Tarixin, mədəniyyətin beşiyi - MUĞANın DÜZÜnə yazılan həqiqətlər
30 May 2016 15:18 (UTC+04:00)
Piyada gəzdinmi çölləri sən də?
Söz qoşub ceyranın qara gözünə,
Dincini aldınmı bir göy çəməndə?
Dahi şairimiz Səməd Vurğunun "Muğan" poemasından olan bu misralar Muğan düzünün gözəlliklərini, onun təbiətini, zəngin flora və faunasını gözlər önünə gətirir.
Muğan düzü Kür-Araz ovalığının bir hissəsidir. Şimal-qərbdə Araz çayı, Mil düzündən, Kür çayı vasitəsilə Şirvan düzündən ayrılır. Cənubda və cənub-şərqdə Lənkəran ovalığına və Salyan düzünə qovuşur. Düzün cənub-qərb davamı Cənubi Azərbaycan ərazisindədir.
Ömrünün 40 ilini səyahətə həsr edən məşhur azərbaycanlı səyyah və coğrafiyaçı, tarixçi, etnoqraf Hacı Zeynalabdin Şirvani əsərlərində Muğan barədə daha ətraflı yazır: "Muğan məşhur bir vilayətdir. Qədim şəhərləri və böyük nahiyələri vardır. Beşinci iqlimdən hesab olunur. Ab-havası xoş və gözəldir. Şimaldan onun sərhədi Şirvandır. Cənubdan Cənubi Azərbaycanla, şərq tərəfdən Talış, qərbdən Gürcüstanla sərhədlənir. Zəhərli otları çoxdur. Mal-qaranı onun zəhəri öldürür. Baharda otların zəhəri azalır. Deyirlər oranı Muğan adlı bir adam bina etmişdir. Bəziləri isə deyirlər ki, oranı müğlər və möbüdlər abad eləmişlər. Uzaqdan gələn adamlarla mehribandırlar. Qızılbaş tayfasından şahsevənlər o ölkədə çoxdur".
Məşhur alman coğrafiyaşünas və diplomat Adam Oleari də Muğana səyahət edərək, burada yadında qalanları qələmə alıb. Muğanda hərəkət edən A.Oleari bu ərazidə çobanların qışlaqda oba-oba yaşadıqlarını qeyd edərək yazır ki, Muğanda Kürün sahilindəki çəmənliklərdə çoxlu, bəzən qol yoğunluğunda biyan kökü bitir: "Onun şirəsi bizim Almaniyadakından daha şirindir və tamı da daha xoşagəlimlidir".
A.Oleari Muğanda olarkən gördüyü ceyranları da öz yazılarında təsvir edib: "Biz burada bir neçə böyük sürü-tabun vəhşi heyvan gördük. Türklər onu "ceyran", farslar isə "ahu" adlandırırlar. Bu heyvanlar xarici görünüşcə marala oxşayırlar. Lakin rəngləri qırmızı və buynuzları çıxıntılı deyil, keçi buynuzları kimi arxaya yatıqdır, çox bərk qaçırlar. Yerli sakinlər deyirlər ki, ceyrana ancaq Muğanda, həmçinin Şamaxı, Qarabağ və Marağa tərəflərdə rast gəlinir".

Muğanın zəngin tarixi
Muğan məxsusi inkişaf xüsusiyyətlərini özündə əks etdirir. Muğanın çox zəngin tarixi var. Enolit dövrünə aid arxeoloji tapıntılar bu yerlərdə yaşayışın çox qədimlərə aid olduğunu göstərir. Suqovuşan, Surra, Qalaqayın, Cavad, Şəhərgah xarabalıqları, Surra, Qaratəpə, Qaraqaşlı, Cavad, Bulaqlı, Kürkəndi nekropolları, Kovlar yaxınlığında Ağ-qoyunqışlaq yeri, Sığrılı yolu üzərində Təpəqışlaq yeri (Qalacıq), Quruzma kəndi yaxınlığında Puttəpə, Qaratəpə yaxınlığında Binə, Yastıqobu yaşayış yerləri, Kürkəndidə yurd və oba yerləri, Baba-Samid piri müxtəlif tarixi dövrlərə aiddir. Muğan ərazisində yerləşən Muğaniyyə şəhərinin 4 min il yaşı var.
