Sözü gedən məktəbin direktoru İman Məmmədov AzNews.az-a açıqlamasında bildirib ki, müəllimə Gülxar Qazıyeva dərs prosesində deyil, kitabxanada ölüb:
“Müəllimənin diaqnostik qiymətləndirmə imtahanı hələ mayın 13-də keçiriləcəydi. Hadisə isə ayın 11-də baş verib. Əslində həqiqət belə olub. Gülxar müəllimə səhər tezdən dərsdə olub. Birinci dərs saatı başa çatdıqdan sonra arada iki saat boş olub. O, bu boşluqdan istifadə edib məktəbin kitabxanasına gedib. Orada kitab oxuduğu yerdə qəfildən halı pisləşib. Təzyiqi qalxıb, ona su və dərman veriblər. Baxıblar ki, vəziyyəti getdikcə kəskinləşir, həkim çağırıblar.”
İman Məmmədov qeyd edib ki, təcili yardım Gülxar Qazıyevaya köməklik göstərsə də onun vəziyyətində irəliləyiş hiss etməyib və buna görə də onu rayon xəstəxanasına aparıb: “Bir saat xəstəxanada ona köməklik göstərilib. Amma faydası olmayıb. Beyninə qan sızıb. Elə oradaca dünyasını dəyişib.”
Qax rayonunda 51 yaşlı müəllimə Gülxar Qazıyeva dünyasını dəyişib. Əvvəlcə müəllimənin dərs zamanı öldüyünü bildirsələr də, sonradan onun diaqnostik qiymətləndirilmə imtahanında həyəcandan vəziyyətinin dəyişdiyi barədə xəbər yayılıb.
Bahar RÜSTƏMLİ
AzNews.az