Ən böyük diaspor təşkilatımız ofisindən qovuldu – 6 milyon borc

8 Noyabr 2016 12:37 (UTC+04:00)

Bu barədə Lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, ÜAK hazırda Rusiya paytaxtında yerləşən "Bakı" kinoteatrının 2 kiçik otağına sıcınıb

"ÜAK son iki ildə ikinci dəfədir ki, ofisindən qovulur. ÜAK-ın ofisi əvvəl Moskvanın mərkəzində, "Svetnoy Bulvar" metrostansiyası yaxınlığında yerləşirdi. İcarə haqqı vaxtında verilmədiyindən Konqresi ofisindən çıxardılar. Daha sonra Moskvanın "Taqanskaya" metrostansiyası yaxınlığına, Verxnaya Radişevskaya, 5 ünvanını köçdülər. Burada isə 6 milyon rubldan (təxminən 95 min dollar) çox borc yarandı. ÜAK-ın ofisinin yerləşdiyi binanın sahibi hələ 1 ay əvvəl onlara ultimatum vermişdi ki, borclar ödənilsin. Amma nəinki ödənildi, əlavə borclar yarandı. Ötən həftə bina sahibi ÜAK-ı qovdu".

Mənbəmizin dediyinə görə, ÜAK aparatının işçiləri öz hesablarına məzuniyyətə buraxılıb. Aparatın bir neçə işçisi isə "Bakı" kinoteatrının yarıqaranlıq otaqlarına sığınıblar.


Lent.az-ın əməkdaşı məsələyə bağlı ÜAK-ın icraçı direktoru İlqar Hacıyevlə əlaqə saxlayıb. Direktor həqiqətən də ÜAK-ın "Taqanka"dakı binadan çıxarıldığını təsdiqləyib. Bəzi problemlər oldu. Buna görə, oranı tərk etdik. Hazırda müvəqqəti olaraq "Bakı kinoteatrına sığınmışıq" deyə, İlqar Hacıyev bildirdi.

Diasporla İş üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, ÜAK problemindən və baş verənlərdən xəbərdardırlar. "Məsələ tərəfimizdən araşdırılır, ümid edirik ki, problem öz həllini tapacaq".

AzNews.az