Suriya ilə bağlı əldə olunan razılaşmanın TƏFƏRRÜATLARI

5 May 2017 09:50 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Suriyada təhlükəsiz zonalarının yaradılmasına dair əldə olunan razılaşma bu gündən etibarən qüvvəyə minəcək.

Razılaşma ötən gün Qazaxıstanın paytaxtı Astanada Rusiya, Türkiyə və İran arasında əldə olunmuşdu.

Tərəflər Suriyada 4 müxtəlif yerdə təhlükəsiz zonanın yaradılması məsələsində ortaq məxrəcə gəliblər. Bu zonalar İdlib, Homs vilayətlərində, Quta şəhərində və Suriyanın cənubunda olacaq. Razılaşmaya əsasən, təhlükəsiz zonalar 6 ay müddətində yaradılmalıdır.

Sözügedən bölgələrdə heç bir silahdan istifadə olunmayacaq. Təhlükəsiz zonalarda infrasturktur bərpa olunacaq və bu bölgələrdə humanitar qurumlar fəaliyyət göstərəcək. Razılaşmanın icrası evlərindən qaçqın düşən insanların yenidən doğma yurdlarına qayıtmasına imkan yaradacaq.

Suriyanın Xarici İşlər Naziri ölkədə təhlükəsiz zonanın yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib. Həmçinin, müxalif qüvvələr də Astana razılaşmasına dəstəyini ifadə ediblər. Bununla belə, müxalifət İranın sülh zəmanətçisi rolunu təkzib edib.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı da razılaşmanı alqışladığını bəyan edib.

Suriya münaqişəsində Rusiya ilə İran Suriya hökumətini, Türkiyə isə Suriya müxalifətini dəstəkləyir.

Bəxtiyar Abbasov

AzNews.az