• COP29
  • 21 Noyabr 16:44
  •  2 056

Almaniya XİN rəhbəri: Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyirik

Almaniya və Avropa iqlim gündəliyində uğur qazanmaq üçün COP29-da fəal işləyir.

Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Almaniya və Avropa iqlim konfransında fəal iştirak edir. Çünki iqlim böhranı bütün digər çağırışlar kontekstində həm bu gün, həm də qarşıdakı onilliklərdə təhlükəsizlik siyasətinə ən böyük təhdiddir. Biz artıq onun təsirini bütün dünyada kəskin şəkildə hiss edirik və bilirik ki, əgər 1,5 dərəcə həddinə yaxınlaşa bilməsək, o, daha da güclənəcək", - nazir bildirib.

A.Berbok vurğulayıb ki, iqlim böhranı müasir dünyada təhlükəsizliyə ən ciddi təhdiddir və onun nəticələri milli sərhədləri aşır.

O, Banqladeş və İspaniyanın Valensiya bölgəsində böyük dağıntılara səbəb olan son daşqınları nümunə gətirib.