Azərbaycanda pomidor niyə ucuzlaşıb?- Rəsmi açıqlama

20 May 2017 13:21 (UTC+04:00)

AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən gün bir sıra KİV-də ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin - konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.

DGK bildirir ki, hazırda Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur.

Son 2 gün ərzində şimal sərhədindən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib.

DGK onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə həllini tapır.