AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 2-ə təyin edilib.
Təqsirləndirilən şəxs qismində ibtidai istintaqa ifadə verən Aygün Bəylərin qardaşı Abbas Hümmətov özünü təqsirli bilməyib. O, istintaqa verdiyi ifadəsində qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olub. Tanışları Fuad Məmmədzadə, Cavid Alxazov, Elmir Alxazov, Ramil Əsirov və Elnur Əsirovla Qala qəsəbəsində yaşayıb dostluq edib: "Marixuana əkib-becərən tanışlarımı evlərinə taksi ilə aparmışam. Buna görə onlar pul əvəzinə mənə çəkməyə marixuana veriblər. 2013-cü il iyun ayının əvvəllərində Fuad Elnur Hümmətovun əkilmiş narkotik vasitəni oğurlamaq istədiyini və ya bu barədə polisə məlumat verəcəyini dedi. Fuad Elnurun bu hərəkətinin qarşısını almaq lazım gəldiyini, buna görə də Elnuru öldürməyi təklif etdi. Mən və Elmir Fuadın bu təklifinə qarşı çıxdıq. Elnuru öldürmək deyil, sadəcə əl-qolunu bağlayaraq hədə-qorxu gəlməyi təklif etdik. Hadisə günü Fuadı saat 10-11 radələrində şəhərdən götürdüm və Qala qəsəbəsindəki Cavidin evinə gətirdim".
İfadəsini davam etdirən Abbas Hümmətov bildirib ki, evə daxil olan kimi Fuad onu skoç almağa göndərib: "Qala qəsəbəsindəki mağazadan skoç alıb geri gəldim. Evə gəldikdə Fuadla Elmirin Elnur Hümmətovu öldürdüklərini, meyitini zibil torbalarına bükdüklərini gördüm. Yapışqanlı lenti onlara verdikdən sonra orada dayana bilmədim, birbaşa evimizə gəldim. Axşam Fuad mənə zəng edərək bağa çağırdı. Gecə bağa gəldikdə artıq meyitin basdırılaraq üstünə beton töküldüyünü gördüm. Fuad yorulduqları üçün meyitin basdırıldığı yerdə qalaqlanmış torpağı bellə ətrafa səpələməyi mənə tapşırdı. Mən də qalaqlanmış torpağı həyətə yaydım. Fuad məni təhdid elədi və bildirdi ki, bunu kiməsə danışsam mənim də sonun belə olacaq. Qorxumdan heç kimə bu barədə deməmişəm".
Digər təqsirləndirilən Fuad Məmmədzadə ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, Elmir Alxazovla sinif yoldaşı olub: "2012-ci ilin sonlarında Elmir bir ev tapıb, marixuana yetişdirib, pul qazanmağı təklif etdi. Sonra Elmir məni Abbasla, Abbas isə Ramil, Cavid, Ramilin qardaşı Elnur, mərhum Elnur Hümmətovla tanış etdi. İnternet vasitəsi ilə bir sayta girməklə kod adı "AK-48" adlanan marixuana toxumlarını İngiltərə və Hollandiyadan öz adıma sifariş etdim. Metronun "28 May" stansiyasının yaxınlığında yerləşən "Kapitalbank"ın filialında toxumun bir paketinə 350 avro ödədim. Marixuana toxumlarını isə "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "AZ 1102" indeksli poçt şöbəsindən götürdüm. İnternetdən öyrəndiyim qaydada toxumları bir gün suda islatdım, hər dibçəyə bir toxum əkdim. 25 ədəd dibçəkdə olan narkotik vasitəni sarı işıq verən projektorun altında becərdim.
Ramil, onun qardaşı Elnur, Abbas, Cavid və Elnur Hümmətov həmin evdə növbə ilə qalıb, bitkilərə nəzarət ediblər. Narkotik vasitəni əkib-becərməyimizdən bizdən başqa heç kəs bilməyib".