Mənbələrdə qeyd olunur ki, Muğanın paytaxtı kimi tanınmış qədim Həməşara şəhəri Azərbaycanın o zamankı dövrdə ən böyük şəhərlərindən birinə çevrilib və sonralar monqollar tərəfindən dağıdılıb. Hal-hazırda qədim Həməşaranın ətrafındakı əkin sahələrində e.ə. III minilliyə aid olan müxtəlif əmək alətləri, gildən düzəldilmiş saysız-hesabsız qablar, ocaq qurğuları, təndirlər, tunc əşyalar, mis məmulatlarından düzəldilmiş müxtəlif silah-sursat və əmək alətləri, məişət qabları və s. tapıntılara rast gəlmək olur. Bütün bunlar Həməşaranın qədim yaşayış məskəni, yurd yeri olduğunu sübut edir. Ümumiyyətlə, Həməşara mahalının ərazisindəki qiymətli arxeoloji və memarlıq abidələri, xüsusən küp mədəniyyəti bizim eradan əvvəl V əsrə aid edilir və bu, eramızın VII əsrinə qədər davam edib.
Muğan abidələrinin bir qisminin yerləşdiyi Cəlilabadın Əliköməktəpə ərazisində tapılan əhliləşdirilmiş at sümüyü e.ə.V minilliyin axırlarına təsadüf edilir. Arxeoloji qazıntı zamanı yerin dərinliklərindən tapılan əhliləşdirilmiş at sümükləri MDB ölkələri içərisində ən qədim tarixi hadisədir.
Bu tapıntıya qədər arxeoloqlar belə hesab edirdilər ki, at ilk dəfə e.ə.IV minilliyin sonlarında cənubi Rusiya düzənliklərində, indiki Ukrayna ərazisində əhliləşdirilib. Lakin istər ovda, istərsə də hərbdə atdan nə vaxt istifadə olunduğu hələ dəqiq müəyyənləşməmişdir. Elmə məlum olduğuna görə, şumerlər eramızdan 2000 il əvvəl, Misirlilər 1400 il əvvəl, babillilər isə 1200 il əvvəl minik atından istifadə ediblər. Qobustan qaya təsvirləri içərisində təxminən həmin dövrlə səsləşən atlı təsvirlərinə təsadüf olunur.
Muğan arxeoloji mədəniyyətin mərkəzi kimi
Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisindəki qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəni tapılıb. Qədim tariximiz haqqında qiymətli məlumat verən bu yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir.

Prezident İlham Əliyev Muğan Babazanlı abidələrinin 2800 illik yubileyinin qeyd edilməsi barədə 2013-cü il oktyabrın 29-da sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, indiyədək aparılan çoxsaylı tədqiqatlar və üzə çıxarılan müxtəlif maddi-mədəniyyət nümunələri ilə sübuta yetirilib ki, Azərbaycan olduqca zəngin və böyük tarixi keçmişə malik ölkədir. Ulu əcdadların ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar qazıntılar zamanı 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanması bir daha təsdiq edir.
Mənbələrə nəzər saldıqda aydın olur ki, eneolit dövründə Muğan ərazisində, o cümlədən Cəlilabaddakı Əliköməktəpə yaşayış yerində vahid əkinçilik və maldarlıq mədəniyyəti olub və bu mədəniyyət zəminində vahid adət-ənənə, ideologiya da formalaşıb. Həmin dövrün ideologiyası, birinci növbədə özünü dəfn adətinə münasibətdə və dini dünyagörüşlərdə özünü göstərir. O dövrü əks etdirən Əliköməktəpə və Cəfərxanlı yaşayış məskənlərində qəbir abidələrinin açılması ölülərin harada və necə dəfn edildiyi, hansı dini dünyagörüşə malik olması maddi sübutlarla əks olunur.
