Hər kəs özünü dünənində və bu günündə söylədiyi fikirlərdə, sərgilədiyi əməllərdə ifadə edir. Elə adamlar da var ki, onları nə fikirlərində, nə də əməllərində “görmək” mümkün olmur. Belələri, el arasında deyildiyi kimi, gah nala vururlar, gah da mıxa, tez-tez cild dəyişirlər. Xarakterik haldır ki, bu qəbildən olan insanlar bir qayda olaraq populizm mövqeyində dayanırlar. Onlar sanki daim cəmiyyəti narahat edən hansısa yeni xəbərlər, hadisələr sorağındadırlar. Ümummilli narahatçılıq üçün əsas ola biləcək belə xəbərlərin sədası qulaqlarına dəyən kimi dərhal instinktləri işə düşür. Başlayırlar küləyin səmtinə uyğun “əqidə” nümayiş etdirməyə. Həmişə də ikibaşlı danışırlar ki, sabah vəziyyət dəyişəndə dərhal sözlərini geri çevirib desinlər: “Məni düzgün başa düşməyiblər, mən belə demək istəməmişəm...”
Söhbət bəlli simadan - Milli Məclisin deputatı Vahid Əhmədovdan gedir. O, qəzetlərə, saytlara tez-tez müsahibələr verməyi çox xoşlayır, vaxtaşırı televizor ekranlarında görünür. Lakin onun nümayiş etdirdiyi bu fəallığın müqabilində “Sən kimsən, Vahid Əhmədov?” sualının konkret cavabını tapmaq əsla mümkün deyil. Son 25 il - ötən əsrin 90-cı illərindən bu günümüzədək olan tarix orta və yaşlı nəslin şahidliyi ilə yazılıb. Bu müddətdə çox hadisələr baş verib, sular durulub, kimin kim olduğu üzə çıxıb, siyasətə yeni simalar gəlib, bəziləri isə, təbii ki, səhnədən gediblər. Vahid Əhmədovla bağlı məqamlar da yaddaşlardan silinməyib.
Respublikamızda məlum siyasi hadisələr baş verib. Vahid Əhmədov isə bir qayda olaraq öz havasını çalıb, mahnısını oxuyub və şəxsi mənini həmişə kölgədə saxlamağı bacarıb. Adam bir şəxsin hamının “dostu” olmasına heyrət etməyə bilmir. Bir baxın, keçmiş sovet rejiminin məmuru ötən əsrin 90-cı illərinin əvvəllərində xalq hərəkatının önündə gedən “azadlıq, müstəqillik” aşiqinə çevrildi, gah “mütəllibovçular komandasında” yer aldı, gah da “cəbhəçilər”in, “müsavatçılar”ın qanadının altına sığındı, onlardan vəzifə aldı. Son illərdə verdiyi açıqlamalardan da belə bəlli olur ki, onun siyasi əqidəsi yenə də möhkəmlənməyib, püxtələşməyib və hər zaman yeni bir dəstədə təmsil olunmağa hazırdır.
Keçmiş zavod direktoru hakimiyyətin yüksək eşelonuna necə yol tapdı?
Vahid Əhmədovun fəaliyyətinin ştrixlərinə nəzər saldıqda onun siyasi “portreti” göz önündə daha açıq şəkildə canlanır. İqtisadi “mülahizələrində” hər zaman sətiraltı da olsa təxribata meyillənmək, ara qızışdırılmasına xidmət etmək, arxasında heç bir nəzəri və praktik əsasın dayanmadığı halda hər şeyi qara rəngə boyamaq, bir sözlə, “zorən iqtisadçı” vəzifəsini həyata keçirmək Vahid Əhmədovun “iqtisadi-siyasi” fəaliyyətinin özəyini təşkil edib və hazırda da etməkdədir. Bu mənada, “yarımçıq və qərəzli iqtisadçılığı”nı özünə “siyasi zireh” edən Vahid Əhmədovun müstəqilliyin ilk illərində Azərbaycanın siyasi hakimiyyətinə necə yol tapması özü sual doğururdu. Bu, çox maraqlı bir detaldır və əslində prosesə nəzər saldıqda tarixi xronologiya özü V.Əhmədovun kimliyini ortaya qoyur. Zavod direktorluğundan o dövrün Nazirlər Sovetinə, yəni siyasi hakimiyyətinə yol tapmış V.Əhmədovun tərcümeyi-halına nəzər saldıqda onun bu gün “iqtisadi proqnozlar” verməyə mənəvi haqqının çatmadığının şahidi oluruq. Bu fikri doğuran əsaslı səbəblər mövcuddur.
