AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Sahib Ələkbərov turun nəticələrindən danışaraq deyib: “Çox yaxşı yarış oldu. İlk dəfə “Azərbaycan turu”nda bu qədər dəyişkən hava ilə üzləşdik. Yağış da yağdı, dolu da. Amma təbiət hadisəsi tura rəng qatdı. Əsas odur ki, komandalar bu yarışda həvəslə çıxış etdi. Gördüyünüz kimi, mərhələlər üzrə fərqli qaliblərimiz oldu. Yarışın texniki direktoru Roland Hoferə, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikova, polisimizə, yerli icra hakimiyyətlərinə və jurnalistlərə minnətdarlığımı bildirirəm”.
Ağsu mərhələsinin ilk dəfə tura salındığını xatırladan Sahib Ələkbərov bildirib ki, TV-lərdə çox gözəl mənzərələr nümayiş etdirilib: “Düşünürəm ki, dolaylar velosipedçilərin də xoşuna gəldi. Azərbaycanı dünyaya tanıtmaq mənasında daha bir addım atdıq. “Azərbaycan turu”na daha bir mərhələnin artırılması müzakirə olunur. İdmançılar Pirquludan qayıdandan sonra dincəlməyə getdi. Biz isə qonaqlarla Xızı dağlarına yollandıq. Həmin marşrut qonaqlarımızın çox xoşuna gəldi. Bu yollar yarış üçün çox əlverişlidir. Kəskin enişlər və yoxuşlar, sərt döngələr var. Gələn il çox maraqlı yarışın baş tutacağını düşünürəm”.
O deyib: “Bu nəticəni gözləyirdim. Komandamız gəncləşib və bu üzdən müəyyən çətinliklərlə üzləşmişik. Ancaq şadam ki, Kiril Pozdnyakov ümidlərimizi doğrultdu. Bu, hələ başlanğıcdır. Bu heyətlə daha böyük uğurlara imza atacağıq. Buna qədər iki dəfə komanda şəklində qalib gəlmişdik. Mənim üçün hər bir uğur şirindir. 6 pro-kontinental komandanın iştirak etdiyi yarışda, təcrübəli rəqiblərlə mübarizədə Kirilin 1-ci yeri tutması böyük uğurdur. Kiril məsuliyyətini hiss edən idmançıdır. Ona böyük ümidlərim var. Ancaq velosiped idmanı yalnız fərdi mübarizədən ibarət deyil. O, bu uğura təkcə özü yox, komanda üzvlərinin yardımı nəticəsində nail olub”.
Sahib Ələkbərov bildirib ki, ilk növbədə, idmançılar yetişdirməli və bazanı inkişaf etdirməliyik. Bunun üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Bu baxımdan dövlətin çox böyük dəstəyi var. “İrəliyə doğru addım-addım gedirik. “Synergy Baku”nun heyətinə güclü legionerlər cəlb oluna bilər. Biz bütün variantlara baxırıq. Amma, ilk növbədə, yerli idmançıları yetişdirməliyik. 2015-ci ilin mayında Prezident İlham Əliyev Veloparka gələndə heyətdə azərbaycanlı idmançı olub-olmadığını soruşdu. Mən də 16 idmançıdan 12-nin yerli velosipedçi olduğunu dedim. Dövlətimizin başçısı buna çox sevindi. Gənc velosipedçilərimiz yetişməkdədir. Bu yaxınlarda yeniyetmələr Polşadan yarışdan qayıdıblar. İlk dəfə bu turnirdə iştirak etmələrinə baxmayaraq çox yaxşı çıxış ediblər”, - deyə o vurğulayıb.
Aleksandr Qusyatnikov isə deyib: “İlk dəfə deyil ki, bu yarışda qonaq oluram. Yarış yüksək səviyyədə keçdi. Təşkilatçıların növbəti dəfə kateqoriyanı yüksəltmək haqda düşünəcəklərini fikirləşirəm. Bunun üçün hər cür imkanınız var. Əminəm ki, yaxın zamanlarda “Azərbaycan turu”nun kateqoriyası yüksələcək”.
Roland Hofer də təəssüratlarını bölüşərək bildirib ki, yarış çox gərgin mübarizə şəraitində keçdi: “Sevindirici haldır ki, qəzalar az oldu. Bu da velosipedçilərin inkişafından xəbər verir. Azərbaycan velosipedçisinin qalib gəlməsi gözlənilməz oldu. Ümumilikdə, “Azərbaycan turu” haqda çox müsbət fikir formalaşıb”.