"Hər bir dövlətin süni intellekt strategiyası olmalıdır" - Fariz Cəfərov

Hər bir dövlətin süni intellekt strategiyası olmalı, bu strategiyada prioritetlər müəyyən edilməlidir.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov COP29 çərçivəsində təşkil olunmuş "Süni İntellekt: Texnoloji proqnozlaşdırma və rəqəmsal iqtisadiyyatda idarəetmənin yeni dövrü" adlı tədbirdə bildirib.

Bundan başqa, o deyib ki, süni intellekt insan müdaxiləsi olmadan qərar qəbul edə bilmir: "Süni intellekt insanın qərar qəbuletmə prosesində komanda üzvü ola bilər, amma onun özü sərbəst fəaliyyət göstərmir. Hazırda süni intellektlə bağlı bir sıra müzakirələr var. Hökumət olaraq biz nə baş verdiyini müşahidə edirik. Hesab edirik ki, süni intellektə nəzarət edilməməlidir. Əgər nəzarət olsa onun inkişafı məhdudlaşar. Biz ölkədə startapların, şirkətlərin, təşkilatların süni intellektə müraciət etməsinin təşviq olunması üçün yollar axtarırıq".

Tədbird iştirak edən "Google" şirkətinin meneceri Olqa Skrokhodova isə bildirib ki, süni intellektdən istifadə ilə yaranan məsuliyyətə də fokuslanmaq lazımdır: "Süni intellektdən yeni istifadə edilir, "Google" isə uzun illərdir ki, mövcuddur. Şirkətimiz süni intellektdən istifadə prinsipləri formalaşdırıb və reallaşdırıb. Həmin prinsiplərə görə, süni intellekt faydalı və sosial yönümlü olmalıdır, istifadəyə verilməmişdən əvvəl test edilməlidir. Şirkətin bu prinsiplərinin necə icra edilməsi monitorinq edilir".