh təşəbbüslərini dəstəkləyərək, beynəlxalq hüququ əsas götürən mövqeyə malikdir. Azərbaycan da öz növbəsində “Vahid Çin” siyasətinə sadiqliyini təsdiqləyir. Bu qarşılıqlı dəstək, iki ölkə arasındakı əlaqələrin dayanıqlı və etibarlı əsasda qurulmasına zəmin yaradır.

Azərbaycan və Çin arasında ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq daha da genişlənir. Dövlət səfəri çərçivəsində investisiya əməkdaşlığı üzrə İşçi Qrupun yaradılması qərarı Azərbaycanın iqtisadiyyatının diversifikasiyasına mühüm töhfə verəcək. Bundan əlavə, sənayenin rəqəmsal transformasiyası, bərpa olunan enerji, neft-kimya və tekstil sənayesi kimi sahələrdə əməkdaşlıq perspektivləri daha da genişlənir.

Azərbaycan, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Çinin strateji tərəfdaşlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələr, Azərbaycanın tranzit potensialını artıraraq, ölkənin regionda və dünyada nəqliyyat-logistika mərkəzinə çevrilməsinə şərait yaradır.

Taleh ŞAHSUVARLI