Vahid Əhmədovun “siyasi elastikliyi”, bir sözlə, dövrün tələbinə uyğun olaraq lazımi formanı və rəngi alması kimi özəllikləri çoxlarına bəllidir. Bu şəxs özü də etiraf edir ki, ötən əsrin 90-cı illərinin əvvəlində kimin hakimiyyətə gəlmək ehtimalı olubsa, onunla arasını yaxşı edib. KİV-ə müsahibələrində, bir tərəfdən, Ayaz Mütəllibovla isti münasibətdə olduğunu deyən V.Əhmədov, digər tərəfdən də, AXC rəhbərliyi ilə aranı “düzəltdiyini” söyləyib. O, açıqlamalarının birində qeyd edirdi ki, nəinki Baş nazirin müavini olduğu zamanlarda, hətta zavod direktoru kimi də AXC-”Müsavat” cütlüyünə yaxından kömək göstərirmiş. Hətta 1992-ci ilin may hadisələri zamanı Mütəllibov AXC ilə danışıq aparmaq üçün məhz Vahid Əhmədovu “göndəribmiş”. İkincinin dediyinə inansaq, o, bu danışığa gecikib. Amma sonradan vəzifə nərdivanında yüksəlməsi onun bu görüşə təsadüfən və ya qəsdən gecikmə ehtimallarını gündəmə gətirir. Hər halda, bu gecikmənin ardından Vahid Əhmədov daha yüksək vəzifə ilə “ödülləndirilir”... Bu haqda bir az sonra...
Kiçik bir xatırlatma edək ki, Sovet İttifaqının “həyatda olduğu” son illərdə Vəzirov, ardından Mütəllibov komandasının əziz-xələflərindən sayılan V.Əhmədov post-Mütəllibov dövründə, yəni aşkar siyasi böhranın yaşandığı zamanda - 1992-ci ilin aprel ayının 23-də Baş nazirin müavini vəzifəsinə təyin edilib və o dövrün Baş nazir əvəzi olan Firuz Mustafayevin rəhbərliyi altında işləyib. Qısa müddətdən sonra, həmin ilin may ayında AXC-”Müsavat” cütlüyünün silah gücünə hakimiyyəti zəbt etməsinin ardından Vahid Əhmədov digər həmkarlarından fərqli olaraq vəzifəsindən uzaqlaşdırılmayıb. Əksinə, birinci müavin təyin olunub. Təsəvvür etmək çətin olsa da... O baxımdan ki, həmin dövrdə AXC-”Müsavat” hakimiyyəti nəinki ölkə rəhbərliyində, hətta məktəb direktorluğunda belə keçmiş kadrların qalmasına imkan vermirdi. V.Əhmədovun hansı xidmətləri qarşılığında işdən çıxarılmaması, əksinə, daha da “irəli çəkilməsi” isə maraq doğuran məsələdir. Öz işinin peşəkarı sayılan onlarla şəxsin birbaşa düşmən elan edilərək “silindiyi” zamanda zavod direktorluğundan 2 il ərzində Nazirlər Sovetinə yol tapan Əhmədova edilən “etimad” olduqca şübhəlidir.
Qısacası, Rəhim Hüseynovun, Pənah Hüseynovun, Əli Məsimovun və Surət Hüseynovun Baş nazirliyi dövründə, 1993-cü ilin dekabr ayına qədər Baş nazirin birinci müavini vəzifəsini daşıyan V.Əhmədov Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edildi. Azərbaycan Respublikasının Milli Məclisi 6 yanvar 1994-cü il tarixində Vahid Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad olunmasına razılıq verdi...
