Azərbaycan dili

Dil insanlar arasında təkcə ünsiyyət faktoru deyil, o, xalqın kimliyini, mentalitetini əks etdirən, maaddi mənəvi irsini qoruyan vasitə, eyni zamanda xalqın varlığının əsas təmsilçisidir. Dil nəinki özündə tarix yaşadır, o, insanın keçmişi, bugünü və sabahına körpü rolunu oynayır. Dil insanın dünya görüşünün genişlənməsində, təhsil almasında, şəxsiyyət kimi cəmiyyətdə formalaşmasında böyük rola malikdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi : “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan, inkişaf etdirən onun dilidir”. Azərbaycan dili əcdadlarımızdan bizə qalan ən dəyərli mirasdır və dilimizin bugünkü inkişaf səviyyəsinə yüksəlməsi heç də asan olmayıb. Tarixən mürəkkəb ictimai-siyasi rejimlərdən üzüağ çıxan, müdaxilələrə – assimilyasiyaya qarşı davamlı olan Ana dilimiz tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlığımızdır. Qədim və zəngin tarixə, ənənəyə, rəngarəng dil faktlarına, inkişaf etmiş fonetik, leksik və qrammatik sistemə, çoxcəhətli və əhatəli üslublara malik olan Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarım-qrupuna daxildir. Tarixə nəzər yetirsək görərik ki, VII əsrdən başlayaraq, Azərbaycana ərəblər, monqollar, farslar, ruslar və digər işğalçılar hücum etmişlər. Yadellilərin işğalı və istilası dilimizin müstəqil istifadəsini məhdudlaşdırsa da, hürriyyətimizə hər qovuşduğumuzda ilk olaraq dilimizi dövlət dili kimi elan etmişik.

Sovet dövründə quruluşun müəyyən təzyiqlərinə, diktələrinə baxmayaraq, Ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsinə əsl fədakarlıq göstərmişdir. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə, zənginləşə-zənginləşə nüfuz qazanmasına böyük əhəmiyyət verilirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni belə redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin hərtərəfli inkişafı, diplomatik aləmə yol açması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrildi. Ulu öndərin təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi 21-ci maddədə öz əksini tapdı. Konstitusiyanın 21-ci maddəsində yazılır “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. 2001-ci ildə Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında 506 saylı fərman, Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiqi, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməsi, 2002-ci il 30 sentyabrda “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilməsi və s. qanun və sərəncamlar ana dilinə olan sevgisinin ən bariz nümunələrindən sayıla bilər. Qanunlar əsasında Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında və digər qurumlarda, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.

Ulu öndər Heydər Əliyevin dil siyasəti özünəməxsus möhkəm prinsiplər əsasında qurulmuşdur. O, Azərbaycana rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illərdə həmişə Azərbaycan dilinə böyük hörmət və qayğı ilə yanaşmışdır. O, Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş təntənəli yubiley iclasında 25 il əvvəli xatırlayaraq belə demişdi: “Xatirimdədir, universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qəbul olundu- nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində pis danışmır. Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını bildirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər”. Ulu öndər Heydər Əliyevin ana dilində söylədiyi nitqinin əks-sədaya səbəb olması o dövr üçün sözün əsl mənasında qəhrəmanlıq idi. Qurultayda Heydər Əliyevin bir tövsiyəsi də diqqət çəkmişdi. Ümummilli lider Heydər Əliyev Vətəndən kənarda çalışan soydaşlarımıza məsləhət gördü ki, yaşadığı ölkənin dilini bilməlisi təbiidir, amma öz dilimizi unutmamalıdır. Bu qətiyyətli xəbərdarlığın arxasında böyük bir vətəndaşlıq, təəssübkeşlik, dilə bağlılıq və yurd sevgisi duyulurdu.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. 2004-cü il 13 yanvar tarixində imzaladığı "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında"kı sərəncamı, 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası", 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası", 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası" seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. Bu gün inam və qətiyyətlə deyə bilərik ki, dilimizin inkişafının əsas qarantı məhz dövlət başçısı İlham Əliyevdir.

Milli varlığımız olan Azərbaycan dilinin saflığını qorumaq, yad təsirlərdən mühafizə etmək bizim borcumuzdur. Hər bir Azərbaycan vətandşı ana dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalı, gələcək nəsillərə ərmağan etməlidir.

Samirə Hüseynova