- COP29
- 15:06
- 765
Bakıda “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik və Orta Bizneslər” adlı tədbir keçirilib
Bakıda COP29 çərçivəsində “İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik və Orta Bizneslər” adlı tədbir keçirilib.
Tədbirdə COP29-un iqlim üzrə yüksək səviyyəli lideri Nigar Arpadarai, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, digər özəl və dövlət qurumların nümayəndələri iştirak ediblər.
Tədbirdə KOB-ların "yaşıl keçid"ə qoşulmasının vacibliyi vurğulanıb. KOB-lar qeyd ediblər ki, iqlim dəyişikliyi ilə mübarizə onlar üçün də prioritetdir. KOB-ların "yaşıl iqtisadiyyat"a keçməsinin bütün iqtisadiyyata təsir etdiyi nəzərə çatdırılıb və bildirilib ki, KOB-lar dünyada təchizat zəncirinin əsas hərəkətverici qüvvəsidir. Onlar bir sıra ölkələrinin iqtisadiyyatlarının 90 %-ni təşkil edir.
Qeyd edilib ki, KOB-ların ədalətli keçidin təminatçısı kimi fəaliyyət göstərməsi üçün lazım olan məsuliyyət və tədbirlər təkcə KOB-ların özlərinin deyil, daha böyük təşkilatların üzərinə düşür.
Tədbirdə iqlim dəyişikliyi ilə mübarizədə KOB-lar arasında əməkdaşlığın artırılması imkanları, KOB-ların prosesə daha sıx cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
İqlim Dəyişikliyinə Dayanıqlı Kiçik Orta Bizneslər COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin əsas kampaniyasıdır və 2024-cü ilin sentyabr ayında Nyu-York İqlim Həftəsində təqdim olunub. COP29 Fəaliyyət Gündəliyi proqramının bir hissəsi kimi keçirilən bu xüsusi tədbir, biznes, maliyyə, akademiya, yerli hökumətlər və şəhərlər, beynəlxalq təşkilatlar və siyasətçiləri bir araya gətirərək KOB-ların sıfır karbonlu və dayanıqlı bir gələcəyə keçid prosesində daha sistemli dəstək olma yollarını araşdırmaq məqsədi daşıyır. KOB-lar haqqında bu xüsusi tədbir Yüksək Səviyyəli İqlim Çempionun xüsusi tədbirində vurğulanan məsələlərə əlavədir və Marrakeş Tərəfdaşlığı/GCA proqramlaşdırması çərçivəsində digər Fəaliyyət Gündəliyi tədbirlərində KOB-ların uğur hekayələri və perspektivlərinin məqsədli şəkildə yerləşdirilməsini də nəzərdə tutur.