Vahid Əhmədov 1992-93-cü illərdə Azərbaycan iqtisadiyyatının çöküşündə birbaşa rol oynayıb
V.Əhmədovun “rəngarəngliklər”lə dolu olan, sürətlə qalxan və enən siyasi karyerasının xronologiyası qədər onun “məziyyətləri” də maraq doğurur. Belə ki, Vahid Əhmədovun o dövrdəki Baş nazirin müavini (iqtisadi məsələlər üzrə - bunu xüsusilə vurğulamaq lazımdır) kimi “fəaliyyəti”nə bir neçə rakursdan baxış sərgiləmək gərəkdir.
Bu məqamlara keçməmişdən öncə xırda bir haşiyəyə çıxaq. Vəzifədən azad edildikdən uzun zaman sonra, yəni 2000-ci illərdə yenidən siyasi kluarlarda epizodik şəkildə görünən V.Əhmədov 1992-93-cü illərdə AXC-”Müsavat” hakimiyyətinin Azərbaycan iqtisadiyyatını çökdürdüyünü, məhv etdiyini, səriştəsiz kadrları rəhbər vəzifələrə gətirməklə ölkənin sənaye potensialını yerlə yeksan etdiyini deyirdi. O bildirirdi ki, “cəbhəçilər”in qısa hakimiyyəti dövründə rayonlarda fəaliyyət göstərən zavod və fabriklər öz işini dayandırmaq məcburiyyətində qaldı, cihazlar və on illiklər ərzində quraşdırılmış dəzgahlar xaricə daşınaraq satıldı. Amma bir neçə abzas yuxarı baxsaq, V.Əhmədovun qeyri-səmimiliyinin şahidi olmamaq mümkün deyil. Çünki onun rəhbəri olmuş Firuz Mustafayev və Rəhim Hüseynov rəhbər kimi heç bir siyasi çəkiyə malik deyildilər. Zəif iradələri, təsadüfi seçim, ən əsası isə, 90-cı illərin beynəlxalq və daxili iqtisadi münasibətlərinin tənzimlənməsi prosesindən xəbərsizlikləri həmin şəxsləri aciz hala salmışdı. Əli Məsimlinin cəmisi bir ay sürmüş epizodik Baş nazir əvəzediciliyinin ardından bu vəzifəni daşımış Pənah Hüseynovla Surət Hüseynova gəldikdə isə, vəziyyət daha da “dramatik” hal aldı. Onların siyasi-iqtisadi savadı, dünyagörüşü ilə bağlı məqamlar yalnız lətifələrdə yer almaqdadır. Nəzərə alsaq ki, Vahid Əhmədov birinci müavini olduğu Baş nazirlərin dövründə iqtisadi məsələlərə konkret olaraq cavabdeh şəxs olub, demək ki, baş verənlərdə birbaşa məsuliyyət daşıyır. Yəni istər post-Mütəllibov dövründə, istərsə də AXC-”Müsavat” hakimiyyəti zamanında Azərbaycan iqtisadiyyatının talanmasında, zavod və fabriklərin bağlanmasında, müəssisələrin dağıdılmasında, qurğuların və dəzgahların xarici ölkələrə daşınaraq su qiymətinə satılmasında Vahid Əhmədov ya şəxsən iştirak edib, ya da prosesə göz yumub. Hər iki halda Azərbaycan iqtisadiyyatının 1992-93-cü illərdə məhv olmasında Vahid Əhmədovun böyük “rolu” var. Birbaşa həmin sahəyə cavabdeh şəxs kimi...
Vahid Əhmədovun reabilitasiya cəhdləri: keçmişə süngər, “YES”ə kəmənd...
Qeyd etdiyimiz kimi, 1993-cü ilin dekabrında Baş nazirin müavini postu ilə vidalaşan Vahid Əhmədov uzun bir müddətdə siyasi palitrada görünməz oldu. Həmin dövr ərzində, onun öz məntiqinə görə, reabilitasiya dövrü keçən V.Əhmədov qısa zamanda yolunu, istiqamətini müəyyənləşdirməli idi. O zamanlarda hətta “suyu belə üfürə-üfürə içən” Əhmədov yalnız beynəlxalq müstəvidə, hamıya bəlli olan iqtisadi məsələlərlə bağlı primitiv mülahizələr irəli sürməklə yadda qalmağa çalışırdı. Bununla o, 1992-93-cü illərdəki “iqtisadi dağıdıcılıq” nəzəriyyəsinə əsaslanan fəaliyyətinin üstünə pərdə sərməyə çalışırdı.
