Dünya Azərbaycanlılarının Qurultayında yeni məsələlər qaldırıldı
3 İyun 2016 18:02 (UTC+04:00)
"Müasir dövrdə informasiya müharibəsi – müdafiədən hücuma: şərtlər, siyasi reallıqlar və yeni fəaliyyət mexanizmləri" mövzusunda panel müzakirələrində moderatorluğu deputat Elman Nəsirov edir.
Deputat informasiya təhlükəsizliyi məsələlərinin xüsusi önəm kəsb etdiyini bildirib.
O qeyd edib ki, Ermənistanla informasiya müharibəsində qalib gəlməyimiz ərazi bütövlüyümüzün təmin olunmasında mühüm rol oynaya bilər.
AMEA-nın üzvü, akademik Rasim Əliquliyev 90-cı illərdə Azərbaycanda televiziyanın enerji blokunun partladılması ilə respublikamıza ciddi problem yarandığını amma bu gün isə artıq Azərbaycanın peykinin olduğunu deyib.
Özbəkistandan qurultaya qatılan Qarabağ üzrə araşdırmaçı Şöhrət Salamov Azərbaycan və özbək xalqının dostluğundan, qardaşlığından söz açıb:"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Ancaq silah yolu ilə deyil, sülh yolu ilə məsələnin həllini istəyirik".
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov prezident İlham Əliyevdən sitat gətirərək deyib ki, informasiya mübarizəsində daha aktiv olmalıyıq.
O, informasiya sahəsində uğurlu fəaliyyət üçün koordinasiya şurasının yaradılması təklifini irəli sürüb.
Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev azərbaycanlıların soyqırımı və Qarabağın işğalı ilə bağlı həqiqətlərin dünyaya yayılması üçün bir sıra xarici ölkələrin təcrübəsindən istifadə edildiyini vurğulayıb.
Modern.az