Muxtar Babayev: "Metan emissiyalarının 20 %-i tullantı sektorunun payına düşür"

Metan emissiyalarının təxminən 20 %-i tullantı sektorunun payına düşür.

Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev COP29 çərçisində keçirilən "İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan qazının azaldılması" mövzusunda tədbirdə deyib.

O bildirib ki, metan güclü istixana qazıdır və tullantı sektoru metanın ən sürətlə böyüyən mənbəyidir: "Bu problem poliqonlarda, açıq hovuzlarda və çirkab sularda üzvi tullantılar parçalandıqda yaranır. UNEP-in Qlobal Metan Qiymətləndirilməsinə əsasən, istiləşmənin 1,5°C həddində məhdudlaşdırılması ssenarilərinə uyğun olmaq üçün dünya tullantı sektorundan metan emissiyalarını 2030-cu ilə qədər 30-35 %, 2050-ci ilə qədər isə təxminən 55 % azaltmalıdır. Bu azalmalar təkcə iqlim üçün deyil, həm də əhəmiyyətli sosial və iqtisadi faydalar təmin etmək üçün lazımdır".

Nazir qeyd edib ki, tullantı sektoru transformasiya dəyişikliyi üçün unikal imkan yaradır: "Bu gün biz üzvi tullantılardan metanın azaldılmasına dair COP29 Bəyannaməsini qəbul edirik. Bu bəyannamə artan hədəfləri təşviq etmək və daha çox hökuməti Qlobal Metan Öhdəliyinə qoşulmağa ruhlandırmaq məqsədi daşıyır".