Həm AXC-”Müsavat” hakimiyyətinin silah zoruna iqtidardan uzaqlaşdırdığı komandada, həm də AXC-”Müsavat” komandasında təmsil olunan V.Əhmədov bir də aktiv siyasətə 2005-ci ildə “qədəm” basdı. Hər kəsin ironik şəkildə “YES(t)” (“oldu, baş üstə” anlamında) adlandırdığı “Yeni Siyasət” adlı seçki bloku ilə parlament seçkilərinə qatılan Vahid Əhmədovun həmtəsisçisi olduğu bu blok bəzi xüsusiyyətləri ilə seçilirdi.
İlk olaraq vurğulayaq ki, bu seçki blokunun adı istər siyasi kluarlarda, istərsə də o dövrün KİV-ində gülüş, ironiya obyektinə çevrilmişdi. “YES”in xarici ölkələrlə əlaqəsi ilə bağlı fikirlər səslənirdi. Ən maraqlısı isə orada təmsil olunan şəxslərin kimliyi idi. Siyasi baxımdan bir-birinə qarşı ziddiyyət təşkil edən şəxslərdən ibarət “YES”çilərin arasında Ayaz Mütəllibovun namizədliyinin müdafiəsi üçün “mübarizə” aparanlardan başlamış, sonradan “Milli şura” adlanan qondarma qurumda dövlətimizə, xalqımıza qarşı xəyanətkar, satqın mövqedə dayananlara qədər hər kəs vardı. Eldar Namazov, Eldəniz Quliyev və digərlərinin də yer aldığı bu blokun “həmtəsisçisi” olan Vahid Əhmədovun məqsədi isə tamam fərqli idi. O, ətrafındakılardan tramplin kimi istifadə edirdi. Öz məqsədinə çatmaq, yenidən aktiv siyasi fəaliyyətə qoşulmaq, cəmiyyət tərəfindən real siyasi sima kimi tanınmaq, ən əsası, ciddi şəxs kimi qəbul olunmaq üçün ətrafındakılara yağlı vədlər verən Vahid Əhmədov hətta vaxtaşırı həmin dövrün “Azadlıq” bloku ilə “vahid müxalifət” eyforiyasına qapılır, müzakirələr açırdı... Necə deyərlər, hərəyə bir söz verən Vahid Əhmədov daha da irəliyə gedərək guya ətrafında “siyasi blok” yaradacağı ilə bağlı proqnozlar irəli sürürdü. Təbii ki, V.Əhmədovun bu siyasi mülahizələri də iqtisadi mülahizələri kimi bir anda sabun köpüyü kimi partladı. Onun əsl kimliyi o dövrdəki dostlarının dili ilə bir daha etiraf olundu...
Eldəniz Quliyev: Vahid Əhmədovun deputat seçildiyi “YES” bloku ilə bağlı bildirdikləri ziyalıya və millət vəkilinə yaraşan açıqlama deyil
Qeyd etdiyimiz kimi, Eldar Namazov, Eldəniz Quliyev və digər “dostları” deputat seçilən kimi özünü başqa “meydançada” görən V.Əhmədovun düşməninə çevrildilər. “YES” bloku isə birinci elə V.Əhmədovun özünün lağ obyektinə çevrildi. V.Əhmədov bloku ironiya ilə “belə yerlər” adlandırdı. Bu isə Vahid Əhmədovla eyni səfdə yol gedənlərin etirazına səbəb oldu. Məsələn, Eldəniz Quliyev KİV-ə açıqlamasında bildirmişdi ki, V.Əhmədov hansı blokdan millət vəkili seçildiyini unudub: “O “belə yerlər” dediyi blokdan millət vəkili seçilib. Belə çıxır ki, sabah millət vəkili seçildiyi Qubanı da unudacaq. Onun “YES” bloku ilə bağlı bildirdikləri ziyalıya və millət vəkilinə yaraşan açıqlama deyil. V.Əhmədov blok yaradıldıqdan sonra ora gəlib. Belə çıxır ki, deputat olmaq üçün bloka gəlmişdi. Bu, siyasətin o qədər də əxlaqlı olmadığı fikrini bir daha mənə xatırlatdı...”.
