- COP29
- 6 Noyabr 21:26
- 877
COP29: Azərbaycanın sülh təşəbbüsü, prioritetlər, gözləntilər - Leyla Rəşidin məqaləsi
Azərbaycan əvvəlki uğurlarına əsaslanaraq iqlim dəyişikliyi ilə bağlı qlobal çağırışa zəmin yaratmaq məqsədilə BMT-nin COP29 sammitinə ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 iqlim sammitində iqlimin maliyyələşdirilməsi və iqlim böhranından təsirlənən inkişaf etməkdə olan ölkələr üçün vəsaitlərin cəlb edilməsi diqqət mərkəzində olacaq.
Bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, Beynəlxalq Kommunikasiya və Media Mərkəzinin sədri, İtaliyanın Beynəlxalq İqtisadi Siyasi Araşdırmalar İnstitutunun üzvü Leyla Rəşidin “COP 29: Azərbaycanın sülh təşəbbüsü, prioritetlər, mübahisəli məsələlər və gözlənilən nəticələr” sərlövhəli məqaləsində yer alıb. AzNews.az məqaləni təqdim edir.
Nə üçün Azərbaycan?!
Qlobal iqlim müzakirələri fonunda dövlət və hökumət başçıları, dünyanın aparıcı beynəlxalq qurumlarının iştirakı ilə Bakıda təşkil olunacaq COP29 hər şeydən əvvəl Azərbaycanın siyasi nüfuzunun və iqtisadi inkişafının göstəricisidir. Dünyanın əksər ölkələrinin, o cümlədən ABŞ, Rusiya, Çin, Braziliyanın dövlət başçılarının bəyanatlarında COP29-un Azərbaycanda keçirilməsi qərarına siyası dəstək ifadə olunub. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktub bu dəstəyi əsaslandırır: “Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq”.
Dünyanın müxtəlif ölkələrinin rəsmiləri, ictimai xadimləri, tanınmış ekspertləri də Azərbaycanın COP29-u uğurla təşkil edəcəyinə və hədəflərinə çatacağına əmindirlər. Prezident İlham Əliyevin də vurğuladığı kimi, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Konfransın Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın bərpaolunan enerjidən istifadəsi, enerji səmərəliliyi və iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə geosiyasi fəallığının nəticəsidir.
Azərbaycan bu mötəbər tədbirədək BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına ən çətin dövrdə rəhbərlik edib. Azərbaycanın məqsədyönlü və uğurlu təşəbbüsləri beynəlxalq təşkilat tərəfindən dəstəklənib, COVID-19 təhlükəsinin aradan qaldırılmasında mühüm rol oynayıb.
Azərbaycanın COP29 sülh vizionu
COP29-a ev sahibliyi edən Azərbaycan BMT-nin builki iqlim sammiti üçün hazırda bütün dünyada münaqişələri dayandırmaq təşəbbüsünü irəli sürdü. 127 ölkə və 1100-ə yaxın qeyri-dövlət qurumu tərəfindən Bakının bu müraciəti dəstəklənərək əhəmiyyətli rəğbət qazandı. Hökumətlər Bakının təşəbbüsünə əməl etsələr, noyabrın 11-dən 22-dək COP29 danışıqlarında Azərbaycanın sədrliyi ilə dəstəklənən “COP29 sülh vizionu” çərçivəsində diplomatlar iqlimlə bağlı fəaliyyətin daha incə detalları üzrə müzakirə apararkən Qəzzadan tutmuş Ukraynaya qədər müharibələr dayanacaq.
Bu gün dünyanın müxtəlif bölgələrində 50-dən çox münaqişənin etibarsızlığa və ağır humanitar böhranlara səbəb olduğu bir vaxtda sülh təşəbbüsü çox aktual səslənir. Münaqişədən təsirlənmiş bölgələrdə iqlim fəaliyyətini gücləndirmək məqsədi daşıyan təşəbbüsün BMT tərəfindən dəstəklənməsi Azərbaycanın dünyada sülh istəklərini əks etdirir. Bakı istəyir ki, ölkə liderləri və diplomatlar iqlim siyasətini müzakirə edərkən dünya üzrə bütün döyüşən tərəflər silahlarını yerə qoysunlar.
