AzNews.az Azərtac-a istinadən xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarına həsr edilmiş sərgidə Azərbaycanın, eləcə də İslam dünyasının xalq musiqi alətləri nümayiş olunur.
Tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova çıxış edərək sərgi barədə məlumat verib. Bildirib ki, sərgidə muzeyin zəngin kolleksiyasından olan Azərbaycan və dünya xalqlarının milli musiqi alətləri nümayiş olunur. A.Bayramova İslam ölkələrinin səfirliklərinə müraciət etdiklərini və İndoneziya, Tacikistan, Misir, Qırğızıstanın Azərbaycandakı səfirliklərinin sərgidə nümayiş olunmaq üçün milli musiqi alətləri, audio və videomateriallar, kitablar, rəsm əsərləri təqdim etdiklərini vurğulayıb.
Sərgidə ümumilikdə 70 musiqi aləti nümayiş olunub.
İslam ölkələrinin Azərbaycandakı səfirliklərinin əməkdaşlarının iştirak etdiyi tədbirdə Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Dövlət Ansamblı və iranlı musiqiçilərin ifasında rəngarəng musiqilər təqdim olunub.