E.Quliyev bildirmişdi ki, “YES” parlament seçkisi ilə əlaqədar olaraq yaradılmışdı və blokun reanimasiyası düzgün strategiya olmaz: “Və “YES” dönüb “net” oldu”...
Yəqin ki, artıq şərhə ehtiyac qalmır. E.Quliyev açıq şəkildə onun yalnız deputat seçilmək üçün bu bloka üz tutduğunu təsdiqləyib. Demək ki, hələ o dövrdən bu yana V.Əhmədov yalnız öz maraqları üçün çalışır və bu yolda hər işə əl atmaq iqtidarındadır.
Yarımçıq iqtisadçının özünü doğrultmayan gülünc proqnozları
O ki qaldı Vahid Əhmədovun özünü cəmiyyətə iqtisadçı ekspert qismində təqdim etməsinə, Milli Məclisdə iqtisadi sektora aid aparılan müzakirələrdə bir qayda olaraq fəallıq göstərməsinə, onun fəallığı, “iqtisadçılığı” primitiv təkliflər verməkdən və narazılıq ifadə etməkdən uzağa getmir. Ölkədə ötən ilin əvvəlindən başlayaraq meydana çıxan yeni çağırışlara adekvat islahatlar aparılır. İqtisadi sektorun müxtəlif istiqamətlərini əhatə edən bu islahatlar artıq səmərə verməyə başlayıb və iqtisadiyyatımızda sabitlik təmin olunub. Ancaq gəlin millət vəkili Vahid Əhmədovun zamanında nümayiş etdirdiyi çabalamaları yada salaq. O, Milli Məclisin tribunasından, saytlardan, qəzet səhifələrindən başlanan islahatlara qarşı əsassız arqumentlər irəli sürür, müxtəlif iqtisadi “nəzəriyyələrlə” islahatların əhəmiyyətini, lazımi səmərə verməyəcəyini və yaxud islahatların icra mexanizmlərinin düzgün olmadığını “əsaslandırmağa” çalışırdı. Vahid Əhmədovun vurnuxmalarından asılı olmayaraq ölkəmizdə islahatlara başlanıldı, dəyişikliklər də göz qabağındadır. Dəyişməyən isə Vahid Əhmədovun xislətidir. O yenə də atəş hədəfi axtarır, narazılığını ifadə edir. Vahid Əhmədov özünü hamıdan ağıllı göstərməyə çalışaraq iqtisadi inkişafın permanentliyi, islahatların tədricən səmərə verməsi kimi hər kəsə bəlli olan sadə həqiqətləri də cəmiyyətə tənqidi notlarla çatdırmağa səy göstərir. O, böhrandan sonrakı ilk vaxtlarda əldə olunan uğurlara, çətinliklərin tədricən dəf edilməsinə hiss olunacaq bir qısqanclıqla yanaşaraq yenə də ağ paltardakı qara ləkələrdən bəhs edir. Ondan soruşmaq istəyirsən: Kim daha böyük nəticələrin əldə olunmasını istəmir? Məgər dövlətin siyasi iradəsi ona yönəlməyibmi ki, Azərbaycan qlobal böhranın təsirini daha az hiss etsin və ölkəmiz xarici mənfi təsirlərə daha artıq dərəcədə müqavimət göstərə bilsin? Vahid Əhmədov qlobal iqtisadi proseslərdən o dərəcədəmi bixəbərdir ki, Azərbaycanın indiki şəraitdə qazandığı uğurları şübhə altına alsın? Məgər “iqtisadçı ekspert” bilmirmi ki, indiki kataklizmlər dövründə iqtisadiyyatda miqyası kiçik rəqəmlərlə ölçülsə də, hansısa uğurlara imza atmaq çox çətindir? Bəs Vahid Əhmədov niyə ağzına su alaraq qlobal reytinq agentliklərinin Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyini yüksək qiymətləndirmələrindən, ölkəmizdə 2017-ci, 2018-ci və 2019-cu illərdə ümumi daxili məhsul istehsalının artacağını proqnozlaşdırmalarından bir kəlmə də olsun danışmır? Məgər Vahid Əhmədov müqayisələr apara bilmir?