Əliköməktəpədə tapılan əhliləşdirilmiş at sümüyü bu ərazidə artıq təsərrüfat həyatının da, mənəvi mədəniyyətin də inkişaf etdiyini göstərir. Bu baxımdan əminliklə demək olar ki, Muğan daha çox ənənəvi mədəniyyətlərin formalaşdığı, yaşadığı, inkişaf etdiyi ərazidir. Muğan ərazisində iqtisadi, siyasi, mədəni xüsusiyyətlər dünya tarixinə, dünya mədəniyyətinə çox böyük töhfələr verib. Muğan öz mədəniyyətini formalaşdıraraq Yaxın Şərq, Cənub Şərqi Asiyaya yayıb.
Maqların məskəni olan Muğan
Muğan maqların məskənidir. Muğan sözünün etimalogiyasında maqların adı var. Maqların bu ərazidə yaşadıqlarını sübut edən bir sıra faktlar mövcuddur. Antik müəlliflər (Hekatey, Herodot və başqaları) də tarixi Mukan ərazisində (indiki Muğan düzü) mik/muk tayfası haqqında məlumat veriblər.
Fəlsəfə doktoru, etnoqraf Pirağa İsmayılzadə maqların Muğanda həyata keçirdikləri ayinlər zamanı ifa etdikləri musiqinin muğamın özəyini təşkil etdiyini bildirir: "Maqlar adətən müxtəlif ayinlər həyata keçirirdilər. Məsələn, sasani şahlarının bu ərazidən gəlib keçməsi və ərazidə onların şah titulunu qəbul etməsi ilə əlaqədar olaraq onların müxtəlif ayinlər var idi. Həmin ayinlər müxtəlif musiqili sədalar altında keçirilirdi. Bu musiqi sədaları məhz muğamın özəyini təşkil edirdi, muğamatın oxunuş tərzini özündə əks etdirirdi".
Etnoqrafın sözlərinə görə, qədim mənbələrdə maqların haoma şərabı içməsi haqqında məlumatlar var. Həmin haoma şərabı Cəlilabadda, Salyanda, Neftçala, Sabirabad ərazisində yetişdirilən həmşəri üzüm növündən hazırlanırdı.
Muğanın qədim təsərrüfat sahələri
Muğan erkən süni suvarma sisteminin yarandığı bölgələrdən biridir. E.ə.III-II minilliklərdə burada yaşayan əhalinin əsas məşğuliyyəti əkinçilik və maldarlıq olub. Araz və Kür çaylarının bu ərazidən keçməsi əkinçiliyin inkişafı üçün təbii imkan yaradır. Bu çaylardan çəkilən arxların köməyi ilə süni suvarma sistemləri yaradılıb. Muğan ərazisində yerləşən Govurarxın təxminən 5 min illik tarixi var. Suvarma əkinçiliyinin əsas arxlarından olan Govurarxın izləri bu gün də Muğanda qalmaqdadır.
Etnoqraf Pirağa İsmayılzadə bildirir ki, Muğanın əkinçilik mədəniyyətinin formalaşmasında çala əkinçiliyinin xüsusi rolu olub: "Muğan üçün xarakterik olan çala əkinçiliyi özünəməxsus sistemə malikdir. Kür çayında yaşanan daşqınlar zamanı əkin sahələrini su basırdı. Su öz məcrasına qayıtdıqdan sonra Kür çayında olan bütün mineral maddələr torpaqda qalırdı. Bu cür torpaqda əkilən bitkidən il ərzində 4 dəfə məhsul götürülürdü. Muğan ərazisində yetişdirilən qaraqılçık buğda növü də məhz bu ərazi üçün xarakterikdir".
Muğanda geniş yayılan təsərrüfat sahələrindən biri də maldarlıqdır. Geniş əraziyə malik olan Muğanın iqlimi də digər bölgələrə nisbətən istidir. P. İsmayılzadənin sözlərinə görə, heyvandarlıq üçün yararlı otlaqlara malik olması Muğanı başlıca qışlaq bölgəsinə çevirib. Qış aylarında ərazidə yetişən 33-ə yaxın bitki növü maldarlıq üçün olduqca əhəmiyyətlidir. Soyuq qış aylarında belə zəngin bitki örtüyü təkcə Muğan üçün xarakterikdir.