Təşəbbüs sülh və iqlim fəaliyyətinin əhəmiyyətini vurğulayaraq bütün xalqlara münaqişə və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqəni xatırlatmaq məqsədi daşıyır. Hələ Qarabağ münaqişəsi başlayandan torpaqlar işğaldan azad edilənədək Ermənistan və orada fəaliyyət göstərən özəl şirkətlər tərəfindən Azərbaycanın 20 faiz ərazisində, xüsusən də Qarabağ bölgəsində ətraf mühitə böyük ziyan vurulub. Qanunsuz fəaliyyətlərə minaların yayılması, suların çirkləndirilməsi, sərhədyanı rayonların sakinlərinin sudan məhrum edilməsi və mineral ehtiyatların korporativ qeyri-qanuni istismarı daxildir.
COP zamanı atəşkəs rejiminə riayət etmək beynəlxalq ictimaiyyət üçün ümumi çağırışdır. COP29-un Sədrliyi hökumətlərlə yanaşı, bu təşəbbüsü dəstəkləmək üçün beynəlxalq qeyri-dövlət təşkilatlarını da cəlb edir. Müraciət fikir ayrılıqlarını bir kənara qoymaq, sülh və iqlim fəaliyyətinə üstünlük vermək məqsədi daşıyır.
İndiyədək 1100-ə yaxın qrup müraciətə qoşulub. Qarşıda duran böyük problemlərə baxmayaraq, təşəbbüsün transformativ təsirləri ola bilər. Çünki Bakının münaqişələrin dayandırılması ilə bağlı müraciəti dəyərli təşəbbüsdür. Digər tərəfdən iqlim dəyişikliyi və ya silahlı münaqişələr nəticəsində yaşayış vasitələrimizin məhv edilməsinin qarşısını almaq bütün hökumətlərin və liderlərin mənəvi borcudur.
COP 29 müzakirələrinin əsas mövzuları
COP29-da yeni kollektiv iqlim maliyyəsinin kəmiyyət hədəfi inkişaf etməkdə olan ölkələri iqlimə davamlı gələcəyə keçiddə dəstəkləməkdir. 2025-ci il iqlim ambisiyaları üçün kritik an olacaq, çünki bütün ölkələr yenilənmiş milli iqlim fəaliyyət planlarını təqdim etməlidir. COP29 təsirlərin azaldılması (qalıq yanacaqların mərhələli şəkildə ləğvi daxil olmaqla), uyğunlaşma və ədalətli keçid üçün aydın planlar vasitəsilə strategiya təqdim edəcək.
COP29 müzakirələrində iqlim maliyyəsi, itki, zərər, uyğunlaşma və təsirin azaldılması üstünlük təşkil edəcək. Bunlar iqlim dəyişikliyinin ən pis təsirlərindən insanları qorumaq üçün ölkələrin yeni infrastrukturu maliyyələşdirdiyi, yeni xalis sıfır texnologiya və sistemlərə keçidi və bu uyğunlaşmaların uğursuz olduğu yerlərdə iqlimlə bağlı fəlakətlərin bərpası üçün pul ödədiyi iqlim fəaliyyətinin dörd sütununa aiddir.
Sammitə ev sahibliyi edən Azərbaycan iqlim fəaliyyətinə imkan yaratmaq üçün maliyyə vəsaitlərinin toplanmasına yönəlmiş bir sıra prioritetləri qeyd edib:
İqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyətli məqsəd: xalqların inkişaf edən ehtiyaclarına əsaslanaraq yeni hədəflərin müəyyən edilməsi;
Aşağıgəlirli ölkələrə iqlimlə bağlı fəlakətlərin bərpası üçün ödəməyə kömək edəcək İtki və Zərərə Cavab Fondunun fəaliyyət strategiyası;
Paris Sazişində qeyd olunan qlobal istiliyin 1.5C həddində saxlanılması üçün hər bir ölkənin istixana qazı emissiyalarını azaltmaq məqsədilə fərdi səyləri vacibdir. Hər beş ildən bir ölkələr proqnozlaşdırılan hədəflərini və fəaliyyətlərini inkişaf edən iqlim fövqəladə vəziyyətinə uyğunlaşdırılması və yenilənməsinin müzakirəsi;
Paris Sazişinin 6-cı maddəsində göstərilən ölkələrin qeyri-bazar və bazar əsaslı həllər, xüsusən də karbon vergisi kreditləri bazarı vasitəsilə öz iqlim məqsədlərinə nail olmağın həlli yollarının müzakirəsi.
