Ərdoğanın “3 arzusu” – Tramp Türkiyənin arzularını yerinə yetirəcəkmi?

16 May 2017 16:54 (UTC+04:00)

ABŞ prezidenti Donald Trampın Suriyada kürd üsyançıları silahlandırmaqla bağlı qərarı Türkiyənin qəzəbinə və narahatlığına səbəb olmuşdu.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, bugünkü görüşdə prezidentlər arasında əsas müzakirə mövzularından biri də məhz bu olacaq.

Amerikanın CNN telekanalı kürd üsyançıların silahlandırılması ilə bağlı qərarın dayandırılmasını Ərdoğanın “3 arzusu”ndan biri adlandırıb. Məqalədə qeyd olunur ki, Ərdoğanın digər 2 arzusu isə Suriya məsələsində Rusiya ilə münasibətlərinin yaxşılaşması və rəsmi Ankaranın terrorçu elan etdiyi Fətullah Gülənin Türkiyəyə təhvil verilməsidir.

Amerikanın silahlandırmaq istədiyi YPG kürd qruplaşmasını Ərdoğan terrorçu qruplaşma adlandırır.

“İnanmaq istəyirik ki, müttəfiqlərimiz terrorçu qruplaşmanın deyil, bizim yanımızda olmağa üstünlük verəcək” – deyə Ərdoğan qeyd edib.

Məqalədə o da qeyd olunur ki, Türkiyənin Rusiya ilə son bir ildə daha da yaxınlaşması Ankaranın Qərblə ittifaqda maraqlı olmadığını göstərir.

Məlumata görə, Ərdoğan Gülənlə də bağlı Trampa “sənədlər” təqdim edəcək.

Bəxtiyar Abbasov

AzNews.az