İnsanlar niyə keçəlləşir? - Səbəblər və çıxış yolları

8 Fevral 2016 11:07 (UTC+04:00)

Əsasən də kişilərdə keçəlləşmə daha çox müşahidə olunur.

Bəs qadınlar "kişi tipində" keçəllikdən əziyyət çəkə bilərlərmi? Ayı pəncəsi yağı saçların uzanmasına kömək edirmi? İnsanla siçanın nə kimi oxşarlıqları var?

AzNews.az bu barədə bir çox sualların cavablarını təqdim edir:

Keçəllik haradan əmələ gəlir?



Keçəllik adətən kişilərə aid olan problemdir. Belə ki, saç tökülməsinə kişilərdəki testosteron hormonu səbəb olur. Bu növ "kişi saç tökülməsi" "androgen alopesiya" adlanan xəstəliklə əlaqədardır. Grenada universitetinin alimləri hesab edirlər ki, erkən keçəlləşmə kişilər üçün həyəcan təbili olmalıdır: bu, prostat vəzinin böyüməsi ehtimalından xəbər verir. 50 yaşdan sonrakı keçəlləşmə isə birbaşa prostat vəzinin adenoması ilə bağlıdır.
Lakin qadınlar da keçəlləşmədən əziyyət çəkə bilərlər. Bu halda saç tökülməsi hormonal pozğunluqdan və endokrinoloqa müraciət etməyin vacibliyindən xəbər verir.

Hormonların balansının pozulması irsi olaraq daha da dərinləşir. Buna görə də, yaxın qohumların hansı yaşda keçəlləşməyə başladığına diqqət etmək lazımdır. 2010-cu ildə Kolumbiya universitetinin alimləri "Nature" jurnalında saç tökülməsinə səbəb olan genlərin ilk dəfə aşkarlanmasından bəhs edən məqalə dərc ediblər. Alimlər müəyyən ediblər ki, məhz bu genlər artrit və şəkər diabeti kimi digər xəstəliklərin yaranmasına təsir edir.

Keçəlləşmənin səbəbi ciddi xəstəliklər də ola bilər. Saç tökülməsi çox zaman mədə-bağırsaq teraktı pozğunluğundan sonra meydana gələ bilir. Grenada universitetinin alimləri sübut ediblər ki, saçlar hətta diş xəstəliklərinin sağaldılmasından sonra da tökülə bilər.

Ayı pəncəsi yağı xilas edə bilərmi?



Xalq təbabəti keçəlliklə mübarizədə çoxdan öz üsullarını hazırlayıb. Bunlardan ən çox tanınanı ayı pəncəsi yağı və soğan həlimidir. Xalq təbibləri əmindirlər ki, saçın kökünə bu vasitələri sürtdükdə orqanizmdəki bütün pozulan prosesləri bərpa etmək mümkündür.

Keçəlliklə mübarizədə daha bir "köməkçi" isə genəgərçək yağıdır.

Təəssüf ki, əksər xarici vasitələr tətbiqdən sonra yalnız zahiri effekt verir.

Xalq təbiblərinin bu məğlubiyyətini görən tibb elmi alopesiya ilə mübarizədə öz üsullarını təklif edib. Hələ 1939-cu ildə yapon həkimi Şoyui Okuda ilk dəfə saç köçürməsilə bağlı görülən işlərin nəticələrini çap edib. Nəzərə almaq lazımdır ki, saç transplantasiyası keçəlləşmə problemini yalnız zahirən aradan qaldırır. Onun səbəblərini isə müalicə etmir. Buna görə də, hər bir xəstə hormonal pozğunluğu aradan qaldırmaq üçün mütəxəssisə müraciət etməlidir.

Təkcə hormonlar deyil, həm də genlər...



Hər bir insanı zamanla narahat edən yaşla əlaqədar saç tökülməsi yapon və hollandiyalı alimləri bunun səbəblərini bir daha araşdırmağa məcbur edib. İndiyə qədər qocalma mexanizmi tam olaraq öyrənilməmiş qalır. Keçəlləşmənin səbəblərini öyrənmək üçün isə alimlər siçanlar üzərində dəfələrlə təcrübələr həyata keçiriblər.

Alimlər siçanlar üzərində tərcübə apararkən saç tökülməsinin 5 mərhələdə baş verdiyi müəyyən ediblər.



Birinci mərhələdə follikullar (bu, saçın köküdür. Piy və bəzən tər vəzlərilə əhatə olunur) adi struktur və ölçüyə malik olur. İkinci mərhələdə follikulun ölçüsündə əhəmiyyətsiz kiçilmə olur. Üçüncü mərhələdə follikul ciddi dərəcədə kiçilməyə başlayır, lakin saçın əsası qorunur. Dördüncü mərhələdə məhv olma davam edir, lakin piy vəziləri hələ də mövcud olur. Final mərhələsində isə saç bərpası mümkün olmadan tökülür.

Alimlər siçanların tük follikularının gövdə hüceyrələrinin öyrənilməsi zamanı müəyyən ediblər ki, tük tökülməsinə səbəb gövdə hüceyrələrin DNT-sinin zədələnməsidir. Bu zaman xüsusilə Col17a1 geni zərər görür. Məhz bu genin zədələnməsi keçəlləşməyə səbəb olur. Araşdırmanı davam edən alimlər müəyyən ediblər ki, sözügedən gen insanlarda da saç tökülməsinə "cavabdehdir". Alimlərin bu kəşfi göstərir ki, indi tətqiqatçıların qarşısında yaşla əlaqədar saç tökülməsinin qarşısını almağa imkan verəcək vasitəni hazırlamaq üçün yeni yol açılır.

Saçları necə xilas etməli?



Məlum olduğu kimi, istənilən xəstəliyi müalicə etməkdənsə, onun qarşısını almağa çalışmaq lazımdır. Daraqda çox sayda saçların qalması vitamin çatışmazlığından saç diblərinin zədələnməsilə bağlı ola bilər.



Saç follikulları xüsusilə B1,B5 və B10 vitaminlərinə ehtiyac duyur.

Soyuq havalarda saç soğanaqlarını dondurmamaq üçün həkimlər baş örtüklərindən istifadə etməyi məsləhət görürlər. Lakin onları çox istidə də saxlamaq lazım deyil: başı isti, lakin qaynar olmayan su ilə yumaq məsləhətdir.

Aydan AXUNDOVA