Gənc sahibkarlar istehsal prosesi ilə tanış oldular - Fotolar
4 İyul 2016 13:59 (UTC+04:00)
Demokratik İslahatçı Gənclər İctimai Birliyi və Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Gəncə Avropa gənclər paytaxtı 2016 "Gənc sahibkarların beynəlxalq Forumu" çərçivəsində baş tutan tədbirin ikinci günü 12 ölkədən olan iş adamları Gəncədə bir sıra müəssisələrə və Gəncənin tarixi yerlərinə baş çəkiblər.
İctimai Birlikdən AzNews.az-a verilən məlumata görə, Serbiya, Belçika, Çexiya, Litva, Almaniya, BƏƏ və MDB ölkələrinin təmsilçilərindən ibarət olan nümayəndələr istehsalla məşğul olan "Gəncə Şərab 2", "Gəncə Tekstil" fabriki, "ELBA 999" şirkətlər qrupunda olublar. Qonaqlara şirkətlər barədə, müəssisələrin istehsal gücü, idxal qabiliyyəti, istehsal etdikləri məhsulun keyfiyyəti barədə ətraflı məlumat verilib.
Eyni zamanda qonaqlar Azərbaycanın dilbər guşələrindən biri olan Göy-göl dövlət qoruğu və tarixi memarlıq incilərindən sayılan "İmamzadə" muzey-kompleksi, XVII əsr memarlıq abidəsi olan "Çökək hamam" kompleksi, Cavad xan türbəsi, Nizami Gəncəvi Məqbərəsi və bir sıra görməli yerlərlə tanış olublar.
Forumun üçüncü günü qonaqlar səhiyyə turizminin ən parlaq nümunələrindən biri olan Naftalan şəhərində "Qaşaltı" sağlamlıq və istirahət mərkəzində olublar. Orada xəstələrin müalicə şəraiti ilə maraqlanaraq, neftin müalicəvi metodları ilə ətraflı tanış olublar. Forumun sonuncu günü qonaqlar Bakıdada bir sıra yerlərə, o cümlədən İçəri Şəhər, Qıza Qalası, Bayraq Meydanı və s yerlərlə tanış olublar və Azərbaycana valeh olduqlarını gizlətməyiblər.
Forumun nəticəsi olaraq, Azərbaycan iş adamları ilə xarici iş adamları arasında informasiya mübadiləsi aparılaraq, əlaqələrin genişlənməsi barədə razılıq əldə olunub.
Xatırladaq ki, Forumda Avropa və MDB ölkələri daxil olmaqla 12 ölkənin nümayəndələri iştirak ediblər.