Təqsirləndirilən şəxsin ifadəsinə görə, may ayının əvvəllərində marixuana əkməkdə şərikləri olan Elnur Hümmətov öz əsgərlik məsələsini həll etmək adı ilə ondan 500 manat borc alıb: "Bundan sonra bir müddət Elnur bizdən gizləndi. Günlərlə Elnuru tapa bilmədik. Bu səbəbdən onun bizi sata bilməsi şübhəsi yaratdı. Sonradan Elnurun yetişən kimi marixuananı oğurlayacağını, bizi polisə satacağını eşitdim. Buna görə də digər uşaqlara Elnurla ciddi söhbət etməyi təklif etdim".
Fuad Məmmədzadə ifadəsində həmçinin Elnur Hümmətovu narkotik vasitə əkidikləri evə gətirmələrindən, sonra onu öldürmələrindən danışıb: "Ramil və onun qardaşı Elnur dəsmalı Elnur Hümmətovun boğazına dolayaraq boğdular. Bu zaman Elnurun səsi kəsildi. Onun öldüyünə əmin olduqdan sonra meyiti torbalara yağdıq. Saat 16 radələrində Abbas avtomobillə Cavidi evə gətirdi. Cavid meyiti həyətdə basdırmağımızı təklif etdi. Təxminən gecə saat 12 radələrində quyu qazaraq, meyiti orada basdırdıq, üstünü də betonladıq".
Fuad Məmmədzadənin sözlərinə görə, Abbas vəd etdiyi kimi becərdikləri maruxuananı 150 kibrit qutusunda qablaşdırıb: "Hər bir qutunu 70 manata satdıq. Əldə edilmiş 15 min manat puldan mənə 2 min manat verildi. Qalan pul isə qrupun digər üzvləri arasında bölüşdürüldü. Həmin puldan Elnur Hümmətovun kreditini də ödəmişəm".
Qeyd edək ki, dəstə üzvləri 2013-cü ilin fevral-mart aylarında Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivində yerləşən evdə narkotik vasitə əkib, pul qazanmaq barədə razılığa gəliblər.
Bu məqsədlə Fuad Məmmədzadə internet vasitəsi ilə Hollandiya və İngiltərədən 350 avro dəyərində marixuana toxumlarını əldə etdikdən sonra 25 ədəd dibçək və torf alaraq Abbas Hümmətovun idarə etdiyi "VAZ-210" markalı avtomobillə Cavid Alxazovun Qala qəsəbəsində yerləşən evinə gətiriblər.
Təxminən iki ay sonra onların narkotik vasitələri əkib-becərməsi barədə Elnur Hümmətovun hüquq-mühafizə orqanlarına məlumat verməyindən şübhələniblər. Bu məqsədlə son zamanlar onlardan kənar gəzən Elnur Hümmətovu axtarmağa başlaylıblar.
Mayın 21-də onlar Elnur Hümmətovu taparaq narkotik vasitələri əkdikləri evə gətirib orada saxlayıblar. Ertəsi gün Elnurun qaçmağa cəhd etdiyini görən dəstə üzvləri onu öldürmək qərarına gəliblər.
Onlar Elnur Hümmətovu boğaraq öldürüb, sonra quyu qazaraq meyitini orada basdırıblar. Quyunun üstü açılmasını deyə ora beton da töküblər.
Dəstə üzvləri həmin ilin iyul-avqust saylarında yetişdirdikləri 40 kiloqram marixuananı qurudaraq 15 min manata satıblar.
Elnur Hümmətov 2013-cü ilin iyunun 16-dan polisdə itkin düşmüş kimi axtarışda olub. 2016-cı ilin avqustun 30-da Suraxanı rayon Polis İdarəsi və rayon prokurorluğunun həyata keçirdiyi əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Elnur Hümmətovun qətlə yetirildiyi müəyyən edilib. Hadisə yerinə birgə baxış keçirilib və Elnur Hümmətovun meyitinin qalıqları basdırıldığı yerdən eskumasiya olunub.
Xatırladaq ki, tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.