COP29-da mübahisəli məsələlər
COP29-da əsas mövzulardan olan iqlim maliyyəsi, iqlim innovasiyalarına və bazarlarına nəzarət mübahisəli məsələlərdən biridir. Əvvəlki sammitlərin danışıqlarında diqqətçəkən məqamlardan biri yüksəkgəlirli ölkələrin iqlim maliyyələşdirməsinin artırılması üçün nə qədər məsuliyyət daşımalı olması idi. Bəzi yüksəkgəlirli ölkələr Çin və Hindistan kimi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının sürətləndiyini nəzərə alaraq, millətlərin inkişaf etmiş və inkişaf etməkdə olanlara bölünməsinin artıq tətbiq edilməməsinin zəruriliyini iddia edirlər.
İnkişaf etməkdə olan ölkələr öz növbələrində israr edirlər ki, daha zəngin ölkələrin sənayedən əvvəlki dövrlərdən bəri istehsal etdikləri məcmu istixana qazı emissiyaları iqlimə həssas ölkələrin indi üzləşdiyi xərclərə cavab verməlidir. İqlim Siyasəti Təşəbbüsü Analitik Mərkəzi 2030-cu ilə qədər hər il 9 trilyon dollarlıq iqlim maliyyəsi tələb olunacağını və 2031-2050-ci illər arasında bu rəqəmin 10 trilyona çatacağını bildirir.
İqlim maliyyəsi axtarışları sürətlə davam etdikcə tənzimləmə məsələləri gündəmə gəlir. Məhv maliyyələşdirilməsinə görə məsuliyyət daşıyanlar (məsələn, iqlim baxımından kritik meşələrin məhv edilməsi) yeni qanunlara tabe olmalıdır. Könüllü karbon bazarları sahəsində biomüxtəlifliyi qorumaq və karbon emissiyalarını azaltmaq üçün strategiya və tənzimləmələr olmalıdır.
COP29 indi iqlim ədalətinə sadiqliyini ləğv etmədən daha təmiz, daha yaşıl, daha ədalətli bir dünyaya doğru fəaliyyəti artırmalıdır.
COP29-dan gözləntilər
2024-cü ildə dağıdıcı daşqınlardan tutmuş rekord istilik dalğalarına qədər ekstremal hava hadisələri iqtisadiyyatları gərginləşdirdi və etibarsızlığı artırdı. Geosiyasi bölünmələr dərinləşir, Yaxın Şərqdə münaqişələr, Rusiya-Ukrayna müharibəsi və ticarət kimi mühüm məsələlər ətrafında gərginliyin artması olduqca qeyri-sabit beynəlxalq mühit yaradır. Bu çətinliklərə baxmayaraq, 2025-ci il hədəflərini dəstəkləmək üçün əldə edilməli nəticələrə diqqət edək:
COP29 iddialı yeni iqlim maliyyəsi hədəfini təyin etməlidir. COP29 2035-ci ilə qədər platforma olmalıdır. COP29 uyğunlaşma və davamlılıq üçün tədbirləri və maliyyəni siyasi cəhətdən gücləndirməlidir. COP29 dövlətlərin milli iqlim fəaliyyət planları ilə tanış olmalı, COP30-da gələcək konkret nəticələr üçün yollar yaratmalıdır. COP29 liderlər və digər nüfuzlu maraqlı tərəflərin siyasi impulsunu və siqnallarını gücləndirməlidir. Bütün dünya liderləri COP29-dan iqlim böhranının həlli yollarının tapılmasının vacibliyini və kritikliyini yüksəltmək üçün, xüsusilə uyğunlaşma üzrə konkret öhdəliklər götürərək qalıq yanacaqdan istifadənin mərhələli şəkildə dayandırılmasına nail olmaq üçün istifadə etməlidirlər.
Yeni maliyyə hədəfi üzərində razılığa gəlmək üçün liderlərin, xüsusən də böyük dövlətlərin rəhbərlərinin beynəlxalq iqlim maliyyəsi ilə bağlı davamlı öhdəlikləri yerinə yetirmələri çox vacibdir.