Muğan düzünün iqtisadiyyatı
Muğan Regional Mərkəzinə 1 şəhər, 7 inzibati rayon daxildir.

Saatlı rayonunun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, bostançılıq, tərəvəzçilik, quru subtropik meyvəçilik və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur. Hesabat dövründə Saatlı rayonunda 75 müəssisə yaradılıb, 1035 yeni iş yeri açılıb ki, bunun da 924-ü daimi, 111-i isə müvəqqəti iş yerləridir.
Saatlıda "Biyan Məhsulları istehsalı" MMC, "Saatlı Pambıq" ASC-nin pambıq emalı zavodu, "CTS-Aqro" MMC pambıq qəbulu və emalı zavodu, "Pambıq" kiçik müəssisəsi "Şamo" MMC, "Miri-Pak" STK və "Yeni texnologiya AAA" şirə emalı müəssisələri "Aqrolizinq" ASC-nin Saatlı "Aqroservis" filialı, 2 min tonluq soyuducu kamera və bununla yanaşı rayonda müxtəlif təyinatlı kənd təsərrüfatı məhsullarının istehsalı (heyvandarlıq, balıqçılıq, bağçılıq) ilə məşğul olan fermer təsərrüfatları, xırda istehsal (un və un məmulatları, qənnadı məmulatları, quş əti, ağac emalı, plastik qapı-pəncərə və sair) və xidmət (tibb və ictimai iaşə xidmətləri) sahələri fəaliyyət göstərir.
Saatlıda 28 yaşayış məntəqəsində 434 bulaqdan ibarət modul tipli sutəmizləyici qurğular tikilərək istifadəyə verilib. Bunların xidmətindən hazırda 56 min nəfərə yaxın rayon sakini istifadə etməkdədir. Rayonun 17 kənd yaşayış məntəqəsində sudurulducu qurğuların yanında hər birinin tutumu 20-30 ton olan su anbarları inşa olunub istifadəyə verilib.
Salyan rayonunda kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, tərəvəzçilik və heyvandarlıq təşkil edir. Kənd təsərrüfatı məhsulları emalı müəssisələri mövcuddur. Quru subtropik meyvəçilik, bostançılıq da mühüm sahələrdir. Neft-qaz hasilatı sahəsi, plastik kütlə emalı, pambıqtəmizləmə zavodları və s. mövcuddur.
Şirvan şəhərində 17 sənaye müəssisəsi, o cümlədən Avropada ən böyük açıq tipli Şirvan DRES, yağ zavodu, dəmir-beton məmulatları, saxsı, boru, süni dəri zavodları və neft-qaz hasil edən müəssisələr fəaliyyət göstərir.
Sabirabad Respublikanın iri pambıqçılıq, heyvandarlıq, bostançılıq və tərəvəzçilik rayonudur. Pambıqtəmizləmə və digər emal müəssisələri mövcuddur.
Hacıqabul rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı, o cümlədən heyvandarlıq, taxılçılıq, pambıqçılıq, bostançılıq və tərəvəzçilik təşkil edir.
Biləsuvar rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əsasən pambıqçılıq, taxılçılıq və heyvandarlıq inkişaf etmişdir.
İmişli rayonunun iqtisadiyyatında pambıqçılıq, heyvandarlıq, taxılçılıq mühüm yer tutur.
Neftçala sənaye və kənd təsərrüfatı rayonudur. Neft-kimya, balıq və pambıq emalı və digər müəssisələr fəaliyyət göstərir. Kənd təsərrüfatında aparıcı sahələr pambıqçılıq, tərəvəzçilik, bostançılıq və meyvəçilikdir.
Aydan Axundova
Yazı Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin "Muğanımız - tariximiz, sərvətimiz" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.