Vahid Əhmədovun qeyri-iqtisadi məntiqə söykənən açıqlamaları iqtisadi təxribatdır
Əlbəttə, Vahid Əhmədovun “menyusunda” iqtisadi perspektivlərlə bağlı “proqnozlar” da saysız-hesabsızdır. Sanki xarici mənfi təsirlərin yaratdığı və bir çox çətinliklərlə müşayiət olunan şəraitdə onun əlinə fürsət düşüb - hamını qaralayır, böhran meyillərinin dərinləşəcəyini deyir, ölkənin, əhalinin çıxılmaz vəziyyətə düşəcəyinin anonsunu verir... Lakin Vahid Əhmədovun proqnozlarının yeganə “əsası” varsa da, o da yenə də populizmdir. Onun dediklərində zərrə qədər də olsa, elmi-iqtisadi əsaslandırma yoxdur. O, ənənəvi ampluasında qalaraq heç nəyə yaramayan proqnozları ilə insanlarda bədbinlik yaratmağa, cəmiyyəti ümidsizliyə sürükləməyə çalışır.
Ötən il Azərbaycanda devalvasiyadan sonrakı mərhələdə görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında ciddi sabitləşmə meyllərinin müşahidə olunduğu bir vaxtda görünür, proseslərin bu cür müsbət məcrada inkişafı Vahid Əhmədovu narahat edib ki, o, ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün dərhal növbəti bədbin “proqnozunu” dövriyyəyə buraxdı. Vahid Əhmədov ötən ilin dekabrında verdiyi açıqlamasında doların 2 manata qədər bahalaşacağını (?) bildirmişdi. Budur, aradan 6 aya qədər vaxt keçib və V.Əhmədovun arzuladığı bahalaşma dalğasından söhbət belə gedə bilməz. Əksinə, son dövrlərdə manatın dollara nəzərən möhkəmlənməsi prosesi müşahidə edilməkdədir.
Yaxud Vahid Əhmədovun ötən ilin noyabr ayında guya 2017-ci ilin daha çətin və ağır il olacağı ilə bağlı cəmiyyətdə narahatçılıq yaratmaq məqsədilə səsləndirdiyi fikirləri də bumeranq effekti kimi özünə qayıtmaqdadır. Çünki 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Bunu sözügedən dövrdə iqtisadi prosesləri ifadə edən rəqəmlər də təsdiqləyir. Məsələn, cari ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub. Bu dövrdə kənd təsərrüfatı 3,5 faiz artıb. Birinci rübdə ölkəmizin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 38,5 milyard dollardır. Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz artıb.
Göründüyü kimi, V.Əhmədovun bu proqnozu da boş çıxıb. Bu kimi fikirlərin gündəmə gətirilməsi şübhə yoxdur ki, özünü ekspert adlandıran şəxsin iqtisadi sahədəki biliklərinin kasadlığından irəli gəlməklə yanaşı, həm də bir daha onun təxribatçı fəaliyyətinin ifadəsi kimi də qəbul oluna bilər.
Tarixdən də bəlli olduğu kimi, ziyalılar, nüfuz sahibi olan insanlar cəmiyyətdə həmişə aparıcı, stimulverici bir qüvvə kimi çıxış ediblər. Onlar inkişafın hansısa çətin dönəmlərində milli mənafe naminə səfərbər olunaraq reallığı düzgün qiymətləndirməklə cəmiyyəti pozitiv əhval-ruhiyyəyə kökləyiblər, insanları bədbinliyə qapılmağa qoymayıblar. Özünü iqtisadçı ekspert sayan Vahid Əhmədovun timsalında isə biz qeyri-ciddi, heç bir iqtisadi əsaslandırması olmayan populist açıqlamaları ilə insanları çaşdıran təxribatçı bir simanın şahidi oluruq. Azərbaycan cəmiyyəti çox haqlı olaraq onun daşıdığı yüksək statusu ilə bir araya sığmayan təxribatçı çıxışlarını qətiyyətlə pisləyir.
“Yeni Azərbaycan”