Xroniki ağrılardan necə qurtulmaq olar?

27 Sentyabr 2016 20:52 (UTC+04:00)

Bunu proqramında Mərkəzi Klinikanın Reanimasiya və İntensiv terapiya şöbəsi və Ağrı Mərkəzinin müdiri Vüqar Abdulkərimov deyib.

Mütəxəssis bildirib ki, xroniki ağrılar diş ağrısından tutmuş, damar, onurğa, oynaq mənşəli xəstəliklər, onkoloji problemlə də bağlı ola bilər: "Amma biz bütün bunlara ağrı sindromu olaraq yanaşırıq".

Mütəxəssisin sözlərinə görə, xroniki ağrıların səbəbləri tam aydın deyil. Tibb inkişaf etdikcə yeni-yeni səbəblər ortaya çıxır. Həkim qeyd edib ki, xroniki ağrılar daha çox mənbəyi bilinməyən ağrılardır:

"Bizə olan müraciətlər daha çox baş, boyun və bel ağrıları ilə bağlı olur. Bunlardan sonra isə damar mənşəli xroniki ağrılar gəlir. Müraciətlər arasında üçlü sinir, başqa nevralgiyalar, onurğa yırtıqları ilə bağlı xroniki ağrılar üstünlük təşkil edir. Üçüncü yerdə isə onkoloji ağrılar gəlir. Məncə, onkoloji problemlərlə bağlı olan xroniki ağrı xəstələri daha çoxdur. Lakin bəzi hallarda onkoloji problemlərin müalicəsi zamanı ağrı sindromu kənarda qalır, halbuki onkologiyada ağrı sindromu həyat keyfiyyətində mühüm rol oynayır. İnsanın həyat keyfiyyətinin yaxşılaşmasının birinci müalicəyə çox müsbət təsiri var. Bizdə isə onkoloji ağrılarla bağlı ağrı mütəxəssislərinə az müraciət olunur.

Dünyada alqoloqlara müraciətlərin yarısından çoxu onkoloji problemlər bağlı olduğu halda, bizdə bu rəqəm 15-20 faiz təşkil edir".

V.Abdulkərimov deyib ki bu gün xroniki ağrıların müalicəsi üzrə çoxsahəli işin təşkilinə ehtiyac duyulur: "Xroniki ağrılarla praktiki olaraq nevroloqlar, travmatoloqlar, fizioterapevtlər məşğul olub. Artıq 35-40 ildir ki, tibdə yeni, alqologiya deyilən bir sahə mövcuddur və alqologiyanın məşğul olduğu tək sahə xroniki ağrı sindromlarıdır. Azərbaycanda isə bu sahə çox gəncdir, cəmi 6-7 ildir ki, alqologiya burada da mövcuddur və bu günə qədər xeyli müsbət nəticələr əldə olunub. Dünyada bu sahə ilə bağlı tətbiq olunan bir çox invaziv müdaxilələri bu gün biz də tətbiq edirik".

Alqoloq qeyd edib ki, heç bir səbəb olmadan da xroniki ağrının yaranması mümkündür. Bunlar daha çox psixoloji səbəbdən ola bilər. Bədəndə hər hansı somatik problem olmur, amma ağrı şikayəti yaranır: "Başda olan gərginlikləri, ağrıları buraya aid etmək olar. Xalq arasında əzələ bərkiməsi deyilən bir halın da hər hansı səbəbi olmaya bilər. Və ya bu ağrıların çox bəsit bir səbəblə bağlı olması mümkündür. Yəni bir şəxs gecə rahat yatmayıbsa, normal yuxu olmayıbsa, oksigensiz bir mühitdə qalıbsa, çox yayılan bir ağrının yaranması mümkündür. Daha çox yayılan ağrının da səbəbi olmaya bilər. Bu isə psixoloji, nevropatik ağrılar hesab olunur. Necə ki, bəzən insan kəsilən bir üzvün ağrıdığını hiss edir. Bu tibdə xəyalət ağrısı hesab edilir".

V. Abdulkərimov deyib ki, xroniki ağrıların ilkin müalicəsi, ağrıkəsici, əzələ yumşaldıcı üsullar hesab edilir: "Tibbi bərpa müalicəsini də buraya aid etmək olar. Bunlardan nəticə almayanda isə müalicə məqsədi ilə kiçik invaziv müdaxilələr tətbiq olunur.

Bu müdaxilələr hamısı narkozsuz, kəsiksiz, qansız aparılır. Ən sonda nəticə hasil olmayanda problemlə digər mütəxəssislər məşğul olur. Məsələn, bel yırtıqları ilə bağlı aparılan ağrı müalicəsinin əhəmiyyəti olmursa, burada artıq neyrocərrahların müdaxiləsinə ehtiyac yaranır. Ümumiyyətlə, bütün dünyada ağrı müalicəsi 60-80 faiz hallarda müsbət nəticəli hesab edilir".

Mütəxəssis "alqologiya ağrını aradan qaldırsa da, müalicə etmir" yanaşmalarına münasibət bildirərkən deyib ki, onlar bir çox hallarda ağrılarla bağlı problemi müalicə də edə bilirlər: "Məsələn, biz bir sıra hallarda xüsusi üsullarla bel yırtığı ilə bağlı xəstəliyi aradan qaldırmağa nail oluruq. Eləcə də damar mənşəli problemlərlə bağlı bunları deyə bilərəm".

V. Abdulkərimov onu da vurğulayıb ki, uzun sürən xroniki ağrılar həm də güclü depressiyalara səbəb olur: "Depressiya isə ağrıları daha da şiddətləndirir. Ona görə də biz belə xəstələrdə ağrı ilə yanaşı depressiya müalicəsi də aparırıq".

Xroniki ağrıların bir qisminin də miqrenlə bağlı olduğunu deyən mütəxəssis miqrenin müalicəsinin olmaması haqda fikirlərlə razılaşmadığını deyib: "Bu düzgün yanaşma deyil. Miqrenin damar mənşəli bir problem olduğu qəbul edilib. Bəzən miqrenin çox bəsit bir müalicə ilə də aradan qalxdığı hallar olur. Amma bəzən çox mürəkkəb müalicələrlə də nəticə əldə etmək mümkün olmur".

Həkim üzdə olan xroniki ağrıların daha çox üçlü sinir probleminə görə yarandığını deyib: "Bu ağrılar diş, çənə, gicgah problemləri ilə də əlaqədar ola bilər. Amma üz ağrıları ən çox üçlü sinir probleminə bağlı olur".

Alqoloq xroniki ağrılardan uzaq olmaq üçün oturaq həyat tərzindən mümkün qədər yayınmağı, fiziki aktivliyə üstünlük verməyi, idmanla məşğul olmağı tövsiyə edib.

APAtv